Şəhid adını yaşadan sinif ...
22-08-2022, 10:30
743

Şəhid adını yaşadan sinif ...

 
Şəhər 4 saylı tam orta məktəb Göyçay rayonunun ən qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin məzunları arasında elə görkəmli şəxsiyyətlər var ki, onların adı yalnız rayon əhalisi tərəfindən deyil, bütün ölkə əhalisi tərəfindən fəxrlə çəkilir.
          

. Öz qısa ömründə Azərbaycan poeziyasında yeni cığır açmış nadir istedad sahibi şair               Əli Kərim, tanınmış şair İskəndər Coşqun, görkəmli uşaq yazıçısı, şair-dramaturq Əli Səmədli, tanınmış sənətşünas alim, Azərbaycan Milli Akademiyasının müxbir üzvü İnqilab Kərimov, Ədliyyə generalı Oqtay Maqsudov və adını çəkmədiyimiz onlarla elm, sənət adamı şəhər 4 saylı məktəbin məzunudur.
Məktəbin məzunları arasında onlarla elmlər doktoru və elmlər namizədi tanınmış müəllim, həkim, mühəndis, hüquqşünas, yazıçı, publisist və digər peşə sahibləri vardır.


Məktəb 20 yanvar şəhidi Mehman Muradovun adını daşıyır. O da 4 saylı tam orta məktəbin məzunudur və Azərbaycanın istiqlaliyyəti uğrunda ayağa qalxan neçə-neçə Vətən oğlunun dəyanətinin sınağa çəkildiyi 1990-cı ilin 20 yanvar gecəsində qəhrəmanlıqla şəhid olmuşdur.


Məktəbin məzunları arasında Azərbaycan Ordusu sıralarında torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılan, ölüm-dirim sırasına girən onlarla qəhrəman oğullar vardır. Həmin igidlərdən biri də 2020-ci ildə Azərbaycan xalqının, dövlətinin şanlı qələbəsi ilə başa çaatan 44 günlük müharibədə şəhid olan Elşən Nuruzadədir.
2021-ci il 27 sentyabr ...


Bu tarix 4 №li tam orta məktəbin VII sinif şagirdlərinin yaddaşına əbədi olaraq yazıldı. 
Həmin gün Göyçay rayonu üzrə ilk olaraq VII sinfə şəhid Elşən Nuruzadənin adı verildi. Sinifdə 27 nəfər şagird təhsil alır. Sinfin rəhbəri Göyçay rayonunda pedaqoji ictimaiyyət, əksər valideynlər tərəfindən yaxşı tanınan fədakar müəllim və istedadlı rəssam Səkinə Mürsəlovadır. Onu Göyçayda, demək olar ki, tanımayan yoxdur. Səkinə müəllimənin incə zövqlə, yüksək peşəkarlıqla, böyük ilhamla yaratdığı əl işləri hamı tərəfindən maraqla qarşılanır. Əsl sənət nümunələri olan bu işlər görənləri heyran edir və onlara estetik duyğular bəxş edir. Sərgidə bu sənət nümunələrinin bir hissəsini görəndən sonra “İncə barmaqların sehri” adlı yazını ərsəyə gətirdim.
Səkinə müəllimə bu sinfə V sinifdən rəhbərlik edir. Üç il ərzində sinfin şagirdləri daim məktəbin bütün ictimai işlərində fəal iştirak etmiş, təhsildə qazandıqları uğurlarla həm müəllimləri, həm də valideynləri sevindirmişlər.


Sinfin bütün şagirdləri dərslərini yaxşı oxuyur Leyla, Tofiq, Zəhra, Şaiq, Ayan, Yağmur, Sənan və İbrahim isə təhsildə daha uğurlu nəticələr əldə edirlər; onlar dərs əlaçılarıdırlar.


Şagirdlərin hamısı tərəfindən sevilən Şaiq sinif nümayəndəsi kimi öz fəallığı ilə seçilir. Sinif şagirdlərin hamısı ictimai işlərə cəlb olunub. Şaiq və Tofiq oğlanların dostudurlar. Qızlar arasında isə bu ictimai vəzifəni Leyla və Aysu uğurla həyata keçirirlər.
VII sinfin bütün şagirdlərində vətənpərvərlik ruhu yüksək olsa da şagirdlərdən Şaiq, Leyla, Aysu, Tofiq, Ayan, Yağmur, Ömər, Solamz, Ayşən, Ümid, Zahidə, Zəhra “Vətənpərvər, Vətənsevər şagirdlər” qrupunda daha çox fərqlənirlər.


8 noyabr Zəfər gününə həsr edilmiş həm sinif, həm də ümumməktəb tədbirlərində qrupa daxil olan şagirdlər maraqlı çıxışlarla diqqəti çəkmişlər.
2021-ci ilin noyabr ayının 11-də ibtudai sinif müəllimi Xəlilova Sevdanın dərs dediyi Ill b sinfinə şəhid Əli Eyvazovun adının verildiyi tədbirdə Vll sinfin rəhbəri Səkinə Mürsəlova, sinfin şagirdlərindən Şaiq, Yağmur, Aysu, Ümid, Tofiq, Ömər, Kərim, Aidə və Ayşənlə birlikdə Bərdə rayonuna şəhid Xudayar Yusifzadənin doğulduğu evi və ailəni ziyarətə apardı. Onlarla birlikdə Vlll sinif şagirdlərindən Aysun, Əli, Elmir, Rasim, Sadiq; Vl sinif şagirdlərindən Qüdrət, lV sinif Aysun, şəhid Vasif Məmmədovun anası Zemfira xanım, müəllimlərdən Gülnar Rüstəmova da bu ziyarətdə iştirak edirdilər.


Noyabrın 18-də məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri, l və ll Qarabağ Müharibəsinin içtirakçısı, bir neçə rayonlarımızın azad olması medalı ilə təltif edilmiş Qazi Bayram Vəliyevlə görüş 7-cilərin qəlbində əbədi iz buraxdı.
Sinfin şagirdlərinin yaddaşına ömürlük həkk olan tədbirlərdən biri də şəhid Elşən Nuruzadənin doğulduğu evi və şəhidin ailəsini, şəhidin valideynləri Anası Nigar ananı və Əlisa atanı ziyarət etmələri oldu. Onlar oxuduqları sinfin şəhid Elşənin adını daşımasından qürur duyduqlarını bildirdilər və şəhidin adını daim uca tutacaqlarına söz verdilər. Ümumiyyətlə VII sinif şagirdləri onlarla şəhid ailəsini ziyarət etmişlər.
Vətəni, boya-başa çatdıqları rayonu, onun tarixini, iqtisadiyyatını yaxından öyrənmək üçün sinif rəhbəri tez-tez şagirdləri ekskursiyalara, görüşlərə, tədbirlərə aparlr. Heydər Əliyev Mərkəzinə, Tarix Diyarşünaslıq, Rəsul Rzanın ev Muzeyinə ziyarət, AzNar QSC-nə ekskursiya şagirdlərin yaddaşlnda silinməz izlər buraxıb.


Sinfin şagirdləri arasında incə qəlbə, ruha malik olan, gözəl rəsmləri ilə qəlbləri fəth edən, rəsm müsabiqələrində yer qazanan, "Şuşa ili-2022" çərçivəsində Vətənpərvərlik ruhda çəkdikləri rəsmləri ilə gözləri oxşayan Leyla, Yağmur, Aysu, Ayan; daş üzərində rəsm çəkən Şaiq, Leyla və Yağmur hamı tərəfindən sevilir, alqışlanır. 


Vll sinif şagirdlərinin hazırladığı "Qarabağ Azərbaycandır!" adlı tədbir məktəbin müəllim, şagird kollektivləri və qonaqlar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışlarını qazanıb. Məktəbin və rayonun keçirdiyi tədbirlərdə fəal iştirakına görə sinfin rəhbəri Səkinə Mürsəlova Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Sədri Eldəniz Rüstəmov tərəfindən “Təşəkkürnamə” ilə, sinfin şagirdlərinin bir neçəsi isə "Fəxri Fərman"la təltif edilib.


Zəfər Soraqlı 44 günlük müharibənin iştirakçıları olan məktəbin məzunlarından Qurbanzadə Əli, Qasımov Məhəmməd, Həsənov Nihad, Ömərov Ələkbər, Cabbarov Fuad və Hüseyn qardaşlarının məktəbə gəlişi, müəllimlərlə görüşündən təsirlənən 7-cilər Vətənə layiqli övlad olacaqlarına, şəhidlərin adını daim uca tutacaqlarına söz verdilər.
Şəhid adını daşıyan 4 N- li məktəbdə 9 sinif şəhid adını daşıyır. Onlardan biri də şəhid Elşən Nuruzadə adına Vll sinifdir. Biz bu sinfin uğurlarının, keçirdiyi tədbirlərin yalnız cüzi bir hissəsindən söhbət açdıq.
İnanırıq sinfin daha böyük uğurları hələ qarşıdadır.
Sizə uğurlar, Səkinə müəllimə və Vll sinif şagirdləri...

   Adil Məmməd
Əməkdar müəllim, yazıçı-publisist


1 0

Şərhlər

Oxşar xəbərlər