Müəllimlər yenə narazı qalacaq: “Komissiyadakılar qeyri-peşəkardır”
12-05-2022, 17:55
2 260

Müəllimlər yenə narazı qalacaq: “Komissiyadakılar qeyri-peşəkardır”


TehsilForumu.Az - İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.

“Müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balı 30 bal nəzərdə tutulu, bu da 50 faiz deməkdir. Sertifikikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir”.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, lakin təhsilverənlərin sertifikatlaşdırılmasından keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edək ki, ölkədə sertifikatlaşdırmanın vacibliyi və bunun nə dərəcədə əhəmiyyətli olması ilə bağlı müxtəlif fikirlər səslənir.

Sertifikatlaşdırmanın təhsildə müsbət rolu olacaqmı və ötən müsahibə mərhələsində olan problemlər müşahidə ediləcəkmi?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, sertifikatlaşdırma müəllimlərin peşə yararlılığı və peşəkarlıq səviyyəsini müəyyən edən prosedur qaydadır:



“Bununla bağlı Nazirlər Kabinetinin30 aprel 2020-ci ildə 155 nömrəli qərarı ilə sertifikatlaşdırma qaydalarını müəyyən edilib. Baxmayaraq ki, bu il bir qədər dəyişiklik edildi. Müəllimlərin işə qəbulu hansı qaydada aparılırsa, sertifikatlaşdırma da təqribən eyni səviyyədə aparılacaq. Yəni müəllimlərin işə qəbulunda olduğu kimi orada 4 səhv, 1 düzgün cavabı aparacaq. Sertifikatlaşdırmaya ehtiyac böyükdür. Çünki dünyanın bütün ölkələrində təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsi daim yoxlanılır. Biz sertifikatlaşmanı Ukaynadan götürmüşük və bir çox ölkələrdə attestasiya formasında aparılır”.

Təhsil Nazirliyinin (TN) sertifikatlaşdırmanı iyun ayından başlayaraq mərhələli şəkildə keçirəcəyini elan etməsinə gəldikdə, ekspert bunları bildirib:

“İlk növbədə TN və işə cəlb olunan şəxslər bilməlidirlər ki, diaqnostik qiymətləndirmə kimi asan olmayacaq. Sertifikatlaşmaya ciddi yanaşma lazımdır. Onsuz da Təhsil Nazirliyinin fəaliyyəti ölkədə kifayət qədər ciddi sosial narazılıq yaradır. Burada artıq kütləvilik olacağı üçün ehtiyatlı olmaq lazımdır.

Təklif edərdim ki, ilk növbədə lisey və gimnaziyalarda sertifikatlaşdırma aparılsın, nəticələri müqayisə edilsin. Daha sonra sertifikatlaşdırma bölgələr, regionlar üzrə deyil, fənlər üzrə aparılsın. Sertifikatlaşdırmanın aparılması təhsilin xeyrinə atılan ən uğurlu addımlardan biri olacaq. Əsas məsələ onu şəffaf, dürüst keçirməkdir. TN müəllimlərin işə qəbulu prosesində texniki nasazlıqları nəzərə almasaq müəyyən şəffaf mühit yarada bilib”.

Ekspert deyir ki, sertifikatlaşdırmada 40 sual olacaq və müəllim tədris etdiyi fənndən test verəcək, 20 sual metodikadandır:

“Sonra müsahibə mərhələsidir ki, mən də ən qorxduğum bu mərhələdir. Müsahibə mərhələsində çox ciddi səhvlər, yanlışlıqlar var. Orada 5 kriteriya var ki, konkret olmalıdır, müsahibə komissiyasının üzvlərinin subyektiv fikirlərinə əsaslanmamalıdır. Çünki müsahibə komissiyasında olan şəxslər də qeyri-peşəkarlardır. Kimlər ki, müsahibə komissiyasına cəlb olunacaqlar, TN artıq indidən onları mütəmadi olaraq müəyyən psixoloji, pedoqoji seminarlara cəlb etməlidirlər ki, onlar öz subyektiv fikirlərinə əsasən deyil, nisbətən peşəkar qərar verə bilsinlər.

Bilməlidir ki, burada insan taleyi həll olunur. Müəllimlərin işə qəbulu müsabiqəsində müsahibə mərhələsində buraxılan kobud səhvlər göz qabağındadır. Görünən odur ki, TN-də oturan bir çox yoldaşlar hələ ki, subyektiv fikirlər əsasında və ölkədə sosial narazılığı qızışdırmaq, böyütmək məqsədi güdürlər. Bunu məqsədli və yaxud məqsədsiz etməsindən asılı olmayaraq nəticə budur. Ona görə də TN bu sosial narazılıqların olmaması üçün müsahibə komissiyasında olan şəxslər hökmən ən azı 2-3 aylıq seminarlara cəlb olunmalıdır ki, artıq sertifikasiyada yalnış qərarlar verilməsinlər”.

Nigar Abdullayeva
0 0

Şərhlər

Oxşar xəbərlər