Tətildən sonra şagirdlərin dərsə adaptasiyası - TÖVSİYƏ
29-03-2022, 06:55
524

Tətildən sonra şagirdlərin dərsə adaptasiyası - TÖVSİYƏ

Şagirdlərin dərs ilində yaşadığı problemlərdən biri də tətildən sonra dərsə adaptasiyadır. Uşaqlar tətil zamanı bütün günü valideynləri ilə birlikdə olmağın verdiyi rahatlıq və əyləncə hissindən ayrılmaq istəməyə bilərlər. Nəzərə almaq lazımdır ki, böyüklər üçün tətildən sonra işə qayıtmaq çətin olduğu kimi, uşaqlar üçün də məktəbə qayıtmaq çətindir.

TehsilForumu.Az uşaqların məktəbə uyğunlaşmasını asanlaşdıra biləcək təklifləri təqdim edir:

- İlkin olaraq bilmək vacibdir ki, valideynlər həmişə uşaqlar üçün örnəkdirlər və uşaqlar həmişə valideynlərin davranışlarını təqlid edəcəklər. Odur ki, əgər valideynlər övladlarının tətil sonrası dərsə asanlıqla uyğunlaşmaqlarını tənzimləmək istəyirlərsə, özlərini nümunə göstərməlidirlər. Məsələn, evdə erkən yatmaq adətini inkişaf etdirmək, uşaqların erkən oyanmasına kömək etmək (bəzi musiqi və ya kiçik oyunlar istifadə edilə bilər), işə yüksək əhvali-ruhiyyə ilə hazırlaşmaq uşaqlarda da məktəblə bağlı xoş fikirlər yaradacaq.

- Qısamüddətli tətildən sonra hər bir uşağın məktəbə qayıtmaq reaksiyası fərqlidir. Bəzi uşaqlar darıxdıqları məktəb və məktəb sisteminə rahatlıqla uyğunlaşa bilsələr də, bəzilərinin özlərini həddindən artıq narahat hiss etmələri mümkündür. Xüsusilə, gərginlik yaşayan uşaqlara kömək etmək üçün onların narahatlığının səbəbini araşdırmaq vacibdir. Yeni sinfə uyğunlaşma məsələsi, bəzən dostlarla keçmişdə yaşanan problemlər olubsa, onların yenidən təkrarlanma ehtimalı, dərslərdə uğur qazanmaqla bağlı olan narahatlıqlar və digər problemlər gərginliyin əsas səbəbləri ola bilər. Ona görə də birbaşa soruşmaqla onları narahat edən məsələləri öyrənin.

- Məktəbə getmək istəməyən, adaptasiyada çətinlik yaşayan uşaqlara valideynlərin sərt yanaşması, əsəbiləşmək, qışqırmaq, hədələmək onlarda məktəblə bağlı xoş olmayan düşüncələr yarada bilər, bu da məktəbə uyğunlaşma prosesinə mənfi təsir göstərir. Belə vəziyyətlərdə hətta öz məktəb təcrübələrinizdən də istifadə etməklə onlarla səmimi söhbət aparın, onları əmin edin ki, bu hisslər tezliklə aradan qalxacaq.

- Sakitliyin qorunması və valideynlərin həmfikir olması vacibdir. Ana “sən məktəbə getməlisən dedikdə ata “bu gün getməsin” kimi əks fikirlər bildirməməlidir.

- Nəzərə alın ki, uşaq bütün günü nizamlanmış, onlar üçün ciddi mühit sayılan məktəbdə vaxt keçirir, ona görə də uşağın dincəlməsi üçün birlikdə əyləncəli fəaliyyətlər, oyun saatları yaradılmalıdır.

- Əgər anlayışlı və dəstəkləyici münasibətinizə rəğmən, övladınız hələ də məktəbə uyğunlaşmaqda çətinlik çəkirsə, məktəbə getmək istəmirsə, mütəxəssisə müraciət edin.


0 0

Şərhlər

Oxşar xəbərlər