Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib
1-12-2022, 15:16
281

Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib

  TehsilForumu.Az xəbər verir ki,  44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə şəhəri idi. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əməlləri ilə bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atdı, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozdu. 2020-ci ilin oktyabr ayının 4-dən etibarən hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə erməni vandalları tərəfindən davamlı raket atəşinə tutuldu. Gəncəyə atılan raketlər nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəydi, dinc sakinlər həlak oldu və yaralandı, tarixi abidələr zərər gördü.
   

Oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 2020-ci il oktyabrın 11-də saat 02:00 radələrində daha bir terror törətdilər.
   Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağıldı, 5-i qadın olmaqla, 10 nəfər həlak oldu, 6-sı uşaq, 16-sı qadın olmaqla, 35 nəfər yaralandı. Miqyası baxımından Gəncəyə ən qanlı və qəddar raket hücumu isə ötən il oktyabrın 17-də gecə saatlarında olub. Oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qaldı. Həmin günlər Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olundu. Bunu həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 15 nəfər həlak oldu, 55 nəfər yaralandı. Onların arasında azyaşlı, yeniyetmə və qadınlar da var idi. Bütövlükdə isə Gəncə əhalisinə qarşı terror nəticəsində 26 nəfər həyatını itirdi, 100-dən çox insan yaralandı. Bu qətliam nəticəsində hər iki valideynini itirən uşaqlar da var. Bununla yanaşı, xeyli ev və digər mülki obyektlər, tarixi abidələr dağıdıldı, ya da ciddi zərər gördü. Təəssüflər olsun ki, bu dəhşətli terror aktlarının üzərindən iki il keçməsinə baxmayaraq, nə o dövrdə, nə də indi dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Gəncədə həlak olan körpələr, qadınlar üçün, dinc sakinlər üçün ədalət istəmir.
 

  Belə qanlı əməllər Gəncə əhalisini qətiyyən qorxutmadı. Tarixən qəhrəmanlar şəhəri olan Gəncənin sakinləri Cavad xanın nəvələri olaraq bu dəfə də düşmənin qarşısında mərdliklə dayandılar. Gəncəlilər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tezliklə işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə inanırdılar və belə də oldu. Azərbaycan törədilən həmin terror aktlarını - hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinə lazımınca təqdim edə bildi. Erməni vəhşiliyinin beynəlxalq mediada işıqlandırılmasına nail olduq. Dünyanın erməni vəhşiliyi haqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin daha çox yayılması baxımından, ciddi addımlar atıldı. Ermənilərin bu terror aktını dünya ictimaiyyətinə çatdırılması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri gördü. 

Bu itkilər nə qədər ağır, ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi. Həmin günlərdə vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirdilər. İnsanlar Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirdilər.
   Əminliklə demək olar ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək.
    Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qaldı, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınıb.
0 0

Şərhlər

Oxşar xəbərlər