“Məktəbli kitabçası”nda şagirdlərə qiymət və formativ qiymətləndirmə yazılır?
14-10-2022, 18:51
3 161

“Məktəbli kitabçası”nda şagirdlərə qiymət və formativ qiymətləndirmə yazılır?

Sosial şəbəkələrdə şagirdlərin qiymətləndirməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, şagirdin aldığı qiymətlə bağlı “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılmayacaq.



Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.



TehsilForumu.Az Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat işçi görüşdə səslənmiş mövcud qaydanın təhrif olunmuş formasıdır:



“Bildiririk ki, təhsilalanların məktəbdaxili qiymətləndirilməsi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nın təsdiq edilməsi barədə Elm və Təhsil Nazirliyinin 2018-ci il 8/1 nömrəli qərarına əsasən aparılır. Həmin qərara istinadən aşağıda qeyd olunmuş hallarda “Məktəbli kitabçası”nda qeydlər aparılır.



Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır. Formativ qiymətləndirmə zamanı rəqəmlərdən istifadə olunması yolverilməzdir. Bu, “Məktəbli kitabçası”nda qiymət yazılmır mənasına gəlmir.



Müəllim mütəmadi olaraq formativ qiymətləndirmənin nəticəsini sözlə şagirdin gündəliyinə, yəni “Məktəbli kitabçası”na qeyd edə bilər. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət (rəqəmlərlə) summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.



Təhsilalanın yarımillik və illik balları sinif jurnalı və “Məktəbli kitabçası”nda rəqəmlərlə yazılır”.



Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır:



“Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.

Hazırda ümumi təhsil müəssisələrində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi Təhsildə Qiymətləndirmə Konsepsiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” əsasında həyata keçirilir.



Bununla belə ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəfələrlə dəyişib. Əsas dəyişiklik summativ qiymətləndirmədə olub. Dəyişiklikləri nəzərdə tutan yeni qaydalara əsasən, bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanır. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılır. 0-30 bal “2”, 30-60 bal “3”, 60-80 bal “4” və 80-100 bal isə “5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılır.



Dəyişikliklərin şagird gündəliklərində də öz əksini tapmalı olduğu bildirilib. Belə hesab olunur ki, bu dəyişikliklər şagirdlərin psixoloji gərginliyini azaltmağa, müəllimlərin də yükünün azaldılmasına və vaxtlarına qənaət etməsinə xidmət edir”.



“Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” mövcud qiymətləndirmə sənədi qəbul olunub ki, bunun da birdəfəlik və ciddi şəkildə təkmilləşdirilməsinə böyük ehtiyac var. Yalnız qiymətləndirmə mexanizmini sadələşdirmək yolu ilə təkmilləşdirmək sayəsində şagirdləri psixoloji gərginlikdən, müəllimləri isə ağır yükdən azad etmək olar”, - deyə o qeyd edib.
 Ardı var....
0 0

Şərhlər

Oxşar xəbərlər