Sovet təhsili niyə yad edilir? – “Hərdən də olsa, arxaya dönüb baxmalıyıq”
4-06-2024, 14:26
499

Sovet təhsili niyə yad edilir? – “Hərdən də olsa, arxaya dönüb baxmalıyıq”

Zaman-zaman insanlar təhsil sistemi ilə bağlı narazı fikirlər səsləndirirlər. Belə ki, bir çoxları Kurikulum sisteminin daha yaxşı olduğunu qeyd etdiyi halda, bəziləri Sovet təhsil sisteminin daha yaxşı təhsil sistem olduğunu dilə gətirirlər.

 

Maraqlıdır, hələ də düşüncə olaraq Sovet təhsil sistemindən niyə çıxa bilmirik?

 

TehsilForumu.Az xəbər verir ki , mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov təhsilin tarixi keçmişinə xor baxmağın, yeni və köhnəlmiş təhsil kimi bölgüsünün aparılmasının qəti əleyhinə olduğunu qeyd edib:

 

“Təhsilin yenisi və köhnəsi olmur, ənənəvi təhsil olur, bir də ki, təhsilə verilən müasir tələblər olur. Təhsil tariximizin hər bir dövrü təhsil salnaməmizin bir səhifəsidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan.

 

Heç də əbəs deyil ki, Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış, təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” ulu öndərin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, proqramın əsas məqsədi - Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaqdır.

 

Təhsil tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz yanlışlıqlardan biri də o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində uzun illərdən bəri qazandıqlarımıza qeyri-obyektivlik göstərmiş, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. Onu da nəzərə almamışıq ki, yenilik etmək, heç köhnəni dağıtmaq deyil, onu təkmilləşdirərək müasirləşdirməkdir.

 

Səmimi etiraf edək ki, elə bu günün özündə də “Təhsil haqqında” qanuna dəyişikliklərin və digər əlaqədar məsələlərin müzakirələrində problemə müasir tələblər baxımından konkret münasibət bildirmək əvəzinə, bunu dərhal siyasiləşdirmək, şəxsi ambisiyalara qapılaraq, sovet təhsilinə yabançı münasibət sərgiləmək yolunu seçməkdə davam edirik. Halbuki, sovet siyasi sistemi ilə, sovet təhsil sistemi tam fərqli anlayışlardır”.
Həmsöhbətimiz bildirib ki, bu gün təhsil uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir:

 

“Əsrə bərabər bu illər ərzində iqtisadiyyatda, elm və təhsildə, mədəniyyət və incəsənətdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.

 

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşir. Bu potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək isə hər birimizin vətəndaşlıq borcudur. Təhsildə istər cümhuriyyət təhsilini, istərsə də Sovet təhsil sistemini unutdura biləcək hər hansı bir addım atılmasına lüzum görmürəm. Bir çox hallarda unutqanlığımızın bizə nələr yaşatdığının dəfələrlə şahidi olmuşuq. Hərdən də olsa, arxaya dönüb baxmalıyıq – heç olmasa ona görə ki, haradan gəlib, haraya gedəcəyimizi bilmək üçün.

 

O ki, qaldı kurikulumlara bu sovet dönəmində “təhsil proqramları” adlanan məfhuma verilən müasir addır. 1999-cu ildə qəbul edilən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda məzmun islahatları bölməsində özünə yer alıb, ancaq, “kurikulum” kimi yox, “təhsil proqramları” kimi. Sonradan “Təhsil haqqında” Qanunda da “kurikulum” sözünün arxasına mötərizədə “təhsil proqramı” sözü əlavə edilib. Tələsik qəbul edildiyindən məktəblərdə bir sıra problemlərə yol açıb, təkmilləşməsinə və yenilənməsinə zərurət yaranıb...”
 
1 0

Şərhlər

Oxşar xəbərlər