“Məktəb eyni vaxtda öyrənməyə gələn insanların birliyidir"
28-01-2022, 15:26
493

“Məktəb eyni vaxtda öyrənməyə gələn insanların birliyidir"

Dünya şöhrətli yazıçı Lu Aronika “Yeni çağırışlar”da


“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı “Nyu York Tayms” bestseller müəllifi, “Yaradıcı məktəblər”in həmmüəllifi, redaktor və naşir Lu Aronika təhsilə baxışları və düşüncələrini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramın 25 yanvar 2022-ci il tarixində yayımlanan bölümündə Lu Aronika ilə yaradıcı məktəblər barədə danışılıb. “T-Network”un koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Yaradıcılığın bünövrəsi

 

Proqramın bu buraxılışının məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi, müsəlman şərqində ilk dünyəvi Qızlar Məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum gününə təsadüf etdiyi üçün Qızlar Məktəbinin təsviri fonunda qonağı və izləyiciləri salamlayan gorüşün aparıcısı Cəfər Mənsimi dünya şöhrətli yazıçı Lu Aronikanı onlara yaxından təqdim edib. O qeyd edib ki, Lu Aronika tanınmış yazıçı Ken Robinson ilə birlikdə “Nyu York Tayms” bestsellerinin, “Yaradıcı məktəblər”, “Sən, övladın və məktəb: ən yaxşı təhsilə aparan bələdçi”, “Öz gücünü tap” kitablarının həmmüəllifi, o cümlədən “Sonsuz il”, “Qışda kəşf”, “Yarpaqlar” və digər əsərlərin müəllifidir.

 

Aparıcının qonağa ünvanladığı ilk sual yazıçının yaradıcılıq və özünükəşf yoluna başlamağı, yaradıcılıq qapısını necə açması, özünü nə qədər reallaşdırdığını düşünməsi barədə olub. Erkən yaşlarından yaradıcılığa çox önəm verən müəllimlərdən dərs aldığını qeyd edən L.Aronika təhsil illərinin ABŞ-da inqilabi dövr yaşandığını, hesablama və hafizə ilə yanaşı öyrənənlərə digər alternativ imkanların, qabiliyyətlərin də aşılandığını, bunun nəticəsi olaraq kreativ yanaşmaya sahib olduğunu, yaradıcılığını təhsilə sərf etdiyini, təfəkkürünü əsərlərində təcəssüm etdirdiyini diqqətə çatdırıb. Şagirdlərə düşünməni necə həyata keçirməyi öyrətməyin vacibliyindən danışan qonaq məşhur caz musiqiçisi Mayls Devisin dediyi “Yaxşı improvizə etmək üçün siz musiqinin əsaslarını bilməlisiniz” sözlərinin təhsildə də keçərli olmasını vurğulayıb. Lu Aronika insanları düşünməyə həvəsləndirməyin dəyişiklik yaratmaq üçün ən mühüm məqam olduğunu deyib: “Müəllimlərimiz bizim düşünməyimiz, özümüzü dərk etməyimiz üçün çox çalışırdılar. Əlbəttə, onların eşitmək istədikləri cavablar var idi, lakin bu cavabları bizdən almaq üçün onlar israr etmirdilər. Ən böyük təsir düşünmək, oxumaq, öyrənmək, özünü kəşf etməkdən ibarətdir”.

 

Müəllimlik arzusu

 

Lu Aronika məktəbi bitirdikdən sonra müəllim olmaq istəyi, lakin müsabiqədən keçə bilməyərək başqa iş tapması, daha sonra kitab biznesinə keçməsi, yazıçı olmaq qərarına gəlməsi haqqında bəhs edib. Bildirib ki, müəllim olsaydı özünü mümkün qədər yaxşı ifadə edər, dərs deyəcəyi şəxsləri ədəbiyyata, yaradıcılığa, yazıçılığa həvəsləndirərdi: “Mən indi tədris otağında, sinifdə olsaydım çalışardım ki, uşaqlar kifayət qədər inklüziv şəraitdə təhsil alsınlar, öyrənmə baxımından ac, sözün yaxşı mənasında aqressiv olsunlar. Şagirdlərə mümkün qədər məlumatcanlı olmaq, hər şeylə maraqlanmaq mesajı çatdırardım. Təhsildə öyrənməyə can atmaq, maraqcanlı olmaq çox vacibdir”.   

 

Qonaq bildirib ki, məktəblərdə hər bir uşaq fərqli öyrənmə tərzinə malikdir və bu səbəbdən hər şagirdə fərdi yanaşmaq lazımdır. Şagirdlər isə, öz növbəsində, mümkün qədər şüurunu açmalı, maraqlandıqları məsələləri araşdırıb öyrənməyə çalışmalıdır. Lu Aronika hesab edir ki, yaradıcı məktəblərin əsas xüsusiyyətləri fərdin özünü ifadə imkanlarının yaradılması üçün şəraitin olması, mümkün qədər çox fürsətin qazandırılması, şagirdləri dünyanı kəşf etməyə həvəsləndirilməsindən ibarətdir.

 

“Məktəb direktorları necə yaradıcı rəhbər və lider ola bilərlər?” sualını cavablandıran bestseller müəllifi qeyd edib ki, direktorlar müəllimlərə inanmalı, dəstəkləməli, lazımi şərait yaratmalı, həvəsləndirməlidirlər və eyni zamanda onların şagirdlərlə fərdi qaydada işləmələrinə nəzarət etməlidirlər.

 

Cəfər Mənsiminin “Obrazları müəllim, şagird, valideyn olan kitab yazsaydınız qəhrəmanınız kim olardı və niyə?” sualına cavab olaraq yazıçı birmənalı şəkildə həmişə qəhrəmanının şagird olacağını vurğulayıb. L.Aronika “Yaradıcı məktəblər” kitabından misal gətirərək təhsilin əsas məqsədinin uşaqları qəhrəmana çevirmək olduğunu qeyd edib. 


Ən yaxşı təhsilin dizaynı

 

“Siz, övladınız və məktəb: ən yaxşı təhsilə aparan bələdçi” kitabının həmmüəllifi ən yaxşı təhsil sistemində məktəblərdə uşaqların sosial, iqtisadi, məişət imkanlarının müxtəlifliyindən asılı olmayaraq coşqulu, maraqcanlı olması və bütün şagirdlərin nəzərə alınmasının çox vacibliyini qeyd edib. O bildirib ki, ən yaxşı məktəblər hər kəs üçün eyni imkanlar təmin etməlidir.

 

Lu Aronika birlikdə 4 kitab yazdığı dünya şöhrətli yazıçı Ken Robinson haqqında danışarkən onun çox ilhamlandırıcı bir şəxsiyyət olduğunu önə çəkib. Qonaq hər kəsin potensialının olması, görməli olduğu işləri kəşf etməyin vacibliyi kimi məqamları Ken Robinsondan öyrəndiyi ən əsas dərs kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, “Cənab Robinsonla yazdığımız birinci kitab “Element” adlanır. İnsanlar öz elementini, sevdiyi işi tapdıqdan sonra xoşbəxt olurlar. Bir çox şeyi sevə bilərsiniz, lakin bacarığınız, istedadınız olan işlə məşğul olmaq çox önəmlidir. Mümkün qədər özünüzü dünyaya açın, əgər sizi nəsə cəlb edirsə, onun arxasınca gedin. O zaman dəyişən şəraitə belə özünüzü uyğunlaşdıra biləcəksiniz”.

 

Yazıçı təhsildə yaradıcılığın qiymətləndirilməsi barədə danışarkən qiymətləndirməni aparan şəxslərin, nəyi necə qiymətləndirməyin lazım olduğunu bilən insanların düzgün seçilməsinin çox vacibliyini bildirib.

 

Uşaqlarda güclü öyrənmə iştahasının olması, lakin məktəbə getdikcə bu marağın azlması məsələsinə toxunan bestseller müəllifi uşaqlara sevdikləri işlə məşğul olmağa imkan verilsə, vaxtlarının böyük hissəsini maraqlandıqları sahəyə ayırmağa şərait yaradılsa onlardakı kəşf etmək həvəsinin heç vaxt sönməyəcəyini dilə gətirib. Qonaq tanınmış professor Hovard Qardnerin “Çoxşaxəli zəka nəzəriyyəsi”ndə qeyd olunan 12 öyrənmə tərzinə əsaslanaraq uşaqların necə öyrənməyini müəyyən etməyi tövsiyə edib.

 

Meta dünyası təhsildə

 

“Yeni çağırışlar”ın aparıcısı C.Mənsiminin “Gələcək dünya, virtual reallıq, rəqəmsal transformasiya fonunda təhsilin məqsəd və vəzifələrinin hansı istiqamətdə dəyişəcəyini və ya dəyişməli olduğunu düşünürsünüz?” sualının qarşılığında bestseller müəllifi qeyd edib ki, virtual reallıq təhsilin reallaşmasını asanlaşdırır, əvvəl bağlı olan qapıları açır, öyrənənlərə sürətlə hərəkət etməyə fürsət verir, təhsilin fərdiləşməsi, təkbətək ünsiyyət üçün böyük imkanlar yaradır. Bu baxımdan, yazıçı meta dünyasını “ən gözəl müttəfiq” adlandırıb, təhsil vəzifələrinin yalnız müsbət istiqamətdə dəyişəcəyini vurğulayıb.

 

“Təhsil sistemini yenidən qursaydınız məktəblərin hansı yeni formaları olardı? Məktəbə getmək məcburiyyəti qalardımı?” sualına Lu Aronika “Məktəbə getmək məcburiyyəti həmişə olacaq, bu müstəsnadır. Düşünmürəm ki, nə vaxtsa hər insanın ilk 10 illik həyatında məktəb olmasın. Mən təhsil sistemini yenidən qursaydım çox şey virtual və fərdi olardı. Məktəblərə müstəsna sayda imkanlar qazandırmağı deyə bilərəm” fikirləri ilə cavab verib.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablandıran yazıçı aşağıdakıları sadalayıb: “1.Fərdilik, individual yanaşma; 2.Kompleks düşünmə; 3.Uyğunlaşmaq bacarığı, adaptasiya qaçılmazdır; 4.Maraqcanlı, elmcanlı olmaq; 5.Tədris etmək, dünyaya açılmaq imkanının olması; 6.Əlçatanlıq, nəyisə kəşf etmək üçün imkanları əlçatan etmək; 7.Kəşf etmək iştahası; 8.Öyrənmək üçün birliyin olması. Məncə birlik, icma kimi məqamların dərk edilməsi əsas çağırışlardan biridir. Məktəblərin dünyanı bir yerdə kəşf etməsi çox vacibdir”.

 

Sonda T-Network-un koordinatoru Cəfər Mənsimi Təhsil Nazirliyinin sifarişi ilə Lu Aronikanın Ken Robinsonla birlikdə yazdığı “Yaradıcı məktəblər” kitabının Azərbaycan dilinə tərcümə olunduğu barədə məlumat verib. Yazıçının “Yeni çağırışlar” proqramında səsləndirdiyi dəyərli fikirlərini “masterklass” adlandıran aparıcı Lu Aronikanın “Məktəb eyni vaxtda öyrənməyə gələn insanların birliyidir” fikri ilə görüşü tamamlayıb.

 
0 0

Şərhlər

Oxşar xəbərlər