Orxan Yusifli: “Şagirdlər çox rahat şəkildə öz istəklərini, sevinclərini, narazılıqlarını bizə deyə bilirlər”
24-02-2024, 06:36
530

Orxan Yusifli: “Şagirdlər çox rahat şəkildə öz istəklərini, sevinclərini, narazılıqlarını bizə deyə bilirlər”

TehsilForumu.Az- Təhsil müəssisələrində şagird davranış qaydaları olduqca vacibdir. Şagird-müəllim münasibəti və şagirdin davranışı təlim-tədris prosesinin tərkib hissəsidir və bu məsələ şagird nailiyyətlərinin artmasında mühüm rol oynayır. Şagirdlərin yaş və yetkinlik səviyyələrinə uyğun olaraq onların sosial və emosional bacarıqlarının inkişafına ehtiyac var. Bu bacarıqların inkişaf etdirilməsi istiqamətində “Məktəblinin dostu” layihəsinin həyata keçirdiyi işlər olduqca təqdirəlayiqdir.

 

Bakı şəhəri Milli Qəhrəman Gültəkin Əsgərova adına 200 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi 2018-ci ildən fəaliyyətə başlayıb. Hazırda burada çalışan məktəblinin dostları 3942 şagirdi olan məktəbin ayrılmaz hissəsinə, şagirdlərin isə sirdaşına çevriliblər.

 

“Biz şagirdlərə yaxınıq”

 

Orxan Yusifli 200 nömrəli tam orta məktəbdə çalışan məktəblinin dostlarından biridir və 7 ildir ki, bu layihə üzrə fəaliyyət göstərir. Sumqayıt Dövlət Universitetini “İqtisadi idarəetmə” ixtisası üzrə bitirən gənc fəaliyyətini tamamilə bu sahəyə yönəldib. Əsas vəzifəsinin məktəbdə təhlükəsiz, sağlam psixoloji mühit yaratmaqdan, valideyn, müəllim və şagirdlər arasında olan əlaqələri gücləndirərək onlara köməklik göstərməkdən ibarət olduğunu deyir: “Şagirdlərə düzgün davranış qaydalarını aşılamaq məqsədilə bizim layihənin əməkdaşları və Psixoloji Mərkəzin psixoloqları tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Digər iş prinsipimiz odur ki, fövqəladə və ya digər neqativ hal baş verərsə, həmin hadisəyə müdaxilə edərək tez bir zamanda ilkin yardım göstərməyi bacarırıq”.

 

Orxan bildirir ki, mən özüm də valideynəm və şagirdlərlə olan münasibətlərə həm də bir valideyn gözü ilə baxıram: “Övladlarımın məktəbə getməyinə az bir müddət qalıb. Ona görə də çalışıram ki, məktəbdə sağlam psixoloji mühit yaradaq ki, sabah övladlarımız da bu təhsil müəssisələrində təhsil alanda davranış pozuntuları ilə, neqativ hallarla qarşılaşmasın. “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının özləri mütəmadi olaraq təlimlərdə iştirak etdiyi üçün məktəbdə olan psixoloji mühitin, davranış normalarının ən yaxşı vəziyyətdə olmasını təmin etməyə çalışırlar. “Məktəblinin dostu” elə bir obrazdır ki, şagirdlər çox rahat şəkildə öz istəklərini, sevinclərini, narazılıqlarını bizə deyə bilirlər. Çünki biz şagirdlərə yaxınıq”.

 

Şagirdlərin intellektual və idman yarışlarına həvəsi

 200 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəblinin dostu Leyla Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirib, “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə isə magistr dərəcəsinə yiyələnib. 3 ildən çoxdur ki, “Məktəblinin dostu” layihəsinin əməkdaşı olan Leyla bildirir ki, ibtidai siniflərdən başlayaraq yuxarı siniflərə qədər daim şagirdlərlə ünsiyyətdə olurlar, onların davranışlarını müşahidə edirlər: “Şagirdlərin öz aralarında və ya valideynləri ilə problem yarandıqda müraciət etdikləri birinci şəxs biz oluruq, onlara problemlərində həll yolları axtarmaqda kömək edirik. Biz özümüz çox zaman müxtəlif hadisələr müşahidə edirik və gərəkli məqamlarda ilkin tibbi və psixoloji yardımlar göstəririk. Eyni zamanda şagirdlərə müxtəlif situasiyalarda davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlimlər təşkil edirik”.

 

Məktəbdə müxtəlif intellektual və idman yarışlarının, tədbirlərin keçirilməsi də şagirdlərlə onlar arasındakı münasibətlərə çox müsbət təsir göstərir. Uşaqlar belə yarışlara daha çox həvəslidirlər, həmçinin davranış qaydaları ilə bağlı təlimlərdə də çox böyük maraqla iştirak edirlər. “Bu baxımdan şagirdlər hər zaman bizi, sözün əsl mənasında, özlərinə yaxın dost kimi qəbul edirlər”, - deyir Leyla.

 

Yay məktəbi

 

Bu məktəbdə çalışan digər məktəblinin dostu - Samirə Quliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını bitirib. Həmkarlarının dediklərinə əlavə olaraq Samirə bildirir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunur, “Uğurlu peşə seçimi”, “Məktəblinin sağlam qidası”, “Zərərli vərdişlərə son”, “İnsan hüquqları”, “Sosial şəbəkələrdən faydalı istifadə” və digər mövzularda da təlimlər keçirilir.

 

“Müşahidələrimizdən və məktəbdə həll etdiyimiz problemlərdən əlavə biz “Yay məktəbi” təşkil edirik. Məktəblilər yay tətilinə çıxdığı zaman biz onlar üçün yenə də təlimlər, yarışlar keçirir, oyunlar qururuq, film saatları, kitab günləri təşkil edirik. 5, 6, 7 və 8-ci siniflərdə oxuyan şagirdlərin xüsusilə bu yaş dövründə nəzarət altında olması və düzgün yönləndirilməsi üçün həmin məktəblilərin təlimləndirilməsinə daha diqqətlə yanaşırıq. 9, 11-ci siniflərdə imtahan stressi çox böyük olduğundan onlara imtahanlarla, imtahan stressini necə idarə etmələri ilə bağlı layihə psixoloqlarımız mütəmadi şəkildə təlimlər keçirlər”.

 

Samirə Quliyeva hesab edir ki, məktəblinin dostları hər keçən gün məqsədinə daha da yaxınlaşır. Məktəbli ilə arasındakı məsafə aradan qalxdıqca valideynlərin onlara güvəni artır. Məktəb dəhlizlərində şagirdlərin sevgi dolu baxışlarını hiss etmək isə onları daha da ruhlandırır.
1 0

Şərhlər

Oxşar xəbərlər