Firudin Qurbanov: Təhsilli insanlar asanlıqla konsensus əldə etməklə münaqişələri daha tez həll edirlər
2-05-2024, 07:24
228

Firudin Qurbanov: Təhsilli insanlar asanlıqla konsensus əldə etməklə münaqişələri daha tez həll edirlər

TehsilForumu.Az - "XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı, xüsusi olaraq, mobil internetin inkişafı, uşaq və yeniyetmələrin sosial şəbəkələrdə aktiv ünsiyyəti, təkcə mədəniyyətlərarası ünsiyyətin genişlənməsinə deyil, həm də ksenofob təzahürlər, "başqalarının" mədəni dəyərlərinin açıq şəkildə təkzib edilməsi və digər mədəniyyət nümayəndələri haqqında neqativ stereotiplərin yayılması riski və təhlükəsinin artmasına şərait yaradır. Hesab edirik ki, bu münaqişələrin aradan qaldırılmasında, mədəniyyətlərarası dialoqun bərpa olunmasında təhsilin müstəsna rolu daim nəzərə alınmalı, problemin həllində təməl amil məhz təhsil olmalıdır".
 
 Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Mədəniyyətlərarası dialoq üzrə VI Dünya Forumunda "Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu" adlı panel sessiyasında çıxışı zamanı deyib.
 
O bildirib ki, bu baxımdan müasir dövrdə qlobal problemlərin həll edilməsi cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri, cəmiyyət yalnız mükəmməl təhsil vasitəsilə verə bilər.
 
Təcrübə göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyasi, iqtisadi və sosial sabitliyin təmin edilməsində, mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Təhsilli insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur, asanlıqla konsensus əldə etməklə münaqişələri daha tez həll edirlər. Əksinə təhsilsiz və ya aşağı təhsilli insanlar isə asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilirlər" - deyə nazir müavini əlavə edib.
0 0

Şərhlər

Oxşar xəbərlər