“Təhsilimizin hər bir mərhələsi, təhsil salnaməmizin bir səhifəsidir…”
4-02-2024, 17:32
390

“Təhsilimizin hər bir mərhələsi, təhsil salnaməmizin bir səhifəsidir…”

Nadir İsrafilov : “Yenilik etmək heç də köhnəni unutmaq deyil, onu təkmilləşdirməkdir...”
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” mərhum prezidentimiz Heydər Əliyevin belə bir müdrik tövsiyəsinə əsaslanırdı ki, “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…”
Məhz bu tövsiyə əsasında "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilmişdi.
Təəsüf ki, “Proqram”ın qəbulundan keçən onilliklər ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək bu mühüm müddəalara lazımı əhəmiyyət vermədik. “Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir çox hallarda nəzərə almadıq ki, yenilik etmək heç də köhnəni dağıtmaq yox, onu təkmilləşdirməkdir.
Təhsil tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində uzun illərdən bəri qazandıqlarımıza qeyri-obyektivlik göstərmiş, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən ki, niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi və vərdişlərimizi qoruyub saxlamışıq, onlara hörmət, rəğbət bəsləmişik, ancaq təhsil dəyərlərimizə, təhsil ənənələrimizə, vərdişlərimizə isə bir müddət sayğısızlıq göstərərərək, şübhə ilə yanaşmışıq?
Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
Ulu öndərin qeyd etdiyi kimi tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti təsis edilməsinə Ümummilli lider olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir.
Sonrakı dönəmdə də Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyat və incəsənəti özünün intibah dövrünü yaşayıb.
Bu gün təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək kimi yanlış yanaşmadan imtina edilməli, təhsilimizi uzun illərdən bəri qazanılmış təcrübə və toplanmış potensialın təməli üzərində inkişaf etdirməli və daha da təkmilləşdirilməlidir. Təhsilin köhnəlmişi, yenisi olmur, təhsilin hər dövrün tələblərinə uyğun yenilənməsi olur. Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək hər birimizin vətəndaşlıq borcudur...
0 0

Şərhlər

Oxşar xəbərlər