Emosional zəka nədir?
10-02-2022, 18:49
1 977

Emosional zəka nədir?

Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbul imtahanı üçün Metodiki Çərçivəyə daxil etdiyi yeni "Emosional Zəka Nəzəriyyəsi" haqqında məlumatları təqdim edirik:

Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Zəka və ağıl çox geniş və mücərrəd məfhumlardır. Bu yazımda bu mücərrəd varlıqlarla bağlı olan araşdırmalarımdan gəldiyim nəticələri öz yanaşma tərzimlə qələmə almışam.

Hər şey 2000 il bundan əvvəl Platonun “Hər tip öyrənmənin emosional bir təməli vardır” sözü ilə başladı. O gündən bəri alimlər, filosoflar, hətta müəllimlər hisslərin necə vacib olduğunu sübut etmək və ya bunun tam mənada nə olduğunu aydınlaşdırmaq üçün müntəzəm şəkildə araşdırmalar aparırlar. Təəssüf ki, çoxlarının gəldiyi nəticə bu idi : ” Hisslərimiz yolumuza maneçilik törədir. Bizim düzgün qərar verməyimizə və fokuslanmağımıza izn vermir.” Son 300 ildir isə, artan saysız araşdırmalar bunun əksini isbat edir.

Psixoloq və “çox saylı zəka (intellekt)” anlayışının müəllifi H.Gardner intellektin 8 növünü müəyyən edib.



  1. Linqvistik intellekt
  2. Məntiqi-riyaziyyat intellekti
  3. Musiqi intellekti
  4. Ekzistensial intellekt
  5. Cismani-kinestetik intellekt
  6. Fərdlərarası intellekt
  7. Vizual məkan intellekti
  8. İnterindividual intellekt

İnsan Resursları sahəsinə son illərdə Emosional zəka anlayışı daxil olmuşdur. Fərdlərarası və İnterindividual zəkanın birləşməsi Emosianal zəkanı yaratmışdır. Emosional zəka və ya intellekt (EQ) ( Emotional İntelligence) anlayışı psixologiyaya H.Gardnerin, P.Saloyevin və J.Mayerin 1980-ci illərdə apardıqları çoxsaylı tədqiqatlar nəticəsində daxil oldu. Lakin emosional zəka nəzəriyyəsi Daniel Goleman-ın 1995-ci ildə “Emotional İntelligence” adlı kitabının nəşrindən sonra öz zirvəsinə çatdı. Amerikalı psixoloq və jurnalist Daniel Goleman-ın digər tədqiqatçılardan fərqi və özəlliyi odur ki, o bu nəzəriyyəni ən mükəmməl şəkildə şərh etmişdir.


Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, loru dildə desək uyumudur. Bir insanın işə qəbul olması İntellektual zəka (İQ) ilə mümkün olsa da karyerasında irəliləməsi üçün artıq Emosional zəka (EQ) lazımdır. İstər şəxsi, istər iş həyatında emosiyalarla başa çıxmaq olduqca çətin işdir. Məntiqlə hərəkət edən insanlar belə bəzən məntiqli olmayan hadisələr qarşısında çətinlik çəkirlər, və elə tam bu zamanda emosional zəka köməyə gəlir və nəticədə emosiyalara nəzarət etmək asan olur. Goelman-ın nəzəriyyəsindən belə qənaətə gəlmək olur ki, emosional zəka sonradan qazanıla bilər, yəni onu öyrənmək və inkişaf etdirmək mümkündür.




Goleman-ın “Emotional İntelligence” kitabı ilə emosinal zəkayla əlaqəli tamamilə yeni fikirlər meydana gəldi. Əvvəllər insanların intellekt dərəcəsi İQ ilə ölçülürdüsə, artıq son tədqiqatlara əsasən emosional zəkanın (EQ) insanların şəxsi və iş həyatında uğurlu olmalarına intellektual zəkadan (İQ) daha çox təsir göstərdiyini sübuta yetirmiş oldu. Emosional zəka insanların ortaq duyğuları, ünsiyyət əlaqələri, insanlıq anlayışları, zəriflik, kübarlıq , nəzakət, etika və s. kimi bacarıqlarla təsvir olunur. Emosional intellekti güclü insanlar iş münasibətlərində həm özlərinin, həm də qarşı tərəfin düşüncələrini düzgün şəkildə analiz edərək, öz reaksiya və hərəkətlərini idarə etmək qabiliyyətinə sahib olurlar və nəticə etibarilə düzgün qərar verə bilirlər. Çünki bu qabiliyyətin yaxşı inkişaf etdiyi insanlar emosiyalara tabe olmurlar. Gərgin vəziyyətdə və empatiya nəticəsində digər insanların hiss və istəklərini anlama qabiliyyəti yüksək olduğundan, onlar yaranan vəziyyətdən emosional zəka ilə düzgün çıxa bilirlər. Deməli, emosional zəka ilə bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaları nəzarətdə saxlamaq, özünəinam, motivasiya, özünüdərk etmək, sosial həssaslıq – bütün bu bacarıqların həyatda, karyera və digər fəaliyyət sahələrində uğur qazanmaq şansı daha yüksək olur.



Goleman emosional zəkanın əslində xarakter ilə əlaqəli bir ünsür olduğunu da qeyd edir. Amerikalı psixoloq emosional zəkaya hiss və emosiyaların ağıllı şəkildə istifadə olunması da deyir. Goelman-ın nəzəriyyəsinə əsasən, Emosional zəkanın 5 əsas maddəsi var:
  1. Özünü dərk etmə – öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;
  2. Özünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
  3. Özünü motivasiya – özünü motivasiya edə bilmə, daima uğur qazanma istəyi və həyəcanını yox edə bilmə qabiliyyətləri ;
  4. Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;
  5. Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.

Hər maddənin üzərində detallı şəkildə yazmaq istəsəm də, bu məqaləni çox uzatmaq əvəzinə növbəti yazılarda detallandırmağı qərara aldım. Bu məqaləmin ana fikri budur: insanları anlamayan onların ehtiyaclarına uyğun şəkildə davrana bilməz. Biliq və bacarıq insanları hər zaman irəli aparmır. Vəzifə öhdəliklərini mükəmməl şəkildə yerinə yetirən rəhbər ola bilərsiniz, lakin işçinin bir baxışından, səs tonundan və ya duruşundan ” yaxınlaş görüm bügun niyə kefin yoxdur?” demir və insanların emosiyalar aləmini anlaya bilmirsinizsə, onların ehtiyacı olduğu şəkildə ünsiyyət qura bilmirsinizsə komandanız sizi biliklərinizlə təəssüf ki, baş başa buraxacaq.


İlk dəfə qarşılaşılan, ya da ani olaraq inkişaf edən hadisələrə uyğunlaşma təmin edə bilmə, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin sıxlaşdırılması, detallara diqqət yetirilməsi zəka sayəsində reallaşdırılır. Bir sözlə, sosial həyatımızda, iş həyatımızda, hətta bəlkə də həyatımızın hər anında bizi idarə edən Emosional zəkamızdır.


Zəkalı olmağın , çətinliklərdə doğru qərar verməyin, insanlara pozitiv yaxınlaşmağın və hissiyyatlı olmağın, düzgün ünsiyyət əlaqələri qurmağın sosial həyatımızda uğur əldə etməklə bağlı yetərsiz qalmaması üçün emosional zəkamızı mütləq şəkildə gücləndirməliyik.


Emosional zəkanı inkişaf etdirmək və gücləndirmək üçün tövsiyyələrim:

Kitab oxumaq, xüsusilə romanlar oxumaq. Düşünmək qabiliyyətinizi inkişaf etdirəcək.

Sosial məkanlarda olmaq, insanlarla ünsiyyət qurmaq. İnsanlarla münasibətdə təcrübə qazandıracaq.

Soyuqqanlı olmaq. Baş verən hadisələr qarşısında həyəcan və narahatlığınızı dəf etmək, verəcəyiniz qərarlar, atacağınız növbəti addımlar üçün çox önəmlidir.

Lazım gələrsə hisslərinizdən, duyğularınızdan danışın. Qarşınızdakı insana və ya insanlara səmimi olduğunuzu hiss etdirmək lazımdır.

Özünü idarə edə bilmək. Ən əsas insan özünü tanımaqla başlayır hər şeyə, çünki nəyi necə idarə edəcəyini yalnız özünü tanıyaraq əldə etmiş olarsan.

Müşahidə etmək. Ətrafınızda baş verənləri izləmək, başqa həyatlardan özünüz üçün lazım olan nümunələri götürmək hər zaman xeyrinizə olacaq.

Həyatda hər şeylə bağlı təcrübəniz olması məcburiyyətində deyilsiniz. Bəzən başqalarının təcrübələrindən də dərs çıxararaq hərəkət etmək mümkündür.

Məntiq çərçivəsində həyatda müəyyən prinsipləriniz olsun.

Əslində tövsiyyələrimi artırmaq olar, bunun üçün vacib olan qeyd etdiyim kimi özünü tanımaqdır. Özünütənqid edərək geridə qalmağınıza səbəb olan cəhətlərinizi müəyyənləşdirib özünü inkişaf yoluna getməlisiniz. Çünki emosional zəkasını idarə edə bilən insanlar uğuru daha asan, daha rahat, daha az çətinlik çəkərək qazanırlar.

Emosional zəkası güclü insanlar dirijorlara bənzəyirlər – onlar içlərindəki müxtəlif duyğuları və səsləri rahatlıqla idarə edir, lazım olanda coşdurur, yeri gələndə isə sakitləşdirə bilirlər.
0 0

Şərhlər

Oxşar xəbərlər