Pedaqoji təhsilin innovasiyon inkişafının layihələndirilməsi
7-12-2021, 21:17
1 344

Pedaqoji təhsilin innovasiyon inkişafının layihələndirilməsi

Təhsilin inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin başlanması ali təhsilin məzmununun milli dövlətçilik prinsipləri  və azərbaycançılıq ideologiyasına uyğun yeniləşdirilməsini, ali təhsil sisteminin  dünya  təhsil sisteminin ayrılmaz tərkib hissəsinə inteqrasıyasını  özündə ehtiva edir. Təhsil sektoruna dövlət səviyyəsində olan  diqqət və qayğı nəticəsində son illər bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilir,  innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüməhəmiyyət kəsb edir. Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir. Ali təhsil müəssisələrinin ümumavropa təhsil məkanına adaptasiya olunması, bu məkanda yaşaması və inkişaf etməsi üçün təhsil xidmətləri bazarının konyukturası daim izlənməli və təhlil olunmalı, alınmış nəticələr əsasında ali məktəbin status-kvosu düzgün qiymətləndirilməlidir. "Təhsil xidmətləri bazarının inkişaf istiqamətlərini proqnozlaşdırmaqla ölkədə və beynəlxalq aləmdə baş verən dəyişikliklərdən asılı olaraq gələcək fəaliyyəti planlaşdırmaq, qlobal trendlər üzrə beynəlxalq əmək bazarının tələblərini izləmək; alternativ variantlar işləmək, alternativ düşüncə, ömür boyu təhsil, onlayn təhsil vərdişlərinə yiyələnmək; istehsalat-təsərrüfat fəaliyyətini nizamlamaq və s. gələcəyə baxış konsepsiyasının hədəfləri  ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”.

Azərbaycanda aparılan müasirləşdirmələr, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların tədris-təlim prosesinə tədbiqi  ilə bağlı dövlət səviyyəsində aparılan siyasət, gerçəkləşdirilən islahatlar   və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün geniş şərait yaratdı. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi   və müəllim peşəsinin nüfuzunun artırılması ən vacib problem kimi Azərbaycan təhsil sisteminin başlıca prioritetləri hesab edilməyə başlanıldı. Bütün bunları nəzərə alaraq, təhsil sistemində hazırda mövcud olan problemlərin həllini sürətləndirmək, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun təkmilləşdirilməsini, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, təhsildə nəticəyə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılmasını, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun  yaradılmasını, respublikamızda iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsinin yeni modelinin qurulması  təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulmuşdur. Təhsil Nazirliyinin Dünya Bankı ilə apardığı birgə layihə çərçivəsində gələcək müəllimlərin praktik hazırlığını, pedaqoji ünsiyyət və idarəetmə bacarıqlarını təmin etmək məqsədilə pedaqoji profilli ali təhsil müəssisələrində  pedaqogika, psixologiya, metodika, ən başlıcası isə fəal (interaktiv) təlim texnologiyaları üzrə bacarıqların aşılanmasını təmin edən və müasir tələblərə   cavab verən yeni yanaşmaların elmi-nəzəri əsasları verildi. 

İxtisasalar üzrə Təhsil Proqramının (İTP) mənimsənilməsinin normativ müddəti, məzunlara verilən ixtisas dərəcəsi, məzunun ixtisas xarakteristikası və proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına (səriştəlilik səviyyəsinə) qoyyulan ümummədəni kompetensiyalar  (ÜK) və peşə kompetensiyaları (PK) müəyyənləşdirildi. Səriştəli müəllim  hazırlığını   təmin etmək  üçün tədris planlarına daxil edilmiş fənlərin kurikulumlarının hazırlanması istiqamətində hazırda intensiv araşdırmalar davam etdirilir.     

Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesində fəaliyyətlə bağlı yanaşmanın reallaşdırılması göstərir ki, idrakı və peşəkarlıqla əlaqəli məsələlərin həlli porsesində qazanılmış biliklər təhsilalanlarda ağıllılıq, düşüncəlilik keyfiyyətlərini inkişaf etdirir. Pedaqoji ali məktəblərdə tədris-təlim prosesinin layihələndirilməsinin nəzəri-metodiki əsaslandırılması və səriştəli- səmtləşmə əsasında reallaşdırılması prosesi səmərəliliyin yüksəlməsinə və sonda keyfiyyətin artmasılna imkan vermişdir. Araşdırmalar göstərir ki, XXI əsrdə bəşəriyyətin gələcəyi biliklər sisteminin strukturuna və məzmununa əsaslanan informasiyanın qəbul edilməsi və təhlili mədəniyyətindən çox asılı olacaqdır.  Qlobal informasiyanın qəbul edilməsi, təhlili və biliklər sisteminin strukturlaşma səviyyəsi bəşəriyyəti, cəmiyyətin inkişafını, elm və mədəniyyətini yeni ölçülərlə hərəkətə istiqamətləndirdiyindən, hazırda zamanın tarixilik tempi ön plana çəkilir, ümumdünya informasiya-kommunikasiya mühiti formalaşır. Təhsilin təşkili, təlimin məzmunu və onun iqtisadi bazasının mənbələrinin dəyişməsi baş verir, intellektual resurslar aparıcı yer tutur, təhsilin səmərəliliyinin artırılması üçün yeni yollar axtarılır. Yeni yanaşmaların tətbiqi nəticəsində ətalətli sosial institutların və digər strukturların əhəmiyyəti aşağı düşür, milli- mənəvi, mədəni və dünyəvi-dini dəyərlərin rolu yüksəlir. Beləliklə, insanın səmərəli fəaliyyətinin təbii mühitə təsir yükü artır, bunun nəticəsində isə cəmiyyətin iqtisadi inkişafı və demoqrafik problemlərinin sərhədinin təbii genişlənməsi üçün real imkanlar yaranır. Elmi prinsiplərə əsaslanan inkişafın əsas hərəkətverici qüvvəsi və dünyanın ən qiymətli varlığı olan insan yeni biliklərin yaradılması və istifadəsi prosesində fəal iştirak edərək bilik almaq, onu yaradıcı formada tətbiq etmək qabiliyyətinə malik olduğundan, belə keyfiyyətlərin formalaşdırılması yalnız effektiv, müasir tələblərə cavab verən təhsil sistemində yerinə yetirilə bilər. Ona görə də cəmiyyətin yeni keyfıyyətlərlə xarakterizə olunan səviyyəyə qalxması üçün, qeyri-şərtsiz təhsil sistemini inkişaf etdirərək yeni yanaşmaların, təlim və pedaqoji texnologiyaların geniş tətbiqini həyata keçirmək lazımdır.

Fundamental xarakter və məzmun daşıyan pedaqogika elmində layihələr metodu prinsipcə yeni deyildir, dünya pedaqoji praktikasında çox qədim zamanlardan tətbiq olunmağa başlamışdır.Layihələr metodunun əsasında şagirdlərin idraki vərdişlərinin inkişafı, fikirlərini müstəqil, qısa şəkildə ifadə edə bilmək, informasiya məkanında istiqamətlənməyi, tənqidi təfəkkürü inkişaf etdirmək bacarığı durur.“Əgər biliklərin mənə nə üçün lazım olduğunu dərk edirəmsə, deməli, onu harada və necə tətbiq edəcəyimi bilirəm”, deyimi layihələr metodunun müasir yanaşmalar səviyyəsində mahiyyətini açmağa imkan verir.Layihələr metodundan istifadə edilməsi prosesində müəllim şagirdlərə yeni məlumat mənbələrini göstərdiyi kimi, həm də onların fikirlərini lazım olan axtarışlara istiqamətləndirir. Nəticədə, tələbələrin  müstəqil və birgə əmək sərf etməklə, müxtəlf sahələrdən aldıqları bilikləri tətbiq edərək, gələcəkdə qazanacaqları biliklərin əldə edilməsi, toplanması üçün yollar müəyyənləşdirir. Layihələr metodunun təlim-tərbiyə prosesində gərəkli olması və bu metodun imkanlarından istiladə edilməsi interaktiv metod olaraq pedaqoji kollektiv və şagirdlər qarşısında vacib tələblər qoyur, həm də yüksək dünyagörüşü, məlumatlılıq, biliklərə yiyələnmək bacarığı tələb edir. Ona görə də layiəhələr metodunun təlim prosesinə tətbiq edilməsi tələbələrin bilik, bacarıq və vərdişlərinə müsbət təsir etdiyi üçün, onlardan elmi biliklərə yiyələnməklə yanaşı, yaradıcı və tətbiqedici təfəkkür qabiliyyətinin olmasını da ön plana çəkir. Metodun əsasında problemin praktik və nəzəri əhəmiyyətli həllində nəticənin praqmatik (praqmatizm-müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) istiqamətlilik ideyası durur. Araşdırmalar göstərir ki, layihələr melodunun inkişaf tarixini və onun dünya təcrübəsində yayılmasını aşağıdakı kimi beş mərhələyə bölmək olar:

  • 1590-1765: Avropanın memarlıq məktəblərində layihələndirmə fəaliyyətinin başlanması;
  • 1765-1880: sistemləşdirilmiş pedaqoji praktikada layihənin öyrənmə metodu kimi istifadə olunması və Amerika qitəsinə "köçürülməsi";
  • 1880-1915: ümumtəhsil məktəblərində istehsalat təlimində layihələr metodundan istifadə edilməsi;
  • 1915-1965: layihələr metodunun dərindən başa düşülməsi, mənalandırılması və Amerika qitəsindən yenidən Avropaya "köçürülməsi";
  • 1965-dən bu vaxtadək: layihələr metodunun yenidən "kəşfi" və beynəlxalq miqyasda yayılması.

Müasir dövrdə layihələr metodundan istifadəyə belə geniş miqyasda münasibət bu metodun yeni pedaqoji texnologiyalardan istifadə edərək araşdırılan problemin həllinə, həmişə inkişafda olan bir proses kimi baxılması olmuşdur. təlim-tərbiyə prosesinin məqsədi şəxsiyyətin intellektual və mənəvi inkişafını, informasiyalarla işləmə bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Belə yanaşma öyrənənlərdə elə intellektual keyfıyyətlərin formalaşmasına imkan yaradır ki, nəticədə onlar təhliletmə, sistemləşdirmə, proqnozlaşdırma, qərar qəbul etmə, qarşıya qoyulmuş məqsədə uyğun alınmış nəticəni müqayisə etmə bacarıqları qazanır, təhsil sistemində aşağıdakı sosial kompetensiyaların formalaşması təmin olunur:

  • kollektivlə işləmə bacarığı;
  • kollektivlə razılaşdırılmış qərarların qəbulu;
  • müxtəlif xarakterli sosial tapşırıqların yerinə yetirilməsi;
  • kommunikasiya mədəniyyətinə yiyələnmə;
  • ünsiyyət yaratmaq bacarığı və s.

 Layihələr metodu həmişə baxılan problemdə həm sosial, həm də şəxsi əhəmiyyətli məsələlərin mövcud olduğunun nəzərə alınmasını tələb edir.Bundan başqa, layihələr metodu mahiyyətinə görə həmişə praqmatik xarakter daşımış, yəni bu metod, nəinki, baxılan problemin təhlilinə, tədqiqinə, onun həlli yollarının axtarılmasına xidmət etmiş, həm də alınan nəticələrin, fəaliyyətin bu və ya digər sahələrində praktiki reallaşdırılmasının təmin olunmasını tələb etmişdir.Şagird başa düşməlidir ki, qazandığı bilikləri onun üçün maraqlı olan problemin həllinə harada və necə tətbiq edə bilər.Bunun üçün o, problemin həlli ilə bağlı müxtəlif fikirləri, müxtəlif yanaşmaları öyrənməli, yəni müxtəlif xarakterli informasiyaları məqsədəmüvafiq şəkildə təhlil etməyi bacarmalıdır.Problemin qoyuluşu, onun həllindən alınmış nəticələrin tətbiqi arasındakı qarşılıqlı münasibətlərin xarakterinin məqsədəmüvafiqliyi, layihələr metodunun təhsil sistemi üçün çox cəlbedici metod olduğunu göstərmişdir.Təhsil sistemində gedən modernləşmənin, tətbiq olunan layihələrin nəticələrinin effektivliyini müəyyənləşdirən innovasiyaların, yeni təlim texnologiyalarının elmi əsaslarının, tətbiqi xüsusiyyətlərinin əvvəlcədən işlənməsi həlledici mahiyyət daşıyır

 Layihələr metodunun təlim-tərbiyə prosesində gərəkli olması və bu metodun imkanlarından istiladə edilməsi interaktiv metod olaraq pedaqoji kollektiv və şagirdlər qarşısında vacib tələblər qoyur, həm də yüksək dünyagörüşü, məlumatlılıq, biliklərə yiyələnmək bacarığı tələb edir. Ona görə də layiəhələr metodunun təlim prosesinə tətbiq edilməsi şagirdlərin bilik, bacarıq və vərdişlərinə müsbət təsir etdiyi üçün, onlardan elmi biliklərə yiyələnməklə yanaşı, yaradıcı və tətbiqedici təfəkkür qabiliyyətinin olmasını da ön plana çəkir.Layihələr metodunun təlim-tərbiyə prosesində gərəkli olması və bu metodun imkanlarından istiladə edilməsi interaktiv metod olaraq pedaqoji kollektiv və şagirdlər qarşısında vacib tələblər qoyur, həm də yüksək dünyagörüşü, məlumatlılıq, biliklərə yiyələnmək bacarığı tələb edir.

XXI əsrin təhsil sistemi kifayət dərəcədə novator xarakterli, çevik və yaradıcı  keyfiyyətlərə malik  olmalıdır. Təhsil müəssisələri  yeni nəslə yalnız  bəşəriyyətin indiyədək  topladığı   bilikləri verməklə  kifayətlənməməli, onları cəmiyyətin və ayrı-ayrı  subyektlərin rastlaşacağı  yeni problemləri  həll etməyə   hazırlamalı, rəqabətəqabil, kamil şəxsiyyətin  formalaşmasına xidmət etməlidir.

 

Zülfiyyə Vəliyeva

ADPU -nun ETM elmi işçisi,

Respublikanın Əməkdar Müəllimi,

"Müəllimlərin peşəkarlıq səviyyəsinin

 yüksəldilməsi"layihəsi üzrə 

Milli məsləhətçi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0 0

Şərhlər

Oxşar xəbərlər