Peşəkar mühasib sertifikatı almaq istəyənlərin nəzərinə
16-12-2021, 13:37
289

Peşəkar mühasib sertifikatı almaq istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.
 
TehsilForumu.Az xəbər verir  ki, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb və imtahan vermək üçün 216 nəfər müraciət edib.
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.
 
İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər. Həmçinin imtahan iştirakçısının “Yaddaş kitabçası” Mərkəzin saytinda yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.


Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);


- imtahana buraxılış vərəqəsi;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilir, imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir).
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi müəllim, 2 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.


COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.


Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
 
 
 
0 0

Şərhlər

Oxşar xəbərlər