Peşə öyrənməklə iş tapmaq mümkündürmü?
6-12-2022, 07:39
377

Peşə öyrənməklə iş tapmaq mümkündürmü?

TehsilForumu.Az - Peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır. Məqsəd işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.

Dövlət Məşğulluq Agentliyinin açıqladığı son məlumata görə, indiyədək peşə hazırlığına 3799 nəfər cəlb edilib. Bunun 895 nəfəri Bakı, 499-u Göyçay, 602-i Gəncə, 229-u Naxçıvan peşə hazırlığı mərkəzlərinin, 1574-ü isə özəl tədris müəssisələrinin payına düşüb.

Hansı sahələrə maraq böyükdür?

Peşə və ixtisaslar üzrə ilk yerdə ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədarlıqdır. İndiyədək bu sahə üzrə 563 nəfər təhsilə cəlb edilib. Həmçinin xarici dil (alman) üzrə 315, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisliyi üzrə 226, bağbanlıq üzrə 147, ofisiantlıq üzrə 111, qənnadçılıq, şirniyyatçılıq üzrə 108, insan resursları üzrə 105, dayəlik üzrə 99, dərzilik üzrə 96 nəfər cəlb olunub.

Qeyd etmək lazımdır ki, indiyədək cəlb edilənlərin 27,2 faizi və ya 1034 nəfəri təhsilini davam etdirir. Bunun 52,2 faizi və ya 540 nəfəri özəl müəssisələrin payına düşür. Eyni zamanda, Bakı Peşə Hazırlığı Mərkəzində 151, Göyçay Peşə Hazırlığı Mərkəzində 187, Gəncə Peşə Hazırlığı Mərkəzində 108, Naxçıvan  Peşə Hazırlığı Mərkəzində isə 48 nəfər təhsil almaqdadır.
Təhsilini davam etdirənlərin 219 nəfəri və ya 21,2 faizi xarici dil (alman), 171-i və ya 16,5 faizi informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisliyi, 103-ü və ya 10 faizi ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədarlıq üzrə təhsil alır. Həmçinin 29 nəfər aşpazlıq, 27 nəfər insan resursları üzrə, 16 nəfər qənnadçılıq, şirniyyatçılıq üzrə, 11 nəfər dayəlik, 9 nəfər ofisiantlıq, 6 nəfər dərzilik üzrə təhsillərini davam etdirirlər. Bağbanlıq üzrə isə təhsil alan yoxdur.

Təhsili yarımçıq qalanlar…

Ancaq o da vurğulanmalıdır ki, peşə təhsilinə cəlb edilənlərin heç də hamısı buranı uğurla başa vura bilmir. Belə ki, indiyədək cəlb edilənlərin təxminən hər 5 nəfərindən biri (718-i) peşə təhsili mərkəzlərindən xaric edilib. Xaric olunanların 39,1 faizi (281 nəfəri) özəl, 29,2 faizi (210 nəfəri) Bakı Peşə Hazırlığı Mərkəzinin, 21,6 faizi Gəncə Peşə Hazırlığı Mərkəzinin payına düşüb. Cəlbedilmə nisbətinə görə təhsil alanları ən çox xaric edən müəssisələr isə Göyçay və Bakı peşə hazırlığı mərkəzləri olub. Buraya qəbul olunan hər 4 nəfərdən biri təhsilini başa vura bilməyib. Ən az xaric olunma isə Naxçıvan Peşə Hazırlığı Mərkəzi üzrə qeydə alınıb. Buraya qəbul olunanların cəmi 3,93 faizi və ya 9-u xaric edilib.

Ən çox xaricolma ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədarlıq üzrə qeydə alınıb. Xaric olunanların 153 nəfəri və ya 21,3 faizi bu ixtisasın payına düşüb. Peşə və ixtisaslar üzrə də ən çox xaricolma bu sahədə olub. Belə ki, xaric olunanlar buraya qəbul olunanların  27,2 faizini təşkil edib. 47,5 faizi işlə təmin edilib. Axırıncı yerdə isə 25,5 faizlə özəl peşə hazırlığı müəssisələridir.  

Təhsilini başa vuranların sayına nisbətdə də Gəncə Peşə Hazırlığı Mərkəzi liderdir. Belə ki, burada təhsilini başa vurmuş 339 nəfərin 286-sı və ya 84,4 fazi işlə təmin edilib. Bakı Peşə Hazırlığı Mərkəzində isə 534 nəfərin 340-ı və ya 63,7 faizi işlə təmin olunub. Eyni zamanda, Göyçay Peşə Hazırlığı Mərkəzində təhsil almış 249 nəfərin 156-sı və ya 62,65 faizi, özəl peşə təhsili müəssisələrini bitirmiş 753 nəfərin 401-i və ya 53,3 faizi,  Naxçıvan Peşə Hazırlığı Mərkəzindən məzun olan 172 nəfərdən 90-nı və ya 52,3 faizi işlə təmin edilib.

Peşə təhsili ilə ən çox bu sahələrdə iş tapmaq olur

İşlə təmin olunanların 287 nəfəri və ya 22,5 faizi ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədarlıq peşəsinə yiyələnənlər olub. Ümumiyyətlə, bu sahədə təhsilini başa vurmuşların 93,5 faizi işlə təmin olunub. İşlə təmin olunanların 7,8 faizi və ya 99 nəfəri bağbanlıq sahəsində iş yerinə sahib olublar. Bu sahədə təhsilini bitirənlərin 91,7 faizi işlə təmin ediliblər.

Hazırda daha çox tələbat olduğu hesab edilən informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisliyi üzrə isə indiyədək 15 nəfər məzun olub. Onlardan 13 nəfəri işlə təmin ediliblər. Diqqətçəkən bu sahədə təhsili başa vuranların az olmasıdır ki, bu da nə az, nə çox - 40 nəfərin xaric olunması ilə bağlıdır. 171 nəfər isə təhsilini davam etdirir.

İşlə təminatla çətinlik çəkənlər isə xarici dil (alman) üzrə təhsil alanlar olub. İndiyədək bu ixtisas üzrə 44 nəfər məzun olsa da onlardan 9 nəfəri (20,45 faizi) işləyir. Maraqlıdır ki, hazırda təhsil alanların 219 nəfəri və ya 21,2 faizi bu sahəni seçib. 52 nəfərin isə təhsili yarımçıq qalıb. Onlar xaric ediliblər. 

0 0

Şərhlər

Oxşar xəbərlər