“Məktəblərə şagird sayına görə psixoloq təyinatında ədalətsizlik var”- Direktor müavini
4-05-2022, 14:44
412

“Məktəblərə şagird sayına görə psixoloq təyinatında ədalətsizlik var”- Direktor müavini

“Şagird sayının çox olduğu məktəbdə bir, yaxud iki psixoloq səmərəli iş apara bilməz, bu praktiki olaraq mümkün deyil”

 

Xüsusi ilə son zamanlar məktəblərdə şagirdlər arasında müşahidə olunan xoşagəlməz hallar məktəb psixoloqlarının fəaliyyətini bir daha gündəmə gətirir.

 

Təhsil naziri Emin Əmrullayev "Rəqəmsal inkişaf: Müasir çağırışlar və real imkanlar II" adlı beynəlxalq konfransda jurnalistlərin suallarını cavablandırarkən də bu məsələyə toxunub. Nazir bildirib ki, 700-1000 nəfərə qədər şagirdin təhsil aldığı məktəblərdə psixoloqların şagirdlərlə tək-tək məşğul olması təbii olaraq mümkün deyil. Həmçinin o qeyd edib ki, şagirdlərin formalaşmasında məktəb psixoloqlarından çox valideynlərin rolu əsasdır.

 

Bəs məktəblərdə psixoloqların sayının artırılması nə dərəcədə zəruridir? Şagird sayına görə psixoloq ştatını necə tənzimləmək olar?

 

Bunu ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini,
dosent Nurəli Çələbiyev açıqlamasında mövcud vəziyyəti dəyərləndirib.

Direktor müavini bu istiqamətdə verilən rəsmi qərarları nəzərə çatdırıb:

 

“Respublikanın ümumi təhsil məktəblərində psixoloji xidmət sisteminin tətbiqinə 30 il əvvəl başlanılıb. O dövrdə hər məktəbə bir psixoloq ştatı ayrılmışdı. 2020-ci ilə kimi sistem bu qaydaya uyğun olaraq davam edirdi. 2019-cu ildə “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanun”un icrası ilə bağlı Prezidentin sərəncamı var. Həmin sərəncamdan irəli gələrək Nazirlər Kabinetinin 27 Fevral 2020-ci il tarixli Qərarında məktəb psixoloqlarının say tərkibinin dəqiqləşdirilməsi və artırılması ilə bağlı məqam qeyd olunub. Bu Qərara əsasən, həmin dövrə kimi şagird kontingentinin sayından asılı olmayaraq, hər məktəbdə bir psixoloq qeydə alınırdısa, artıq bu ştatların artırılması nəzərdə tutuldu. Yəni, 1000 nəfər şagirdin təhsil aldığı məktəblərə bir, 1000-3000 şagirdin olduğu məktəblərdə iki, şagird sayı 3000-dən çox olduqda isə üç psixoloq ştatının ayrılması nəzərdə tutulur. Hazırda xüsusilə Bakı məktəblərində bu istiqamətdə işlər görülür”.

 

Dosent şagird sayına görə məktəbə psixoloq ştatının təyin olunmasında ədalətsizlik olduğunu qeyd edib:

“Əvvəllər şagird sayından asılı olmayaraq hər məktəbə bir psixoloq ştatı nəzərdə tutulmuşdu. Artıq qeyd etdiyim kimi ştat sayının artırılması istiqamətində müəyyən addımlar atılır. Amma burada yenə bir ədalətsizlik var. Elə tam orta təhsil məktəbi var ki, orada sadəcə 100 nəfər şagird təhsil alır. Bu məktəbə də bir psixoloq verilir, 1000 nəfər şagirdin təhsil aldığı məktəbə də. Kontingentin sayı 10-20 dəfə çox olan məktəbə eyni sayda psixoloq ştatının verilməsi ədalətsizlikdir. Fikrimcə, Təhsil Nazirliyi bu ştatların bir qədər rasionallaşdırılması və sayın artırılması ilə bağlı məsələ qaldıra bilər. Şagird sayının bu qədər çox olduğu məktəbdə bir, yaxud iki psixoloq səmərəli iş apara bilməz. Bu praktiki olaraq mümkün deyil, psixoloqun buna fiziki və əqli gücü çatmaz”.

 

O, məktəb psixoloqlarının fəaliyyətlərini diqqətə çatdıraraq, şagird kontingentinə görə psixoloq sayının artırılmasının vacibliyini vurğulayıb:

 

“Məktəb psixolqolarının əmək funksiyalarında onların həm praktiki, həm də tətbiqi baxımdan fəaliyyətləri qeyd olunub. Xüsusilə diaqnostik və xüsusi korreksiyaedici işlər ciddi əmək tutumuna malikdir. Bu qədər şagirdlər diaqnostik iş aparmaq, fərdi və qrup şəklində konsultasiyalar, treninqlər keçirmək, yaxud da ayrı-ayrı şagirdlərə terapevtik xidmətlər göstərmək zaman baxımından da mümkün deyil. Bu baxımdan normativlərin bir qədər rasionallaşdırılması arzuolunandır. Məsələn, 500 nəfər şagird üçün bir, 1000 nəfər üçün 2 psixoloq götürülsə daha məqsədəuyğun olar. Düşünürəm ki, hər 500 şagirdə bir psixoloqun təyin olunması daha səmərəli nəticə verər”.
0 0

Şərhlər

Oxşar xəbərlər