SOSİOLOQ: “Məktəblər nəinki tərbiyə, təhsil verməklə də məşğul deyil”...
24-11-2023, 06:44
645

SOSİOLOQ: “Məktəblər nəinki tərbiyə, təhsil verməklə də məşğul deyil”...

Müşahidələr göstərir ki, bəzi tələbələrdə, xüsusən də oğlanlarda auditoriyada dərs danışmaq fobiası mövcuddur. Onlar sosiallaşmaqdan, tribunaya çıxmaqdan imtina edirlər.

 

Bu problemin kökündə hansı amil dayanır? Və necə həll etmək olar?

 

TehsilForumu.Az- ın əldə etdiyi məlumata görə Sosioloq Lalə Mehralı mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.

 

Sosioloq bildirib ki, təkcə tələbələr deyil, şagirdlərin də lövhəyə çıxıb, dərs danışmaq fobiası mövcuddur: “Xüsusən oğlan uşaqlarında müşahidə olunan bu durumun əsas səbəbi ətrafdan görülən stiqmadır. Oğlanlar bir-birinə “Qız kimi dərs danışırsan”, “Qız kimi oxuyursan” və s. tipli sözlərlə bullinq tətbiq edirlər. Məhz bu tənəli sözlərə görə onlar dərs danışmaqdan imtina edirlər. Hətta bir çox valideyn bu səbəbdən müəllimdən xahiş edir ki, övladından dərs soruşsun. Təcrübəli müəllimlər şagirdlə dil taparaq bu işin öhdəsindən gəlməyi bacarırlar. Məktəb dövründən bu işi həll etmədikdə sonrakı tələbəlik həyatında da eyni situasiya qalmağa davam edir. Bu amilin əsasında ətrafın təsiri mövcuddur. Deyirlər ki, oğlanlar assosial olur. Ancaq məntiqlə yanaşsaq görərik ki, bizim mentalitetdə oğlan uşaqları daha sərbəst böyüyür. Dərs danışmaq məsələsinə gəldikdə bu ancaq öz həmcinsləri tərəfindən tətbiq olunan stiqmaya görədir. Onlar çıxıb dərs danışana “mama uşağı” kimi yanaşır”.

 

Müsahibimiz bildirib ki, ümumi cəmiyyətdəki düşüncə, qınaq dəyişməlidir ki, uşaqlar özlərini rahat ifadə etməkdən çəkinməsinlər:“Valideyn məktəbdən, məktəb valideyndən, cəmiyyət isə hər ikisindən addım gözləyəcəksə, heç bir nəticə əldə edilməyəcək. Məktəbə təlim-tərbiyə ocağı deyilməyinin əsas səbəbi təkcə təhsil deyil, eyni zamanda tərbiyə də aşılamaq funksiyası daşımasıdır. Ancaq indi təəssüf ki, məktəblər nəinki tərbiyə, heç təhsil verməklə də məşğul deyil. Məktəbə uşaqlar boşu-boşuna gedərək, vaxtlarını itirirlər. İbtidai siniflərdə nisbətən dərs olsa da, yuxarı siniflərdə, xüsusən də repetitor yanına hazırlığa gedən uşaqların sinifində ümumiyyətlə dərs keçilmir. Repetitor məsələsinə gəlsək yenə görərik ki, heç kim öz xoşluğu ilə əlavə hazırlıqlara vəsait ödəmir”.

 

L.Mehralı bildirib ki, sosiallaşma məsələsini kompleks halında həll etmək lazımdır: “Məktəb yaşlarından uşaqlar məktəb-valideyn-şagird üçbucağında sosiallaşmalıdır. Əgər bu üçlükdən biri prosesdə iştirak etməsə, o zaman nəticə əldə etmək mümkün olmayacaq”.
1 1

Şərhlər

Oxşar xəbərlər