Məktəblilərdən möhtəşəm Novruz festivalı - ƏTRAFLI
14-03-2024, 14:46
406

Məktəblilərdən möhtəşəm Novruz festivalı - ƏTRAFLI

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı keçirilib.

 

Paytaxtdakı 229 nömrəli tam orta məktəbdə təşkil olunan festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Məlahət İbrahimqızı, İltizam Yusifov, Könül Nurullayeva, Səbinə Xasayeva, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Kamran İsmayılov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, şair Baba Vəziroğlu, BŞTİ-nin struktur bölmə rəhbərləri, Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar festival çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

 

Daha sonra Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrə baxış keçirilib.

 

Çıxış edənlər festival iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıblar. Bildirilib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.

 

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə reallaşdırılan “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı milli-mənəvi dəyərlərimizə, tariximizə, köklərimizə nə qədər bağlı olmağımızın bariz nümunəsidir.

 

Tədbir iştirakçıları festivalın “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmasını yüksək qiymətləndiriblər. Bildiriblər ki, şagirdlərin burada səsləndirdikləri mahnılar və şeirlər, həm də ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması ilə bağlı ötürülən gözəl mesajlardır.

 

Tədbirdə şagirdlər və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

 

Sonda məktəbin həyətində bayram tonqalı qalanıb və qonaqlar şagirdlərlə birgə “Cəngi” sədaları altında dövrə vurublar.


 
1 0

Şərhlər

Oxşar xəbərlər