Uğurun başlanğıcı nədir?
11-04-2024, 06:49
211

Uğurun başlanğıcı nədir?

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev dünyanın nüfuzlu universitetlərinə qəbul olunan respublika fənn və beynəlxalq olimpiada qalibləri ilə görüş keçirdi. Bu gənclərin qəbul olduqları müəssisələr arasında Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kolumbiya Universiteti, London İmperial Kolleci, London Universitet Kolleci, KAIST, Nanyanq Texnologiya Universiteti var idi. Onların təhsil alacaqları sahələr, əsasən, riyaziyyat və fizika, kompüter elmləri, kimya və mühəndislik ixtisaslarıdır. 
 
Son dövrlərdə, demək olar ki, tez-tez təhsilalanlarımızın nüfuzlu və beynəlxalq reytinqlərdə ilk sıralarda qərarlaşmış ali təhsil müəssisələrinə qəbulunun şahidi oluruq. Qəbul olunanlar arasında həm dövlət, həm də özəl olmaqla müxtəlif ümumi təhsil müəssisələrinin məzunları var. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, nüfuzlu universitetlərdə təhsil almağa vəsiqə qazanmış namizədlərin əksəriyyəti olimpiada qalibləridir. Onlar həm respublika fənn, həm də beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmiş gənclərdir. 
 
Əslində, bu nəticənin yaranmasının olduqca əsaslı səbəbi var. Burada əsas məqam, ilk növbədə təhsilalanların olimpiadalarda iştiraka həvəsləndirilməsi və şəffaflığın təminatıdır. Elm və Təhsil Nazirliyi olimpiadaları təşkil edən qurum kimi bu işin öhdəsindən layiqincə gəlir.
 
Xatırlatmaq yerinə düşər ki, Elm və Təhsil Nazirliyinin təklifi ilə hələ 2019-cu ildə Nazirlər Kabineti tərəfindən beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların siyahısı, onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası təsdiq edilib. Bu çox mühüm hadisə idi: çünki sözügedən olimpiadalarda iştirak edənlər universitetə imtahansız qəbul olacaqdılar. Bu amil gənclərin olimpiadalara həvəsləndirilməsi, onların diqqətinin qalib olmağa yönləndirilməsi nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır.
 
Qeyd edim ki, bu il ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında qeydiyyatdan keçənlərin sayı 45 933, qızıl medal alanların sayı 84, gümüş medal alanların sayı 166, bürünc medal alanların sayı isə 248 nəfər olub.
  
Olimpiadalarda qalib olmaq xüsusi istedadla yanaşı, güclü hazırlıq, əzm və çalışqanlıq tələb edir. Nazirlik bunun üçün seçimlər keçirir, mərkəzlər yaradır və qruplar təşkil edir, xüsusilə də Respublika Fənn Olimpiadaları qalibləri beynəlxalq müsabiqələrə hazırlaşdırılaraq göndərilirlər. Beləliklə, bu olduqca təkmil proses nəticəsində hazırda ən mötəbər olimpiadalarda qalib olanlarımızın sayı ilbəil artır. Belə ki, 2023–2024-cü illərdə beynəlxalq olimpiadalarda ümumilikdə 130 şagird iştirak edib və 5 qızıl, 13 gümüş, 39 bürünc medal, həmçinin 24 həvəsləndirici sertifikat qazanılıb.
 
Düşünürəm ki, son illər dəqiq elmlər sahəsində bakalavriat səviyyəsi üzrə nüfuzlu universitetlərə qəbul sayının artması bu gənclərin gələcəkdə ölkəmizə qayıdaraq həm elmdə, həm də sənayedə fəaliyyətinə möhkəm zəmin yaradacaq.
 
Yekunda isə bu prosesdə şagirdlərimizə dəstək göstərən bütün pedaqoji heyətə, Təhsil İnstitutunun peşəkar komandasına, ən əsası da valideynlərə və əzm nümayiş etdirərək öz üzərlərində gecə-gündüz çalışan təhsilalanlarımıza təşəkkür edir, gələcək təhsil həyatlarında uğurlar arzulayıram.
 
Səbuhi Rzayev
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri
 
0 0

Şərhlər

Oxşar xəbərlər