Ekspert: Sertifikatlaşdırmadan keçməyənlərdən də öz üzərlərində yenidən işləyib MİQ imtahanında uğur qazananlar olacaq
10-06-2024, 20:00
1 474

Ekspert: Sertifikatlaşdırmadan keçməyənlərdən də öz üzərlərində yenidən işləyib MİQ imtahanında uğur qazananlar olacaq

Təkrar sertifikatlaşdırma prosesində keçid balını toplaya bilməyən şəxslərdən də öz üzərlərində yenidən işləyib MİQ imtahanında iştirak edənlər, uğur qazananlar olacaq. 

TehsilForumu.Az xəbər verir ki, bu sözləri təhsil eksperti Fətullayev Vaqif 8 iyun tarixində keçirilmiş təkrar sertifikatlaşdırma prosesi ilə bağlı yazısında qeyd edib.

Onun sözlərinə görə, təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilkin nəticələri məlum olub. Belə ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün iyun ayının 8-də təkrar sertifikatlaşdırma imtahanı keçirilib.

İlkin nəticələrə əsasən, imtahanda iştirak edən 7296 müəllimdən ölkə üzrə 3387 nəfər keçid balını (30 və ya 30+) toplaya bilib. Bu da o deməkdir ki, ilk dəfə imtahandan kəsilən və təlimlərdən sonra ikinci dəfə şans verilən müəllimlərin 46.4 faizi imtahanda uğur qazanıblar. Burdan həm də o nəticəyə gəlmək olar ki, ola bilsin ki, həmin müəllimlərimiz ya diqqətsizlikdən, ya həyəcandan, ya da başqa bir texniki səbəbdən ilk imtahanda keçid balını keçməkdə çətinlik yaşayıblar. Buna baxmayaraq, onlar öz üzərlərində işləyərək uğurlu nəticə əldə etməyi bacarıblar. Həmin müəllimlərimizi təbrik edir, onlara tədris fəaliyyətlərində uğurlar arzulayıram.

Digər tərəfdən isə təəssüf ki, 3909 nəfər (53.6%) onlara ikinci dəfə şans verilməsinə rəğmən, minimum nəticəni əldə edə bilməyiblər. Bu, olduqca ağrılı prosesdir, lakin nə qədər ağrılı olsa da, hər birimiz prosesin məhz təhsilimizin gələcək inkişafına, şagirdlərimizin keyfiyyətli təhsil almasına istiqamətləndiyini qəbul etməliyik. Çünki təhsildə edilən güzəştlər gələcəkdə bir cəmiyyətin, hətta bir ölkənin mövcudluğunu şübhə altına ala bilər, buna görə də hesab edirəm ki, bu məsələlərdə cəmiyyət olaraq, emosional davranmamalı, qəti mövqe ortaya qoymalıyıq.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, təkrar sertifikatlaşdırmadan uğur qazana bilməyənlər də bizim dəyərli vətəndaşlarımızdır və biz cəmiyyət olaraq, onlara mənəvi cəhətdən dəstək olmalı, onların və ailələrinin özlərini pis hiss etməsinə səbəb olmamalıyıq:

"Mən inanıram ki, həmin şəxslərdən də öz üzərlərində yenidən işləyib MİQ imtahanında iştirak edənlər, uğur qazananlar olacaq. Həm də arxayınam ki, dövlətimiz həmin şəxslərin sosial müdafiəsini də layiqincə təmin edəcək, onların alternativ iş yerləri ilə təmin olunmalarına dəstək göstərəcək". - deyə 

V.Fətullayev şərh edib.
1 0

Şərhlər

Oxşar xəbərlər