"Görünür, hansısa məktəbdə qəbulla bağlı sui-istifadə hallarına yol verilib ki, millət vəkili bunu dilə gətirib" — AÇIQLAMA
23-04-2024, 19:28
231

"Görünür, hansısa məktəbdə qəbulla bağlı sui-istifadə hallarına yol verilib ki, millət vəkili bunu dilə gətirib" — AÇIQLAMA

Deputat Siyavuş Novruzov parlamentdə birinci sinifə qəbul qaydalarından narazılığını bildirib. O deyib ki, vətəndaş övladını evinə yaxın məktəbə gətirir, lakin birinci sinifə qəbul olunmaq üçün müsabiqə keçirirlər. Millət vəkilinin fikrincə, məktəblərin bu cür qanunları təhsilə maneə törədir.

TehsilForumu.Az xəbər verir ki , Məsələyə təhsil eksperti Nadir İsrafilovun yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən uşaqların I sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (hər növbəti ilin fevral ayının 1-dən) başlayaraq həyata keçirilir:

"Nümunəvi Nizamnamənin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Məktəbə qəbul uşaqların valideynləri, övladlığa götürənləri və ya qəyyumları tərəfindən bu Qaydaların 2.4-cü bəndində göstərilən ərizə və ona əlavə olunan sənədlərin kağız və ya elektron formada bilavasitə, poçt və ya internet vasitəsilə məktəbə təqdim edilməsi ilə yolu ilə aparılır. Ərizədə uşağın yaşadığı ünvan, təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir. Qəbul elektron formada aparıldıqda təqdim edilən elektron ərizə və sənədlərin skan edilmiş surətləri məktəbə göndərildikdən sonra onların kağız forması təqdim olunmalıdır". Ekspert qeyd edib ki, uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz:

"Əksinə, məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqlar üçün proses daha da asanlaşıb. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Yəni, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri birinci sinfə qəbul zamanı məktəb seçimində sərbəstdir. Belə ki, onlar uşağının birinci sinfə məktəbəhazırlıq keçdiyi məktəbdə deyil, arzuladığı başqa məktəbdə getməsinə də qərar verə bilər. Məktəbəhazırlıq şəbəkəsinin ildən-ilə artan dinamikası məktəbəhazırlıq qruplarının dövlət hesabına olması ilə əlaqədardır".

N.İsrafilov elektron xidmətlərin təşkili ilə qəbulun həyata keçirilməsini kifayət qədər müsbət addım kimi dəyərləndirib:

"Bu zaman valideynlər məktəbi və hətta müəllimi belə seçə bilərlər. Birinci sinfə qəbulda 10 ildir ki, tətbiq edilən və ildən-ilə əhatə dairəsi genişləndirilən elektron sistem xeyli aktivləşdirilib. Bununla belə elektron xidmətlərin göstərilməsi zamanı ortaya müəyyən problemlərin çıxması halları da istisnalıq təşkil etmir. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara da I sinfə şagird qəbulu valideynin elektron ərizəsi əsasında qeydiyyat yolu ilə həyata keçirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyaların I sinfinə ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin və yaxud qanuni nümayəndələrin uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Təhsil Nazirliyi valideynlərin imkanlarını və yarana biləcək problemlərini nəzərə alaraq evində internet çıxışı olmayan valideynlər üçün ayrı-ayrı ərazilər üzrə xeyli sayda qeydiyyat mərkəzləri yaradıb. Bu mərkəzlərdə məsul şəxslər valideynllərə nəinki şərait yaradir, hətta qeydiyyatdan keçməkdə kömək də göstərirlər".

Ekspert əlavə edib ki, rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim aparılır:

"Yerləşdirilmədə qəbul prosesində daha tez müraciət edənlərə üstünlük verilir. Gec müraciət edənlərin istəyi əgər sinifdə yer varsa, müsbət dəyərləndirilir. Əks halda, onlara başqa yaxın məktəblərə getmək tövsiyə edilir. Yerləşdirmə zamanı ilk növbədə xidməti ərazidə yaşayanlara üstünlük verilir. Valideyninin çalışdığı, ya da  bacı və ya qardaşının oxuduğu məktəbdə oxumaq istəyən uşaqlar üçün də bu, yerləşdirmə zamanı üstünlük sayılir. Dövlət hesabına olan ümumtəhsil məktəblərində təhsilin icbariliyi təmin edilır və hər hansı bir imtahandan sohbət gedə bilməz. Görünür, hansısa məktəbdə qəbulla bağlı sui-istifadə hallarına yol verilib ki, millət vəkili bunu dilə gətirib. Bununla belə hesab edirəm ki, hansısa məktəblə bağlı və ya texniki problem ümumi problem sayıla bilməz. Qayda pozuntuları ciddi araşdırılmalı, Apelyasiya Komissiyasında müvafiq qərar qəbul edilməlidir". 

0 0

Şərhlər

Oxşar xəbərlər