PMS sertifikatı peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulur
26-08-2022, 10:54
619

PMS sertifikatı peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulur

"Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların təşkili Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

TehsilForumu.Az Dövlət İmtahan Mərkəzinin saytına istinadla PMS imtahanlarının nəticələri əsasında verilən sertifikat növləri haqqında məlumatı təqdim edir.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;

4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.

Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. Birinci mərhələ mühasibat uçotu, ikinci mərhələ isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

Namizədlərə biliklərin yoxlanması üçün imtahanın hər mərhələsi üzrə 40 test tapşırığı təqdim edilir.

I mərhələ (mühasibat uçotu) üzrə 40 test tapşırığı (30-u qapalı, 10-u açıq) verilir. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

II mərhələ (qanunvericilik) üzrə 40 test tapşırığı (35-i qapalı, 5-i açıq) təqdim olunur. Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Qanunvericilik üzrə test tapşırıqlarının sayı sertifikat növünə görə aşağıdakı kimi bölünür:

1.Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2.Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS:

Vergi qanunvericiliyi - 20 test tapşırığı: 15 qapalı tipli, 5 açıq tipli;

Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı;

Mülki qanunvericilik - 15 qapalı tipli test tapşırığı;

Mülki qanunvericilik - 15 qapalı tipli test tapşırığı;

3.İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I və II səviyyə PMS:

Vergi qanunvericiliyi - 20 test tapşırığı: 15 qapalı tipli, 5 açıq tipli;

Büdcə qanunvericiliyi - 10 qapalı tipli test tapşırığı;

Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı;

Mülki qanunvericilik - 5 qapalı tipli test tapşırığı.

İmtahanın hər mərhələsi üzrə maksimum 100 bal toplamaq mümkündür. Hər mərhələ 3 saat davam edir.

Namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə DİM hər sertifikat növü üzrə imtahan proqramlarını təqdim edir. Proqramlar DİM-in saytında yerləşdirilib.

DİM namizədlərin nəzərinə çatdırır ki, mühasibat uçotu üzrə qanunvericilik aktları Maliyyə Nazirliyinin internet səhifəsində (http://maliyye.gov.az/), bu və ya digər qanunvericilik aktları Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid internet elektron bazasında (http://www.e-qanun.az/) yerləşdirilib.

Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müvafiq proqramlara düzəliş və əlavələr edilə bilər. Eyni zamanda, imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumatlar mütəmadi olaraq DİM-in internet səhifəsində yerləşdirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər