Nadir İsrafilov: “Mövcud qaydaların bir çoxu əlavə izahat tələb edir...”
9-03-2023, 15:02
569

Nadir İsrafilov: “Mövcud qaydaların bir çoxu əlavə izahat tələb edir...”

TehsilForumu.Az - Ən peşəkar mütəxəssis belə qaydaların müddəalarını çözələməyə saatlarla vaxt sərf etməli olur.
Qüvvədə olan mövcud qaydaların, eləcə də müəyyən layihələrin bir çoxu o qədər geniş və qəliz yazılır ki, ən peşəkar mütəxəsis belə bununla nə deyilib, deyilmədiyini anlamaq üçün saatlarla baş sındırmalı, vaxt sərf etməli olur və əlavə suallara, izahatlara aydınlıq gətirilməsinə ehtiyac duyulur. Ümumiyyətlə qaydaların tez-tez, yerli-yersiz, hər hansı ciddi bir zərurət yaranmadan dəyişdirilməsinin qəti əleyhinəyəm. Bu, təhsilin bir sistem olaraq oturuşmasını ləngidir. Bir də ki, Qaydalar Məcəllə, Qanun və ya Konsepsiya deyil ki, bu dərəcədə geniş olsun. İstənilən qayda yığcam, konkret, anlaşıqlı və bir növ hər istifadəçiyə əlçatan olmalıdır.
Bu sözləri TehsilForumu.Az-ın “Respublikada müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslərin kadra olan tələbatdan xeyli artıq olduğu halda, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərə də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququnun verilməsinə nə dərəcədə ehtiyac var idi sualına cavab verərkən Nadir İsrafilov deyib.
Ekspertin sözlərinə görə əvvəla artıq 3-cü ilə keçir ki, belə bir hüquq müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərə də verilib. Yəni, Nazirlər Kabinetinin 30 aprel 2020 ci il tarixli qərarı ilə təsdiq edilən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nn bir bəndinə əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlərsə, digər bəndinə əsasən isə bu Qaydanın digər bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
Mən qaydalardan bir neçə nümunə çəksəm görəcəksiniz ki, Qaydalardan lazımınca baş açmaq üçün gərək onu ya əzbərləyəsən, ya da daim yanında gəzdirəsən.
Məsələn, Qanunun müvafiq maddəsinə uyğun olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin də syahısı müəyyən edilib ki, buraya da ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, müəyyən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş, “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçilər aiddirlər ki, sonuncular 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Və ya, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri də müəyyənləşdirilib. Yəni, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər dedikdə, yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilənlər nəzərdə tutulur. Başqa sözlə, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
Və ya, bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.
Və ya, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın müvafiq bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.
Və ya, ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu gözlənilir. “Humanitar və sosial ixtisaslar qrupu”, “Mədəniyyət və incəsənət ixtisaslar qrupu”, “Təbiət ixtisasları qrupu”, “Texniki və texnoloji ixtisaslar qrupu”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupları üzrə məsələn, Mədəniyyət və incəsənət ixtisaslar qrupuna salınmış “İnstrumental ifaçılıq” və ya “Solo oxuma”- musiqi fənninə “Qrafika” vəya “Dizayn”- təsviri incəsənət fənninə, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” və ya “Kompüter mühəndisliyi”- informatika fənninə uyğun hesab olunur və s. və. i. a. Hələ, Nazirlər Kabinetinin “Pedaqoji fəaliyyətlə məşğul olma Qayda”sında etdiyi son dəyişiklik, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə uyğun olaraq pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqları də qalsın bir yana...
O ki, qaldı sualın konkret cavabına, birincisi, onsuz da diplomunda müəllim sözü olmayan
müvafiq ixtisas üzrə pedaqoji təhsil almayanlar Respublikamızın ümumi təhsil müəssisələrində, xüsusilə də ucqarlarda kifayət qədərdir. Bu qərar sadəcə mövcud vəziyyətin rəsmiləşdirilməsində bir növ yardımçı rolunu oynayır və hər ehtimala qarşı kadr çatışmazlığı şəraitində vəziyyətdən çıxış yolu axtarılmasına qarant verir. İkincisi isə bir halda ki, müəllimli yə qəbul müsabiqə yolu ilədir, müəllimliyə namizəd bir neçə mərhələdə, bir neçə üsulla yoxlanılır və bu rəqabətliliyin artmasına yönəlib, elə isə, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər niyə bu şansdan istifadə etməsinlər? Bəlkə, onlar “diplomunda müəllim sözü olanlar”dan daha yaxşı nəticə göstərib uğur qazandılar...

0 0

Şərhlər

Oxşar xəbərlər