Məktəblərdə nə yaşanır: Pul yığımı, yoxsa, ianə?-  Maraqlı gedişat
29-04-2022, 11:42
391

Məktəblərdə nə yaşanır: Pul yığımı, yoxsa, ianə?- Maraqlı gedişat

Nadir İsrafilov: “Axı, bizim məktəbə məbəd kimi baxdığımız vaxtlarımız olub”



Vətəndaş olaraq hər kəs bacardığı qədər məktəbə köməkliyini əsirgəməməlidir.


Bir ara fasilədən sonra məktəblərdə əsasən pul yığımı kimi assosiasiya olunan ianə toplanması, bununla əlaqədar məktəb-valideyn münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Baxmayaraq ki, məktəblərdə valideynlərdən müxtəlif adlarla və istənilən məqsəd üçün pul yığmaq birmənalı şəkildə yolverilməzdir, lakin bu heç də o anlama gəlmir ki, hansısa valideyn könüllü surətdə məktəbə maddi cəhətdən dəstək vermək fikrinə düşübsə bu kimlər tərəfindənsə kəskin reaksiya ilə qarşılansın və pul yığımı kimi qələmə verilərək, bütövlükdə məktəblər haqqında ümumi rəy yaradılsın.

 

Dünyanın əksər inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq, heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, məktəbin maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə könüldən can atırlar.

 

İngilis missioneri və xeyriyyəçisi Con Harvard - iki ixtisasdan ibarət bir kollecə öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə bağışlayıb. Kiçik bir kollec bu gün dünya nüfuzlu Harvard Universitetinə çevrilib, onun kitabxanası qitənin ən kütləvi kitabxanalarından birinə çevrilib və universitet minnətdarlıq hissi ilə onun adı ilə adlandırılıb. Belə nümunələr çoxdur. Bizdə də vaxtilə Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərlər kimi məktəb açan, xaricdə xeyli tələbə oxudan şəxsiyyətlərimiz, messenatçılıq ənənələrimiz olub.

Birdəki, elə “Təhsil haqqında” Qanunun 38-ci maddəsinə görə də, təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Məsələni bir qədər də konkretləşdirsək, valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsilin inkişafı Strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir.

 

Axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili edilməsi olub. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.

 

Bir məqama da xüsusi diqqət yetiriməlidir ki, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir. Əgər valideyn hiss etsə ki, onun maddi və mənəvi dəstəyi həqiqətən də onun övladının təhsil aldığı məktəbin ehtiyaclarına sərf olunur, o bundan məmnun qalacaq və məktəbin ab-havasına daha fəal qoşulacaq. Belə məktəblərimiz və valideynlərimiz o qədər də az deyil. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirərlər, məktəb- müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyərlər. Bu isə məsələ ilə bağlı bütün söz-söhbətlərə birdəfəlik son qoymuş olar.

 

Deməli, başlıca vəzifə könüllü ianə modelinin effektiv həll yolunu tapmaq, tətbiqinin işlək mexanizmini müəyyənləşdirmək və hərəkətə gətirməklə məktəblə ailə arasında düzgün ünsiyyətin qurulmasıdır. Nəzərə alsaq ki, ölkədə nağdsız hesablaşmalar haqqında qanun mövcuddur. İstənilən ödəmələr, köçürmələr nağdsız şəkildə olmalıdır və “Təhsil haqqında” qanunun 14-cü maddəsində də göstərildiyi kimi, təhsil müəssisələri hüquqi şəxsdir, onların bank hesabları, rekvizitləri olmalıdır – deməli çıxış yollarından biri də budur.

Bir halda ki, gənclər bizim gələcəyimizdir deyirik, milli maraqları öndə tutub, həmin gənclərin gələcəyini düşünməli, vətəndaş olaraq hər kəs bacardığı qədər məktəbə köməkliyini əsirgəməməlidir.

 

 
0 0

Şərhlər

Oxşar xəbərlər