Professor elmi adları universitetlərin verməsini TƏKLİF ETDİ
1-03-2022, 11:22
469

Professor elmi adları universitetlərin verməsini TƏKLİF ETDİ

“Məlum olduğu kimi, sovet dönəmində ali təhsil 5 il müddətinə idi. Ali məktəbi bitirdikdən sonra aspiranturaya imtahanlarda iştirak etməkdən ötrü 2 il iş stajı tələb olunurdu. Fərqlənmə diplomu ilə ali məktəbləri bitirən şəxs fakültə Elmi Şurasının zəmanət məktubu əsasında iş stajı olmadan aspiranturaya sənəd verə və imtahanlarda iştirak edə bilərdi”.

 

Bunu TehsilForumu.Az -a AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlıelmi adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.

 

Deputat söyləyib ki, elm sahələri üzrə ixtisaslarda perspektivdə bir neçə il üçün araşdırılması əhəmiyyətli hesab edilən istiqamətləri, problemləri mərkəzi hakimiyyət müəyyənləşdirir və respublikalara göndərirdi:

 

“Aspiranturaya qəbul olmuş şəxsə həmin problemlərdən birini özündə ehtiva edən dissertasiya işi mövzusu verilirdi. Mövzu və elmi rəhbər əvvəlcə kafedra (laboratoriya), sonra isə fakültə Elmi Şurasının iclasında təsdiq edilirdi. Aspirant fəlsəfə, xarici dil və ixtisas fənlərindən minimum imtahanlar verirdi. Elmi dərəcələr iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Yazılan dissertasiya işi elmi rəhbər tərəfindən oxunur, yalnız müsbət rəydən sonra müzakirəyə təqdim edilirdi. İş kafedrada bir neçə dəfə müzakirə edilir, Müdafiə Şurasına təqdim olunurdu. Müdafiə Şurasında isə ilkin olaraq baxılır və ekspertlər təyin edilirdi. Onların müsbət rəyindən sonra Müdafiə Şurası namizədlik dissertasiyasına 2, doktorluq dissertasiya işinə isə 3 nəfəri opponent təyin edirdi. Hər iki dissertasiya işinə aparıcı elmi müəssisə təyin olunurdu".

 

Musa Qasımlı qeyd edib ki, namizədlik dissertasiyası işlərində opponentlərdən biri mütləq elmlər doktoru olmalı idi, ikincisi elmlər namizədi də ola bilərdi:
“Doktorluq dissertasiya işlərində opponentlərin hamısı elmlər doktoru olmalı idi. Müdafiə Şurasının sədri, müavini və üzvləri fakültə dekanının təqdimat məktubu əsasında yuxarıdan müvafiq əmrlə təyin edilirdilər. Müdafiə Şurasının üzvləri müvafiq elm sahəsinin alimlərindən ibarət olurdu. Onlar da konkret bir elmi problemi deyil, bütün elm sahəsi üzrə yazılmış dissertasiya işlərini müzakirə edir və səs verirdilər.

 

Məsələn, neft sənayesi tarixindən dissertasiya işi yazmış bir elmlər doktoru, professor Balkan paktına dair dissertasiya işinin müzakirəsində iştirak edir və səs verirdi. Dissertasiya işi müdafiə edildikdən sonra sənədlər SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasına göndərilirdi. Elmi dərəcələri ali məktəblər, elmi tədqiqat institutları deyil, bu inzibati qurum verirdi. Elmi dərəcələrin və adların verilməsi ideologiyalaşdırılmış və mərkəzləşdirilmişdi”.

 

Professor hesab edir ki, 30 ildən çox müstəqil dövlət olsaq da və təhsil sistemimiz beynəlxalq sistemə uyğunlaşdırılsa da, elmi dərəcələrin verilməsində sovet dövrünün bəzi qalıqları hələ də saxlanılır:

 

“Bu gün “aspirantura” ifadəsi “doktorantura” ilə əvəz edilsə də, əvvəlki sistemdən ciddi şəkildə fərqlənmir. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramlarında həyata keçirilir. Təhsil əyani və  qiyabidir. Fəlsəfə doktoru proqramında əyani təhsil 3 il, qiyabi 4 ildir. İfadə olaraq “elmlər namizədi” elmi dərəcəsi ləğv edilib, yerinə “fəlsəfə doktoru” adı tətbiq edilsə də, elmi dərəcələr sovet dövründə olduğu kimi yenə iki pilləlidir.

 
Azərbaycanda müdafiə edən bir şəxs ölkə daxilində fəlsəfə doktoru hesab edilir, xarici ölkələrdə isə yalnız bir dissertasiya işi müdafiəsi olduğundan, əgər orada işləyirsə doktorluq dissertasiya işini müdafiə etmir və elmi adlarını onların qanunları ilə alır. Fəlsəfə doktoru dissertasiya işi elmi rəhbərin müsbət rəyi ilə kafedrada (laboratoriya) müzakirə edildikdən sonra Müdafiə Şurasına təqdim edilir. Elmlər doktoru dissertasiya işində elmi məsləhətçi varsa, rəyi tələb olunur. Yoxdursa, müəllif özü təqdim edir. İşə Müdafiə Şurasında ilkin olaraq baxılır və elmi seminara göndərilir. Elmi seminarın müzakirəsindən müsbət rəy alan dissertasiya işinə yenidən Müdafiə Şurasında baxılır. Ekspertlər təyin edilir və rəyə verilir. Ondan sonra Müdafiə Şurası fəlsəfə doktoru dissertasiya işinə 3, doktorluq dissertasiya işinə isə 4 nəfər opponent təyin edir. Fəlsəfə doktoru dissertasiya işinin üç opponentindən biri elmlər doktoru olur, ikisi fəlsəfə doktoru ola bilər. Doktorluq dissertasiyasında isə opponentlərin hamısı elmlər doktoru olmalıdır. Aparıcı elmi müəssisə (və ya təşkilat) indi yoxdur”.

 

Professor vurğulayıb ki, Müdafiə Şurasının üzvlərinin hər biri öz ixtisasında görkəmli alim olsa da, təbii olaraq müvafiq elm sahəsində bütün problemlərə hakim olmadıqları üçün dərin müzakirələrdə iştirak edə bilmirlər və yalnız formal olaraq səs verirlər:

 

“Sovet dövründə olduğu kimi dissertasiya işləri yenə də Ali Attestasiya Komissiyasına təsdiqə göndərilir. Fikrimcə, ölkəmizdə elmi dərəcələrin verilməsinin bir neçə pilləsindən imtina edilməsi, elmi dərəcə və elmi adların verilməsi səlahiyyətinin universitetlərə və elm tədqiqat institutlarına verilməsi faydalı olardı. Bu zaman yazılan dissertasiya işlərinin keyfiyyəti, elmi rəhbərin və ya elmi məsləhətçinin, kafedra (laboratoriya) müdirinin, müzakirədə çıxış edənlərin məsuliyyəti artar, qabaqcıl xarici ölkələrdə olduğu kimi yalnız müvafiq ixtisas və ya problem üzrə bir neçə görkəmli alimdən ibarət təşkil edilmiş heyət dissertasiya müəllifinə elmin geniş yolunu açar və məsuliyyəti də öz üzərinə götürərdi”.

Qeyd edək ki, sovet dönəmində elmi dərəcə və elmi adların verilməsi sistemi mərkəzləşmişdi. Yəni, elmi dərəcə və elmi adlar bütün dünyada olduğu kimi, universitetlər tərəfindən deyil, inzibati dövlət qurumu olan Ali Attestasiya Komissiyası tərəfindən verilirdi. Məqsəd “ideoloji yetkinliyi” təmin etmək idi və bunun üçün də “ali attestasiya” ciddi bir alət idi. Bu gün “sovet ideologiya tələbi” olmasa da, ali təhsil sistemi beynəlxalq tələblərə uyğunlaşdırılsa da, elmi dərəcə və elmi adların verilməsində sovet sistemi olan “ali attestasiya” tətbiq edilməkdədi.


 
0 0

Şərhlər

Oxşar xəbərlər