Yeni yaradılan qurumlar, təhsilə edilən dəyişiklər-Ötən həftəyə baxış
27-12-2021, 12:21
722

Yeni yaradılan qurumlar, təhsilə edilən dəyişiklər-Ötən həftəyə baxış

TehsilForumu.Az  ötən həftənin təhsil icmalını təqdim edir:
 
Yola saldığımız həftədə  20-26 dekabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
 
Dövlət uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib:
 
Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
 
Regional Təhsil İdarələri yaradılıb:
 
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
Sərəncamda deyilir:
 
  1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1090) 1-ci hissəsi ləğv edilsin.
 
  1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891) aşağıdakı dəyişikliklər edilsin:
 
2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
 
“1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:
 
1.1. Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;
 
1.2. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;
 
1.3. Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;
1.4. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;
 
1.5. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;
 
1.6. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;
1.7. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;
 
1.8. Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;
 
1.9. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;
 
1.10. Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;
 
1.11. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;
 
1.12. Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.”;
 
2.2. 6-cı hissə ləğv edilsin;
 
2.3. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu”nun 2.1-ci və 2.2-ci bəndləri müvafiq olaraq 2.2-ci və 2.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:
 
“2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi;”.
 
  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
3.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;
 
3.2. Nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə (uşaq evləri istisna olmaqla) aid dövlət əmlakının Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilməsini bir ay müddətində təmin etsin;
 
3.3. Nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələlərinin həlli üçün iki ay müddətində tədbirlər görsün;
 
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
Məktəbəqədər təhsil müəssisələrinin adı dəyişdirilib:
 
Azərbaycanda məktəbəqədər təhsil müəssisələri bundan sonra uşaq evləri adlanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.
 
Fərmanla Təhsil Nazirliyi haqqında Əsasnaməyə müvafiq dəyişikliklər edilib.
 
Bakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb:
 
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
 
BŞTİ-dən  bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.
 
Qeyd olunub ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
 
Azərbaycanda əlaçı təqaüdü alan tələbələrin sayı açıqlanıb:
 
Ali təhsil sistemində ümumilikdə 150 minə yaxın tələbə təqaüdlə əhatə olunur.
 
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.
 
O qeyd edib ki, həmin tələbələrdən 15,5 faizi əlaçı, 23,1 faizi həvəsləndirici, 61,4 faizi isə sadə təqaüd alır.
 
Bakıda 84 məktəbdə operativ monitorinq keçirilib:
 
Bakıda 84 məktəbdə operativ monitorinq keçirilib.
 
Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
 
Bildirilib ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər aparılıb.
 
Bakıda vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb:
 
Bakıda koronavirus əleyhinə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub.
 
Qeyd olunub ki, bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir: "Onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. Hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir".
 
Bu il 211 məktəbə direktor təyin olunub:
 
Bu il dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.
 
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
 
Bakıda məktəbi qızıl nişanla bitirən məzunların sayı açıqlanıb:
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbləri bu il 30 məzun qızıl və gümüş nişanla başa vurub.
 
Bu barədə BŞTİ-dən məlumat verilib.
 
Qeyd olunub ki, 2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.
 
 
0 0

Şərhlər

Oxşar xəbərlər