Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz uğur qazanıb
28-06-2024, 18:40
168

Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz uğur qazanıb

Elm və təhsil nazirliyindən TehsilForumu.Az - a verilən məlumata görə 23-28 iyun tarixlərində Çexiyanın Brno şəhərində Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib.

Ölkəmiz sözügedən olimpiadada uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, CEOI ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından birinə çevrilib. Müsabiqədə Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrədən olan komandalar iştirak edir. Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI) Mərkəzi Avropa ölkələrindən olan orta məktəb şagirdləri üçün illik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə iştirakçıların alqoritmik məsələlərin həlli, proqramlaşdırma bacarıqlarını yoxlayır.

2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal qazanıblar.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!
0 0

Şərhlər

Oxşar xəbərlər