“Şagird forması ilə bağlı qərar məktəblərdə xaos yaradacaq” -Ekspert təhlilləri
18-03-2022, 17:50
941

“Şagird forması ilə bağlı qərar məktəblərdə xaos yaradacaq” -Ekspert təhlilləri

Baş nazir Əli Əsədovun qərarına əsasən, Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib.

 

Həmçinin şagirdlərin hazırda istifadədə olan geyim formalarını gələn tədris ilinin sonunadək (15 iyun 2023-cü il) geyinə biləcəkləri qeyd edilib. Bununla yanaşı şagirdlərin yeni geyim forması dəstinin 3 tədris ili ərzində tətbiq ediləcəyilə bağlı məqam da qərarda öz əksini tapıb.

 

Məktəbli formalarının yenilənməsi, keyfiyyəti və ən əsası qiymətlərinin tənzimlənməsi məsələsi isə qərardan sonra cəmiyyəti düşündürən əsas məsələlər sırasındadır.

 

AzEdu.az-a açıqlamasında təhsil jurnalisti Məzahir Məmmədli qərarı dəyərləndirərək bu addımın atılmasının səbəblərini aydınlaşdırıb:

 

“Məktəbli forması bu gün üçün çox aktual bir mövzudur. Hələ 2020-ci ildə Təhsil Nazirliyi bununla bağlı narahatlıqla çıxış etmişdi, daha doğrusu, cəmiyyətdən bununla bağlı bir mesaj vardı. Ayrı-ayrı məktəblərin şagirdlər üçün vahid forma müəyyən etmələri valideynlər arasında müəyyən narazılığa səbəb olmuşdu. Hər məktəb fərqli formada idi və hər kəs öz sifarişlərini müəyyən tikiş fabriklərinə yönləndirirdilər. Bu tikiş fabrikinin sahiblərilə  məktəb rəhbərliyi arasında məktəblilərin buraya yönləndirilməsilə hansısa sövdələşmə olurdu. Bu da cəmiyyətdə bir narazılıq yaratmışdı. Təhsil Nazirliyi də bu kimi narazılıqların qarşısını almaq üçün ictimai rəyin öyrənilməsilə bağlı sorğu mərkəzinin yaradılması və bütün təkliflərin ora qəbul olunması kimi bir təşəbbüslə çıxış etdi. Həmin təkliflər toplandı, səhv etmirəmsə, 2020-ci ildə Milli Məclisin ümumi təhsil məsələləri üzrə müzakirəsi ərəfəsində 2020-2021-ci il üçün vahid formaya keçirilməsilə bağlı bir təşəbbüslə çıxış olundu. Bu qərar orada ümumi təhsil haqqında son qanun layihəsində qəbul olunmuşdu. Beləliklə, Təhsil Nazirliyi də bunu təsdiq etdi”.
Jurnalist bəzi məktəblərin müəllimlər üçün də forma tətbiq etdiyini vurğulayaraq qərarın müsbət nəticə verəcəyini bildirib:

 

“Bakı şəhərində artıq bir neçə məktəblər də vardı ki, hətta, onların müəllimləri üçün də vahid forma müəyyən olunmuşdu. Nümunə olaraq Sabunçu rayonunda yerləşən 76 saylı məktəbin müəllimləri də artıq vahid formaya keçid etmişdilər. Bir təəssüf olunan məqam isə ayrı-ayrı məktəblərin vahid formasının olmaması idi. Məsələn, biz Türkiyə təcrübəsinə baxsaq, görərik ki, orada bütün məktəblərdə vahid forma istifadə edilir. Amma çox təəssüf ki, biz Bakı şəhərini, rayonları tam əhatə edə bilməmişdik.Hər kəs istədiyi forma ilə bağlı qərar vermişdi.Hətta liseylərin belə ayrı formaları var idi. Nəhayət ki, bu vahid bir sistemə salındı. Hesab edirəm ki, bu addım Azərbaycan məktəbləri və valideynlər üçün kifayət qədər uğurlu və ürəkaçan bir mənzərə yaradacaq”.

 

Yeni məktəbli formaları ilə bağlı qərarın cəmiyyətdə necə qarşılanacağını AzEdu.az-a açıqlamasında dəyərləndirən sosioloq Lalə Mehralı, xüsusilə yeni formaların 3 il qüvvədə qalmasının nəzərdə tutulması məsələsinə diqqət çəkib:

 

“Düşünürəm ki, yeni məktəbli formalarının üç tədris ili ərzində tətbiq olunmasının nəzərdə tutulması, daha sonra isə yenilənmə ehtimalı cəmiyyətdə birmənalı qarşılanmayacaq. Bu ailə büdcəsinə sözün həqiqi mənasında zərər verməkdir. Müəyyən müddət sonra valideyn məktəbli geyimini dəyişmək məcburiyyətində qalırsa, hazırki qiymətləri nəzərə alaraq təxminən 50 manat təşkil edəcək. Yeni tətbiq olunacaq geyimlərin müəyyən müddət sonra dəyişməsi həm şagirdlərin vahid forma anlayışına zərər vermək, həm də məktəblərdə xaos yaratmaq deməkdir. Hazırda məktəblilər bir-birindən fərqli formalardan istifadə edir”.

 

Sosioloq məktəblərdə müxtəlif formaların tətbiqi məsələsinə toxunaraq, məktəbli geyimlərinin müəyyən müddət sonra yenilənməsinin ailə büdcəsinə təsirini nəzərə çatdırıb:

 

“Haradasa 20-30 il bundan əvvəl vahid məktəbli forması vardı və hər kəs eyni formada gəzirdi. İndi isə hər məktəbin özünəməxsus forması var. Məktəblərin daxili nizamnaməsinə görə özlərinin formanı dəyişmək haqqları var. Əgər bu haqq onlara verilirsə, o zaman hansı vahid forma anlayışı nəzərə alınır, anlamaq çətindir. Formaların müəyyən müddət sonra yenilənməsi isə daha qarışıq məsələdir. Hazırkı bahalaşmanın, əhalinin maddi vəziyyətinin fonunda bu məsələ onların vəziyyətini daha da çətinləşdirəcək. Məsələn, bir neçə övladı olan ailədə bir uşaq böyüdükdə onun formasından kiçik olan yararlana imkanı vardı, valideynin o qədər də qayğısı olmurdu. Əgər 3 ildən sonra yeni formalar hazırlansa, insanların qayğısı artacaq”.

 

Yeni formaların qiymətinin hansı şəkildə tənzimlənəcəyi də hələ dəqiq açıqlanmayıb. Tədris ilinin əvvəlindı "Bakı Tikiş Evi"nin verdiyi məlumata əsasən, qiymətlər ibtidai siniflər üçün 40 manat, yuxarı siniflər üçün isə 46 manat təşkil edirdi.

 

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məktəbli formalarının qiymətlərinin tənzimlənməsində dövlət nəzarətinin vacibliyini vurğulayıb:

 



 

“Yəqin ki, məktəbli formalarının hazırlanması müəyyən şirkətlərə həvalə olunacaq. Yaxşı olar ki, bu proses dövlət tərəfindən tənzimlənsin və geyimlərin üzərinə əlavə dəyərin qoyulmamasına nəzarət edilsin. Çünki bu həm də sosial bir məsələdir, bir çox ailənin büdcəsinə təsir göstərəcək. Bu baxımdan müəyyən formada nəzarətin həyata keçirilməsi zəruridir. Bu istiqamətdə standart məktəbli forması qiyməti təyin edilə bilər. Əgər qiymət hər hansı bir valideyni qane etməsə, həmin şəxsin öz övladı üçün kənardan formanı əldə etməsi mümkün ola bilər. Hesab edirəm ki, bu formada tənzimlənsə daha yaxşı olar.  O ki, qaldı müəyyən müddət sonra formaların yenilənmə məsələsinə, düşünürəm ki, bu normal bir haldır. Şagirdlər böyüdükçə onlara uyğun ölçülər dəyişir, həmçinin materialın aşınma  məsələsi də nəzərə alınır”.

0 0

Şərhlər

Oxşar xəbərlər