Məktəbdə pul məsələsinə EKSPERT şərhi: “Qanun bank hesabı tələb edir”
29-04-2022, 14:21
299

Məktəbdə pul məsələsinə EKSPERT şərhi: “Qanun bank hesabı tələb edir”

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərdə könüllü ianə modelinin tətbiq olunacağını bildirib.



Nazirin sözlərinə görə, bunun yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır:

“Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsələr, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.



Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanunaziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.



Mövzu ilə bağlı Bakupost.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, dünya praktikasında valideynlə məktəb arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sırf qanunvericilik əsasında tənzimlənir. Əsasən də məktəb şuralarının mövcud olduğu ölkələrdə bu əlaqələr daha məqsədəmüvafiq şəkildə qurulub. Məktəb şurası nədir? Məktəb şurası tərəfindən valideynlərin, müəllimlərin, yuxarı sinif şagirdlərinin, məktəbin işçilərinin, təhsil müəssisəsinin yerləşdiyi ərazinin icma nümayənd­ələrinin, bələdiyyənin, yerli icra haki­miyyəti orqanlarının, o cümlədən də təhsili idarəetmə orqanlarının iştirakı ilə hər iki-üç ildən bir məktəblərdə fəaliyyət göstərən İdarəetmə Şurası seçilir. Həmin şura ictimai əsaslarla iki istiqamət - məktəbin maliyyə-təsərrüfat işinin qurulması, idarə edilməsində məktəb rəhbərliyinə yardım edilməsi və dövlət ictimai idarəetmənin həyata keçirilməsi üzrə fəaliyyətini davam etdirir:

“Dünyanın bütün aparıcı ölkələrində Təhsil Nazirliyi ölkə təhsilində yalnız metodik xidməti həyata keçirir. Kadr məsələlərinə nazirlik qarışmır. Müəllim və ya direktorların işə qəbulu imtahanından müvəffəqiyyətlə keçən şəxs öncə çalış­acağı məktəbin ərazisindəki yerli icra hakimiyyəti orqanları­nın təhsil departamentinə müraciət edir. Departament isə İdarəetmə Şurasına təqdimat yazır. Şura həmin şəxsin müvafiq məktəbdə çalışmasını uyğun bilirsə, razılığını verir. Bu, İdarəetmə Şurasının dövlət ictimai idarəetmə formasında iştirakıdır.



Maliyyə-təsərrüfat sahəsində köməyi isə aşağıdakılardan ibarətdir: Məktəbdə keçirilən müxtəlif səpkili tədbirlərə məktəbin yerləşdiyi ərazidə fəaliyyət göstərən iş adamları, valideynlərə biletlər satılır. Xeyriyyə tədbirləri təşkil olunur, ianələr köçürülür. Şura bu səpkili tədbirlərdən toplanan vəsaiti məktəb üçün lazım olan avadanlıq və s. alınmasına sərf edir”.



Ekspert deyir ki, Azərbaycanda valideynlərin hər-hansı bir halda məktəblərə könüllü şəkildə maddi kömək göstərməsi, ianə verməsi üçün ilk növbədə təhsil müəssisələrinin bank hesabı olmalıdır:



“Bilirsiniz ki, ölkədə nağdsız hesablaşmalar haqqında qanun mövcuddur. İstənilən ödəmələr, köçürmələr nağdsız şəkildə olmalıdır. “Təhsil haqqında” qanunun 14-cü maddəsində göstərilir ki, təhsil müəssisələri hüquqi şəxsdir, onların bank hesabları, rekvizitləri olmalıdır. Bizim ümumtəhsil məktəblərimizin heç birinin, internat tipli müəssisələri çıxmaq şərti ilə, bank hesabları yoxdur. Hal-hazırda regional Təhsil İdarələrinin yaradılması ilə başlayan təhsil islahatlarının növbəti mərhələsində təhsil müəssisələrinin publik hüquqi şəxs olması ilə bağlı fikirlər səsləndirilir. Yaxın illərdə bunun reallaşması mümkündür. Hal-hazırda valideynlərin məktəblərə könüllü ianələr verməsi üçün uyğun mexanizm yoxdur. Bunun üçün ilk növbədə məktəblərin publik hüquqi şəxs olması mütləqdir.



Məktəblərin bank hesabları yaradılmalıdır. Məktəblərə ianə və könüllü yardımlar nağdsız şəkildə həyata keçirilməlidir. Ən başlıcası isə mühit formalaşmalıdır. Bu gün valideynlərin çoxunun məktəbə inamı, etibarı yoxdur. Ölkənin təhsil büdcəsi üç milyard yarım təşkil edir. Təxminən ondan da artıq valideyn repetitora, kursa pul xərcləyir. Əgər dövlət standartlarına uyğun ümumtəhsil məktəblərində dərslər normal şəkildə keçirilsə, valideynlər hər ay öz büdcəsindən 150-250 manat repetitora pul xərcləməyə məcbur olmasalar, bu zaman, təbii ki, onlar məktəbə könüllü şəkildə ianələr edərlər”.


0 0

Şərhlər

Oxşar xəbərlər