Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın ikinci mərhələsi keçiriləcək
22-12-2021, 15:40
405

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın ikinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçiriləcək.
TehsilForumu.Az Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi vasitəsilə aparılıb. İmtahanda iştirak etmək üçün 219 nəfər müraciət edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

COVID-19 ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahan 3 saat davam edəcək. Namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçıları kitabça ilə mütləq tanış olmalıdırlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi müəllim, 2 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
 
0 0

Şərhlər

Oxşar xəbərlər