Ümumi təhsillə bağlı bəzi problemlər barədə
18-02-2022, 16:23
952

Ümumi təhsillə bağlı bəzi problemlər barədə

Həyat böyük bir prosesdir. Bu prosesdə iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

Ölkəmizin ümumi təhsil sistemi qabaqcıl beynəlxalq təcrübəyə uyğun aparılan islahatlar nəticəsində məzmun və mahiyyət baxımından xeyli inkişaf edib zənginləşsə də, elə məsələlər vardır ki, onları əhəmiyyətlilik cəhətdən müzakirə və tədqiqat mövzusuna çevirərək müəyyən qənaətə gəlmək, zənnimcə, faydalı olardı. Haqqında danışacağımız məsələlərə münasibət bildirilməsi ilə əlaqədar müəyyən vaxtlarda təkliflər səsləndirilsə də, bu və ya digər səbəblərdən müzakirəsi başa çatdırılmamışdır. Bu yazıda onların bəzilərini öz qənaətimizə görə əsaslandırmağa çalışacağıq. Heç şübhəsiz, fikir ayrılıqlarının olacağını da təbii qəbul edirik. Beləliklə:

Buraxılış imtahanları vacibdirmi?

Müəyyən olunmuş qaydalara görə, tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran şagirdlər üçün tədris dili, xarici dil və riyaziyyat fənlərindən nailiyyətlərin qiymətləndirilməsi (yekun attestasiya) məqsədi ilə buraxılış imtahanları keçirilir.

Məktəbdaxili qiymətləndirmənin bir növü olan və iki formada (kiçik summativ, böyük summativ) aparılan summativ qiymətləndirmələr də fənlər üzrə məzmun standartlarının mənimsənilməsi ilə bağlı şagirdlərin nailiyyətlərinin müəyyən olunmasına xidmət edir. Qaydalara uyğun olaraq, müəllimlər və məktəblərin rəhbərliyi tərəfindən aparılan summativlər qiymətləndirmə baxımından daha geniş imkanlara malikdir, çünki tədris ilinin müəyyən dövrlərində mütəmadi təşkil edilir, nəticələri təhlil olunur.

Nümunə üçün deyək ki, məsələn, hər hansı bir şagird illər boyu aparılan summativlərin yekunlarına görə, buraxılış fənlərindən “3”, yaxud “4”-dən artıq qiymət ala bilməyibsə, həmin şagird (şagirdlər) nə səbəbdən təkrar olaraq yekun attestasiya adlanan buraxılış imtahanlarından keçməlidir?! Bildirilə bilər ki, müəllimlərin verdikləri qiymət (qiymətlər) şişirdilmiş ola bilər, buraxılış imtahanları  isə obyektivliyi təmin edir. Əgər belədirsə, axı buraxılış imtahanları yalnız üç fəndən keçirilir, digər fənlərdən təhsil sənədlərinə yekun qiymətlər kimi summativlərin nəticələri yazılır. Demək, obyektivlik o üç fənnə aiddir, qalanlarına isə yox?!

Fikrimizcə, buraxılış imtahanları keçirilmədən şagirdlərə illik qiymətlər əsasında təhsil sənədi verilərsə, bu, şagirdlərin psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər.

Müəllimlik ixtisasına testlə qəbul qəbulediləndirmi?

Ali və orta ixtisas təhsili müəssisələrinə test üsulu ilə tələbə qəbulu obyektivliyin təmin olunmasında mühüm rol oynayıb və bu gün də uğurla davam etdirilir.

Lakin müəllim peşəsi, pedaqoji iş elə bir məsuliyyətli, taleyüklü fəaliyyət sahəsidir ki, bu ixtisasa sadəcə test suallarına cavabların nəticələrinə görə tələbə qəbul etmək əksər hallarda özünü doğrultmur. Hətta bu peşəni sevmədən, yalnız ali məktəbə daxil olmaq xatirinə ərizə verənlərin sayı da az deyildir. Başqa bir ixtisas seçib balı çatmadığı üçün müəllimlik ixtisasına yönəldilənlər də mövcuddur. Belələrinin gələcəkdə yaxşı müəllim kimi bu peşəyə bağlanacaqları həmişə sual altında olub.

Müəllimləri, müəllimliyi şərtləndirən xüsusiyyətləri kim bilmir ki: ixtisası üzrə qaneedici savad səviyyəsi ilə bərabər, daha çox sadə, ləyaqətli, ədalətli, mərhəmətli, şəfqətli olması. Eyni zamanda müəllim həmişə aydın nitqə malik, xoşsimalı və xoşrəftarlı, mehriban, səliqəli insan kimi təsəvvür olunub. Bu mənada müəllimlik ixtisasına qəbul prosesini müəyyən edilmiş qaydalar əsasında abituriyentlərlə canlı təmas şəraitində xüsusi komissiyalar vasitəsilə keçirmək, yəqin ki, daha çox fayda verərdi. Belə olduğu halda, düşünürük ki, komissiyalar (bəlkə də iki mərhələdə) abituriyentin savadı ilə yanaşı, onun nitq qabiliyyəti, bu peşəyə marağı, uşaqlara münasibəti, psixoloji və fiziki vəziyyəti, dünyagörüşü, xarizmatikliyi barədə məlumatlanıb müəyyən qərar qəbul edə bilər.

Bir məsələyə də diqqət yetirmək yerinə düşərdi. Ola bilərmi ki, qəbul prosesinin nəticəyönümlüyünü, faydalılıq əmsalını daha da gücləndirmək üçün ayrı-ayrı bölgələrin fənlər üzrə müəllim kadrlarına ehtiyacı əvvəlcədən öyrənilsin, müddətli perspektiv planlaşdırma aparılsın, aidiyyəti bölgə məzunlarının təhsilini başa vurduqdan sonra həmin ərazinin müvafiq məktəblərində işləmək şərtilə zəruri ixtisaslara müsabiqədənkənar məqsədli qəbul təşviq və təmin edilsin.

Ehtimal edirik ki, qəbul prosesinin, qismən də olsa, regionların ehtiyacına nəzərən aparılması mexanizminin hazırlanması və tətbiqi pedaqoji kadr sahəsində bir sıra problemlərin həllinə əhəmiyyətli dərəcədə köməklik göstərər.

İbtidai təhsil: müəllim necədirsə, sinif də elədir

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır”. Müəllimə hörmət və məhəbbətin nuruna boyanmış bu səmimi sözlər ulu öndər Heydər Əliyevə məxsusdur. İnsanın həyatında müəllimlərin, əlbəttə ki, əsl müəllimlərin rolu danılmazdır. Lakin müəllimlərdən söz düşəndə insanlar istər-istəməz ilk müəllimini-ibtidai sinif müəllimini xatırlayırlar. Şübhəsiz ki, o müəllim, xüsusən də, ibtidai sinif müəllimi xoşbəxtdir ki, şagirdlərinin yaddaşında mənəvi heykəllərini ucaldıblar.

Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyil-maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz.

Yaxşı deyiblər ki, “o müəllim yaxşı öyrədir ki, onu yaxşı öyrədiblər.” Bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir.

Fikrimizcə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir.

Mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır. Digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr, həqiqətən, həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır. Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir.

Qənaətimiz bundan ibarətdir ki, ən əvvəl, tutarlı araşdırmalar aparıb belə müəllimləri aşkara çıxarmaq, daha sonra onlara qarşı görülə biləcək tədbirləri müəyyənləşdirib müzakirəyə çıxarmaq və müvafiq təkliflər hazırlamaq məqsədəuyğun olardı.

Metodbirləşmələr özünü nə dərəcədə doğruldur?!

Araşdırmalar göstərir ki, bəzi ümumtəhsil məktəblərində metodik xidmətin təşkili məqsədilə yaradılan fənn metodbirləşmələri təyinatına görə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini tam təmin edə bilmir. Halbuki xüsusilə indiki dövrdə hər bir məktəbdə müəllimlərin peşəkar hazırlıqlarının daim nəzarətdə saxlanılması, onlara metodik köməkliyin təkmil formalarından istifadə edilməsi ciddi məsələ kimi qarşıda durur.

Nə etməli? Bu sual ətrafında düşünülməli, təkliflər verilməlidir. Aydın məsələdir ki, məktəbin uğurları səmərəli idarəetmə ilə yanaşı, bilavasitə müəllimlərin elmi-nəzəri səviyyəsindən, metodik sahədə kamilliyindən asılıdır. Şübhəsiz, müəllim inkişaf etməlidir, daim öyrənməli, bilik və peşə ustalığını artırmalıdır. Fikirimcə, həmin işlərin təşkili və tənzimlənməsi üçün məktəblərdə Pedaqoji şuranın qərarı ilə ümumi rəhbərliyi təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə olunmuş bir alt-qurum, məsələn, metodiki xidmətlə bağlı tədbirlərin tənzimlənməsi və keyfiyyətcə yaxşılaşdırılmasını həyata keçirən Metodiki şura (“Təhsil haqqında Qanun, 30.6-cı maddə) yaradıla bilər.

Metodiki şuranın fəaliyyət istiqamətlərini nümunəvi şəkildə aşağıdakı kimi müəyyənləşdirmək olar:

* Qabaqcıl pedaqoji təcrübələrin və təhsil innovasiyalarının öyrənilməsi və tətbiqi;
* Yeni təhsil proqramları (kurikulumlar) və qiymətləndirmə növlərinin daha təkmil məzmunda tətbiqinə həsr olunmuş öyrədici seminar və “dəyirmi masa”ların keçirilməsi;
* Qabaqcıl fənn müəllimlərinin iş təcrübələrinə aid təqdimat və ustad dərslərinin təşkili;
* Sinifdənxaric və məktəbdənkənar tədbirlərin fənlər üzrə təlim materiallarının məzmun və mahiyyəti ilə uyğunlaşdırılması, biri digərini tamamlaması imkanları barədə təklif və tədbirlərin müəyyən olunması;
* Şagirdlərin təlim göstəricilərinin təhlil edilməsi və həmin əsasda fənlər üzrə reytinq cədvəllərinin hazırlanması, bu və ya digər fənnin tədrisi vəziyyəti haqda məsələyə Pedaqoji şurada baxılması üçün təkliflərin verilməsi;
* Ümumi təhsillə bağlı yeniliklər və övladlarının təhsildə irəliləyiş və geriləmələri barədə valideynlərin məlumatlandırılması işinin təşkili və s.
Əlbəttə, bu tədbirlərin sayını artırmaq, yaxud başqa redaksiyada ifadə etmək, əlavə alt-tədbirlər müəyyənləşdirmək mümkündür. Eyni zamanda, nəzərdə tutulan işlərin fənn sahələrinin məqsəd və vəzifələri, problemləri baxımından yerinə yetirilməsi üçün şuranın nəzdində nümunəvi fənn bölmələri də təşkil oluna bilər:

* Məktəbəhazırlıq və ibtidai siniflər;
* Humanitar fənlər (tədris dili, Azərbaycan dili-dövlət dili kimi, xarici dillər, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix);
* texniki və təbiət fənləri (riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya);
* Psixomotor fənlər (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, texnologiya, çağırışaqədərki hazırlıq).
Heç şübhəsiz ki, metodiki şuranın təşkili müəyyən bir normativ sənədə (əvvəllər belə bir sənəd layihəsi hazırlanmışdı) əsaslanmalıdır ki, burada şuranın fəaliyyət istiqamətləri, strukturu, hüquq və vəzifələri öz əksini tapmış olsun.

Dərəcəli attestatlar ola bilərmi?

Məlumdur ki, hazırda təhsil nailiyyətlərindən asılı olaraq, ölkəmizin ümumtəhsil məktəblərinin IX sinif məzunlarına adi, fərqlənmə, XI sinif məzunlarına isə bunlarla yanaşı, həm də xüsusi nümunəli attestatlar təqdim olunur. Bu, tam təbii, ədalətli haldır, çünki məzunun aldığı sənəd onun təhsil fəaliyyətinin aynasıdır.

Lakin diqqət etdikdə adi  attestatlarla bağlı düşündürücü bir hal meydana çıxır: bu növ attestatların təlim göstəriciləri arasında sanki bərabərlik işarəsi qoyulmuşdur, yəni orta attestat qiyməti “3” olan da, deyək ki, “4”, “4,5” olan da fərqləndirilmədən hər biri adi attestat alır.

Fikrimizcə, bu vəziyyəti aradan qaldırmaq üçün dərəcəli adi attestatların tətbiqi barədə məsələni müzakirə etmək, rəy və mülahizələri dinləmək faydalı olardı.

Yəqin ki, mübahisələrə səbəb olacaq bəzi məsələlər barədə də fikirlərimi bölüşmək istərdim. Belə bir stereotip mövcuddur: ümumi təhsilin tam orta təhsil səviyyəsini aşağı (bir sıra hallarda çox aşağı) qiymətlərlə bitirsə də, məzunun ali məktəbə qəbul imtahanı vermək hüququ vardır. Təsəvvür edək ki, həmin məzun (məzunlar) özünün biliyini, hazırlıq səviyyəsini, attestatına yazılan qiymətləri nəzərə almadan, digərlərindən fərqlənməmək xatirinə qəbul imtahanı verir və uğursuzluğa uğrayır, növbəti il də eyni vəziyyət təkrar olur. Bu, məzuna nə verir?! Əlbəttə, vaxt itkisi, pessimistlik, ruhi düşkünlük... Etiraf edək ki, məzunun aldığı təhsil sənədi, müəyyən istisnaları çıxmaq şərtilə, onun fəaliyyət yolunu müəyyənləşdirən kompasdır. Əslinə qalsa, potensial imkanlarına görə, hər bir məzunun bacara biləcəyi işə, peşəyə, sənət növünə həm məktəb, həm də valideyn tərəfindən düzgün istiqamətləndirilməsi elə onun vətəndaş hüququnun müdafiəsi deməkdir.
Ehtimal edirik ki, tam orta təhsil üzrə adi attestatın statusuna məzunun yekun qiymətlərinə uyğun müəyyən hədd qoyulmalıdır: hansı adi attestat məzuna hansı təhsil müəssisəsində təhsilini davam etdirməyə əsas verir?! Dərəcəli adi attestatların tətbiqi təklifi də məhz bu fikirdən qaynaqlanır.

Tam orta məktəb statusu və müəllim fəaliyyətinin qiymətləndirilməsi

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə”  uyğun olaraq, ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində şagirdlərin istedadlarının reallaşdırılması üçün lazımi şəraitin yaradılması, onlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət, İKT-dən sərbəst istifadə bacarıqlarının, obrazlı və tənqidi təfəkkürün formalaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması və s. tələblər irəli sürülür.

Şübhəsiz, bu tələbləri yerinə yetirmək üçün tam orta təhsil səviyyəsi olan ümumtəhsil məktəblərində möhkəm maddi-texniki və tədris bazası, güclü pedaqoji kadr heyəti olmalı, səriştəli idarəetmə sistemi qurulmalıdır.Yaxşı haldır ki, dövlətin diqqət və qayğısı sayəsində məktəb binalarının inşası, əsaslı təmiri və yenidən qurulması işlərinin davamlı şəkildə həyata keçirilməsi təhsil şəraitinin əsaslı surətdə yaxşılaşmasına, xüsusilə də, tam orta təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Bununla belə, o da etiraf olunmalıdır ki, tam orta məktəb statuslu məktəblərin (xüsusilə kənd yerlərində) heç də hamısı qanunvericiliklə müəyyən edilmiş tələb və öhdəliklərə tam cavab vermir. Mövcud vəziyyətin səbəbləri müxtəlif arqumentlərlə izah olunur: məktəb binasının şəraitsizliyi, tədris bazasının zəifliyi, yol-nəqliyyat problemləri, bir sıra hallarda müəllim çatışmazlığı, internetin olmaması, valideynlərin övladlarının təhsilinə laqeyd münasibəti və s.

Əlbəttə, obyektiv və subyektiv problemlər mövcuddur, onların bəziləri nəzərə alınmalıdır. Lakin, hər şeydən əvvəl, ciddi təhlillər aparılmaqla (təmayüllü tam orta təhsil siniflərinin təşkilində belə araşdırmalar həyata keçirilmişdi) hər bir rayonun kənd ərazilərində kiçik kontingentli, şəraitsiz tam orta məktəbləri ümumi orta məktəblərə çevirməklə (onsuz da icbari təhsil ümumi orta təhsildir) normal tam orta məktəblərin zonalar üzrə təşkili və bununla əlaqədar şagirdlərin qismən uzaq məktəblərə daşınmasının həlli məsələsinə baxmaq zəruri problem kimi meydana çıxır.

Bütün bunlar öz yerində, ancaq obyektiv-subyektiv çətinliklər olsa da, şagirdlərin savad səviyyəsi diqqətdən kənarda qalmamalıdır.

Yeri gəlmişkən, yerlərdə araşdırma apararkən belə faktlar da aşkara çıxarılırdı ki, məsələn, bir müəllim 5 il ərzində müxtəlif siniflər üzrə 300-350 şagirdə dərs deyib və bu şagirdlərin 65-75 faizinin biliyi “3”-lə qiymətləndirilib. O zaman sual meydana çıxır: Müəllim öyrədə bilmir, yaxud uşaqlar öyrənmək istəmirlər?! Təbii ki, cavab müəllimin xeyrinə deyil. Və ya müəllimlər var ki, “bilmir” deyib şagirdə “2” yazmaqla işlərini bitmiş hesab edirlər. Əslində, “2” qiymətlə müəllim şagirdi yox, özünü qiymətləndirir. Əgər dərs dediyi fəndən uşağa elementar səviyyədə heç nə öyrədə bilmirsə, onun müəllimliyi şübhə altına düşür. Söz yox ki, məktəbə gələn şagird, bəzi obyektiv səbəblər istisna olunmaqla, ya ümumi orta, ya da tam orta təhsil səviyyəsini bitirməlidir, “2” qiymət yazmaqla şagirdi sinifdə saxlamaq kimi qeyri-humanist təcrübədən biryolluq imtina edilməlidir.

İbrətamiz bir fikir mövcuddur: “Müəllim var həqiqəti uşaqlara çatdırır, müəllim də var ki, uşaqlara həqiqətin yolunu tapmağı öyrədir”. Şübhəsiz, bizim məktəblərə müstəqil düşünən, yaradıcı təfəkkürlü, millətə, xalqa sədaqətli gənclər yetişdirən müəllimlər lazımdır. Belə müəllimlər hər cür hörmət və ehtirama layiqdirlər.

Bu yazıda, bizim təbirimizcə, problemli hesab olunan bəzi məsələlərə toxunduq. Güman edirik ki, qeyd edilən təkliflərə münasibət bildirilməsi üçün onların müəyyən səviyyələrdə müzakirəyə çıxarılması faydalı olar.

P.S. Son zamanlar şagirdlərə verilən, xüsusilə də, ibtidai sinif şagirdləri üçün müəyyən olunan ev tapşırıqlarının mahiyyəti və həcmi barədə valideynlərin iradları artmaqdadır. Hesab edirik ki, bununla əlaqədar müəllimlərin, məktəb rəhbərləri və təhsil mütəxəssislərinin iştirakı ilə diskussiyalar aparıb bu sahədə mövcud normativ sənədin təkmilləşdirilməsi istiqamətində də təkliflərin hazırlanması yerinə düşərdi.

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

"Azərbaycan Müəllimi qəzeti"
0 0

Şərhlər

Oxşar xəbərlər