Jurnalistika fakültəsinin dekanı “Media haqqında” yeni qanun layihəsini dəstəkləyib
15-12-2021, 17:41
337

Jurnalistika fakültəsinin dekanı “Media haqqında” yeni qanun layihəsini dəstəkləyib

Müasir çağırışları özündə əks etdirən “Media haqqında” yeni qanuna ciddi ehtiyac var. Media ilə bağlı qanunların bir çoxu, o cümlədən “Kütləvi

İnformasiya Vasitələri haqqında” qanun müasir tələbatlara cavab vermir”.

Bunu BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O, qanun layihəsinin əhəmiyyətini belə xarakterizə edib:

“Hiss olunur ki, bunun üzərində peşəkar jurnalistlər, hüquqşünaslar çalışıblar və kifayət qədər ciddi əmək sərf edilib. Ona görə də layihə müasir çağırışları əks etdirən sənəd kimi səciyyələndirilə bilər. Qanun qəbul olunandan sonra media quruluşlarının inkişafına təkan verəcəyinə ümid edirəm. Layihədə media subyektlərinin dəqiq təsnifatının verilməsi çox mühüm məsələdir. Həmçinin sosial media kimi yeni subyektin qanunvericiliyə gətirilməsi də diqqət çəkir. Etiraf etmək lazımdır ki, artıq onlayn media bir çox parametrlərdə ənənəvi medianı üstələyir.

Media savadlılığı məsələsi də ilk dəfə olaraq qanunda öz əksini tapır.

Bu məsələ dünya ölkələrində, o cümlədən Türkiyədə prioritetdir. İnformasiya ilə iş prinsipinin müəyyənləşdirilməsi isə ayrı-ayrı media quruluşları arasında sağlam rəqabəti təmin edəcək. Həmçinin beynəlxalq təcrübədəki müxtəlif məqamların qanun layihəsinə salınması öz müsbət nəticəsini verəcək.

Təbii ki, müzakirə zamanı təkliflər oldu. Onların da nəzərə alınacağına inanıram. Yekun olaraq, “Media haqqında” yeni qanun layihəsi media-dövlət, media-cəmiyyət münasibətlərini özündə əks etdirən və dediyim kimi, müasir çağırışlara uyğun sənəddir. Bu isə media quruluşlarımızın, jurnalistlərimizin öz fəaliyyətlərini daha rahat və daha səmərəli qurmalarına kömək olacaq”.


Qeyd edək ki, “Media haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 14-də keçirilən iclasında birinci oxunuşda qəbul olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər