Yeni istifadəyə verilmiş məktəbdə nə baş verir? - AÇIQLAMA
22-10-2022, 11:55
488

Yeni istifadəyə verilmiş məktəbdə nə baş verir? - AÇIQLAMA

"Yeni istifadəyə verilmiş 335 nömrəli tam orta məktəbdə övladlarının təhsil alması üçün oktyabrın 14-də müraciət etmiş Z.Q-ov adlı valideyn (ad və soyad bəzi səbəblərə görə tam qeyd olunmur) məktəbə müraciət edən zaman yerdəyişmə sistemi (sy.edu.az) bağlı olduğundan övladlarını elektron qeydiyyatdan keçirə bilməyib. Bununla belə, qaydalara uyğun olaraq uşaqların təhsilə cəlb olunması təmin edilib, müvəqqəti olaraq onlar dinləyici kimi müvafiq siniflərə (I və VI siniflər) yerləşdiriliblər. Bundan sonra iki gün Z.Q-ov məktəbə gələrək heç bir səbəb olmadan nalayiq ifadələr işlədib, məktəbin və digər bir sıra qurumların ünvanına təhqirlər yağdırıb. Buna görə ona irad tutan valideyn və müəllimləri də təhqir edib, istədiyini edəcəyini bildirib".

TehsilForumu.Az xəbər verir ki, bunları Bakının Binəqədi rayonunda yerləşən 335 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edən Xoşqədəm Bağırova feysbuk hesabında yazıb.

O qeyd edib ki, Z.Q-ov həmin günlərdə məktəblilərə qarşı etdiyi əxlaqsız hərəkətinə görə də dəfələrlə digər valideynlərlə münaqişədə olub: "Bu baxımdan oktyabrın 17-də şagirdlərin elektron yerdəyişmə sistemi açıldıqdan sonra övladlarını məktəbə rəsmi qeydiyyatdan keçirməkdən imtina edib. Digər valideynlər də psixoloji vəziyyəti normal olmayan Z.Q-ov kimi nalayiq hərəkətlər edən, azyaşlılara qarşı fiziki təmaslara meyilli birinin bu məktəbin valideyni olmasına dəfələrlə etiraz edib, konkret hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlayıblar. Z.Q-ovun anlaşılmaz və valideyn etikasından kənar hərəkətlərini olduğu kimi ifadə etməyi etik cəhətdən doğru hesab etməsəm də, onun yaratdığı vəziyyəti bacardığım qədər təsvir etməyə çalışdım. Məsələn, valideyn adı daşıyan birinin digər qızları videoya çəkərək onlara “sizi tik-toka qoyacam” kimi hədə-qorxu gəlməsi nə ilə izah oluna bilər?"

Xoşqədəm Bağırova qeyd edib ki, dəfələrlə Z.Q-ov söhbətə, normal davranışa dəvət edilsə də, o, daha da aqressivləşib, şagird, valideyn və müəllimlərin gözü qarşısında təhqirlər yağdırıb, nalayiq ifadələr söyləyib: "Hiss olunur ki, övladları da atalarının bu davranışından yorulublar. Aldığımız məlumata görə, Z.Q-ov son bir il ərzində 4 dəfə böyük övladının məktəbini dəyişib. Bu isə uşaqların psixoloji cəhətdən dayanıqsız olmasına rəvac verir, onların tədris mühitinə adaptasiyasına ciddi zərbə vurur".

Mövzuya münasibət bildirən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BŞTİ-nin məsələdən məlumatlı olduğunu bildirib: "Valideynlə BŞTİ-də görüş keçirilib, məktəblilərin icbari təhsildən yayındırılmasının yolverilməzliyi valideynin nəzərinə çatdırılıb. Uşaqların təhsilinin davam etdirilməsi, onların icbari təhsildən yayındırılmaması üçün müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
0 0

Şərhlər

Oxşar xəbərlər