Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir.
14-05-2024, 16:33
185

Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir.

TehsilForumu.Az - Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycanın ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğu ölkələrdən biri də Bolqarıstandır. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Bu baxımdan Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. 
Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşdə liderlərin ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri barədə fikirləri açıqlandı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir: “Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.
  Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Prezident Rumen Radevin bu səfəri zamanı imzalanan "Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə" ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcək. 
     Azərbaycan və Bolqarıstan arasındakı əlaqələrin dinamik inkişafı, hər iki dövlətin bir-birinə olan etimadını və qarşılıqlı hörmətini əks etdirir. Bu münasibətlər regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın təmin edilməsində mühüm rol oynayır. Beləliklə, Azərbaycanın Cənubi Qafqazda və Qara dəniz regionunda artan təsiri Bolqarıstanla strateji əməkdaşlıq çərçivəsində daha da güclənəcək, bu isə hər iki ölkənin qlobal səviyyədəki təsirini artıracaq.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova
0 0

Şərhlər

Oxşar xəbərlər