Direktor müavini işdən çıxarmamaq üçün pul istəyib?
5-02-2022, 08:50
311

Direktor müavini işdən çıxarmamaq üçün pul istəyib?

Ucarın daha bir məktəbində şagird, müəllimlərin ona qarşı kobud davranmasından şikayətçidir.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Qarabörk kənd Tam Orta Məktəbində direktorla, həmin məktəbdə çalışan təsərrüfat işləri üzrə müavin və şagird arasında problem yaranıb. Belə ki, rayonun Qarabörk kəndində 2008-ci ildə anadan olan, hazırda 8-ci sinifdə təhsil alan və bir qədər qüsurlu olan Qənbər Nüsrət oğlu İbrahimov 20 gündür ki məktəbə getmir. 

Qənbərin dediyinə görə, buna səbəb, məktəbin Validə və Sevinc adlı müəllimlərinin onu şagirdlərin içində təhqir etməsidir.

Qənbər İbrahimovun anası Gülzadə Salehova da övladının məktəbdə təhqir olunduğunu deyir.

Qənbərin atası Nüsrət İbrahimov isə bildirir ki, müəllimələrin övladı ilə kobud davranmasına görə, məktəb rəhbərliyi heç bir tədbir görmür: “Böyük qızım 635 balla ali məktəbə qəbul olub. İstəyirəm oğlum Qənbərdə oxuyub ali məktəbə qəbul olsun. 5-ci sinfə kimi əla qiymətlərlə oxuyub. Son illərdə məktəbdə xoşagəlməz halların baş verməsi uşağın təhsilə marağını tamamilə azaldıb”.

Məktəbdə təsərrüfat işləri üzrə müavin Allahverdi Əliyev də məktəbin direktoru Aysel Həmidovadan şikayətçidir. Onun sözlərinə görə, Aysel Həmidova məktəbə direktor təyin olunan gündən pul yığmağa başlayıb: “Məndən də aylıq pul istədi. Mən aztəminatlı ailəyəm, maaşım bu il artıb, 305 manata çatıb. Mən ona aylıq pul verə bilməyəcəyimi dediyimə görə, indi məni işdən çıxaracağını deyir. Direktorun yaratdığı problemlə bağlı rayon prokurorluğuna və digər müvafiq orqanlara məlumat vermişəm”.

Təhsil ocağının direktoru Aysel Həmidova isə şifahi olaraq bildirdi ki, o, heç kimdən pul tələb etməyib və həmin şəxsi də məhkəməyə verib.

Ucar Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov da məsələyə şifahi olaraq münasibət bildirdi. Onun sözlərinə görə, Allahverdi Əliyevlə bağlı olan məsələ Nazirlik tərəfindən araşdırılır. Digər şikayətçi Nüsrət İbrahimovun övladı ilə bağlı isə onlara heç bir məlumat daxil olmayıb. Bütün bunlara baxmayaraq, hər iki fakt araşdırılacaq.

Yeri gəlmişkən qeyd edək ki, bu, Ucarda orta məktəblərdə baş verən ilk hadisə deyil. Belə ki, bundan bir müddət öncə də Ucar rayon Qaradağlı kənd sakini Nicat Əzizov kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Zəhra Əzizovanın sinif yoldaşı və məktəb direktoru tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə müraciət edib.

0 0

Şərhlər

Oxşar xəbərlər