Müavin nöqsanlara görə işdən çıxarılıb.
21-11-2022, 07:25
773

Müavin nöqsanlara görə işdən çıxarılıb.

TehsilForumu.Azxəbər verir ki, Paytaxtdakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova ilə bağlı məktəbin sabiq direktor əvəzinin və bir qrup işçinin müraciəti əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.



Məktəb kollektivi tərəfindən ünvanlanmış müraciətdə qeyd olunub ki, 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1 faizini ona vermələrini tələb edib. Elza Cəfərova təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranıb, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olub.



Təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın “Müəllimlərin etik davranış Qaydaları”na əməl etməməsi, qeyri-qanuni hərəkətləri barədə 13 oktyabr 2022-ci il tarixində 235 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən pedaqoji kollektivin 49 üzvünün iştirakı ilə Pedaqoji Şura iclası keçirilib. Pedaqoji Şura iclasında çıxış edən kollektiv üzvləri direktor müavini Elza Cəfərovanın vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektivin üzvlərini təhqir etdiyini, vəzifə funksiyalarını yerinə yetirmədiyini, məktəbin normal iş rejiminin pozulduğunu bildiriblər.



Pedaqoji Şura iclasının yekununda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Elza Nurəddin qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair tabelik üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilib. Qeyd olunanlarla bağlı məktəbin sabiq direktor əvəzi tərəfindən BŞTİ-yə ünvanlanmış təqdimatda da Elza Cəfərovanın məktəbə təyin olunduğu vaxtdan qərəzli mövqe nümayiş etdirdiyi, mütəmadi olaraq münaqişə yaratmağa çalışdığı qeyd olunub, 28 sentyabr 2022-ci il tarixdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı ilə təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova arasında baş vermiş mübahisə zamanı tərəflərin bir-birinin ünvanına müəllim adına və nüfuzuna yaraşmayan ifadələr işlətdiyi, qarşılıqlı olaraq bir-birini təhqir etdiyi bildirilib. Bununla da müəssisənin normal iş rejimi və “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri pozulub.
Qeyd olunanlara əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova 235 nömrəli tam orta məktəbə təyin olunduğu vaxtdan məktəbdə qeyri-sağlam mühit formalaşıb, psixoloji gərginlik yaranıb və bu da öz növbəsində tədris mühitinin zəifləməsinə səbəb olub. Qeyd olunanları nəzərə alaraq, 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Elza Nurəddin qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixindən xitam verilib.



Qeyd edək ki, Elza Cəfərova 26.01.2009-cu il tarixdən 28.06.2013-cü il tarixədək Bakı şəhəri 235 nömrəli tam orta məktəbdə, 29.06.2013-cü il tarixdən-23.09.2022-ci il tarixədək Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışıb. Onu da qeyd edək ki, Vətən müharibəsi iştirakçısının ailə üzvü olduğu, çoxsaylı müraciətləri nəzərə alınaraq, Elza Cəfərova 26.09.2022-ci il tarixdə 235 nömrəli tam orta məktəbə müddətli əmək müqaviləsi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu. Elza Cəfərovanın qızı Əminə Cəfərova Vətən müharibəsi iştirakçılarının ailə üzvlərinin məşğulluğunun təmin edilməsi məqsədilə 21.05.2021-ci il tarixdən paytaxtdakı 256 nömrəli tam orta məktəbə uşaq birliyinin təşkilatı rəhbəri vəzifəsinə təyin olunub.



Göstərilən diqqət və qayğını düzgün dəyərləndirməyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edən, “Müəllimlərin etik davranış Qaydaları”nın və digər müvafiq normaların tələblərini pozan Elza Cəfərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi 235 nömrəli tam orta məktəbin pedaqoji kollektivi tərəfindən məmnunluqla qarşılanıb, məktəbdə sağlam pedaqoji və psixoloji mühitin formalaşmasına zəmin yaradıb.

0 0

Şərhlər

Oxşar xəbərlər