Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.
19-03-2022, 14:33
513

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

"ÖLKƏMİZDƏ TƏHSİL EKSPERTİ ADININ VERİLMƏSİNİN HÜQUQİ BAZASI YOXDUR"

Azərbaycanda "təhsil eksperti" statusu Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən verilə bilər. Ancaq bu günədək ARTİ-i tərəfindən "təhsil eksperti" (Chartered Educator) statusu heç kimə təqdim edilməyib. Lakin yaxın gələcəkdə bu prosesə başlanıla bilər və hazırda xarici təcrübə öyrənilir. Təhsil İnstitutunun direktoru Rüfət Əzimovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, müxtəlif peşə sahələri üzrə statuslar həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Bu, eləcə də təhsillə bağlı sahələrə də şamil edilir: "Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, İngiltərədə kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər. Hazırda Təhsil İnstitutu tərəfindən bu istiqamətdə tədqiqat aparılır, müəllimlərin peşəkar inkişafı və onlara müvafiq statusların verilməsi məsələsi araşdırılır".



Rüfət Əzimovun dediyinə görə, müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutulur: "Jurnalistlər tərəfindən çoxlu müraciətlər olur ki, təhsil eksperti kimdir və Təhsil İnstitutu tərəfindən kiməsə bu status verilibmi? Bizim də cavabımız odur ki, belə bir adı biz heç kimə verməmişik. Ümumiyyətlə, müəyyən etməmişik ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutulub. Bir tələbə universitetdə təhsil alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən - 3 və ya 5 il sonra baş müəllim, metodist və nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər və bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar. Hesab edirəm ki, tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə daha çox maraq olacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar və bunun üçün daha çox insan müraciət edəcək. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, Azərbaycanda təhsil eksperti adının verilməsinin hüquqi bazası yoxdur: "Qeyd edim ki, kimsə özünə təhsil eksperti deyə, jurnalistlər də onu ekspert kimi təqdim edə bilərlər. Bunu iddia edən şəxslər təhsil sahəsində ən yüksək biliklərə malik olmalıdır. Kimsə özünü təhsil eksperti hesab edirsə, demək, onun şəxsi haqqında çox yüksək fikirləri var. Həmin insan hesab edir ki, pedaqogikanın və təhsilin bütün problemlərini bilir, ona görə də özünə ekspert deyir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutulur. Mənim fikrimcə, təhsil eksperti adının verilməsi çox səhv addımdır, 50 ildir ki, Ali Attestasiya Komitəsi insanlara elmi ad verib, lakin bəzən, bunun heç bir xeyri olmayıb. Alim adı verilsə də, alimliyi olmayıb. Ekspert də bu şəkildə tənzimlənəcək".



Mövzu ilə bağlı düşüncələrini öyrəndiyimiz Nadir İsrafilov deyir ki, "ekspert" latın sözü olub (expertus), təcrübəli deməkdir. Müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan, bəlli bir sahənin təcrübəli-ixtisaslı mütəxəssisinə ekspert deyilir: "Dünya təcrübəsində təhsilin keyfiyyətinin qiymətləndirilməsində, müəyyən qanunvericilik aktlarının, standartların və layihələrin hazırlanmasında peşəkar ekspertlərin xidmətlərindən geniş istifadə olunur, onların rəy və təkliflərinə istinad olunur. Ekspert müstəqil mövqeyə malik şəxs olmalıdır. Əgər, təhsil eksperti adı hansısa dövlət qurumu tərəfindən veriləcəksə, o adın sahibi neytrallığını itirmiş olacaq. Yəni, istisna oluna bilməz ki, hansısa dövlət qurumu tərəfindən, kimlərəsə təhsil eksperti adının verilməsi, kimlərisə asılı vəziyyətə salmaq anlamına gələcək".



N.İsrafilov bildirir ki, son zamanlar təhsil eksperti statusu ilə bağlı məsələnin gündəmə gətirilməsi əhəmiyyətsiz mövzu olmasa da, geniş ictimaiyyət tərəfindən dəyərləndirilə bilər: "Lakin müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə "təhsil eksperti" adının verilməsinə ehtiyac görmürəm: "Nə bilmək olar, bəlkə müəllimin yeni "ekspert imici" ilə bağlı hansısa kriteriya əsasında inandırıcı və əsaslandırıcı dəlil ortalığa qoydular. Müqəddəslik və şərəflilik etalonu kimi qəbul etdiyimiz müəllim məfhumunu bu dərəcədə dartışmağa zərurət yoxdur və ola da bilməz. Müəllim sözünün özündə hər şey deyilib. Müəllim əməyini stimullaşdırmaq, onun əmək haqqına differensial yanaşmaq məqsədilə ona "baş müəllim", "metodist" müəllim statusunu vermək, dövlət qayğısını hiss etdirmək, daha da şərəfləndirmək üçün "Əməkdar müəllim" və digər fəxri adlara layiq görmək olar. Ancaq "repetitor müəllim" adına yox. Ölkədə lazımi qədər ekspert qismində tanınan təcrübəli mütəxəssislər var və onları əvəz edə biləcək yeni qüvvələr də formalaşır: "Ancaq Təhsil Nazirliyinə və media nümayəndələrinə kimin həqiqi, kimi saxta ekspert olduğunu yaxşı məlumdur".

Bir başqa mütəxəssisin - Elçin Süleymanovun sözlərinə görə, ekspert dedikdə, həmin sahədən məlumatlı olan şəxs nəzərdə tutulur: "Ekspert məsuliyyətli olmalıdır. Mən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertiyəm. Orada ekspertin seçilmə prosesi, sahə üzrə kifayət qədər tədqiqat aparması, özünü tanıtdırması əsas götürülür. Düzdür, burada beynəlxalq səviyyəli ekspertin təyinindən söhbət gedir. Burada müvafiq sahədə təhsil də böyük rol oynayır. Çünki ekspert məsələ araşdırır, dissertasiya yazır, anketlər, analizlər hazırlayır".



Elşən Qafarov isə deyir ki, hazırda istər televiziya, istərsə də onlayn mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilir. Əslində isə, bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir. Yalnız mediada yazılanlara görə, Təhsil İnstitutu bu prosesə yaxın gələcəkdə başlaya bilər. Hazırda xarici təcrübə öyrənilir: "Ekspert sözünün mənası hər şeyi bilən deməkdir. Eyni zamanda araşdırmaçı olaraq bizlər də təhsil üzrə mütəxəssis kimi qiymətləndirilirik. Digər şəxslər də fərqli təhsil sahələri üzrə fikirlərini bildirirlər. Hazırda təhsil eksperti adının verilməsi kimi məsələdən daha önəmli problemlər özünü göstərməkdədir. Çox istərdim ki, ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı işlər görülsün. Həmçinin, məktəblərdə tərbiyə sisteminin yüksəldilməsi ilə bağlı işlər yerinə yetirilsin. Məktəblərin nizamnaməsinin yenidən tənzimlənməsi ilə bağlı problemlər həllini tapmalıdır. Məktəbdaxili nəzarət sisteminin yaradılması ilə bağlı məsələlər qaldırılmalıdır".



Tanınmış mütəxəssis Kamran Əsədov bildirib ki, istənilən halda həmin ekspertlər aid olduqları qurumu müdafiə etməklə məşğul olacaqlar. Bu statusu almış şəxs birmənalı olaraq aid olduğu qurumu müdafiə edəcək. İnstitut bu statusu verə bilməz: "Ancaq dərslik və layihə üzrə verə bilər. Amma müstəqil ekspertlərə verə bilməz. Bu yanlış addımdır və bunu bazara öz adamlarını özlərinə xoş olan fikirləri çıxarmaq üçün lazım olan qərar hesab edirəm. Hesab edirəm ki, həmin şəxs bu cəmiyyətdə heç bir halda yararlı ekspert ola bilməz. Ekspert ümumi mütəxəssis olmalıdır. Ümumiyyətlə, bunu müsbət qarşılamıram və effektiv olacağını da düşünmürəm".



Kamran Əsədovun söylədiyinə görə, bu gün bır sıra Avropa ölkələrində müxtəlif sahələr üzrə ekspertlər və ya təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra status əldə edə bilirlər: "Amma buna baxmayaraq, həmin şəxslər yeri gəldikdə obyektivliyi qoruyaraq, aid olduqları qurumun nöqsanlarını söyləməkdən çəkinmirlər".
0 0

Şərhlər

Oxşar xəbərlər