“Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi"  layihəsi
7-12-2021, 21:05
1 473

“Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi" layihəsi

 “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsaslanaraq hazırlanan “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)”ında fonetik, leksik, qrammatik səviyyədə dil xüsusiyyətlərinin, yazılı və şifahi nitq, dinləyib-anlama bacarıqlarının, Azərbaycan dilinə ana dili və dövlət dili kimi hörmət və sevginin daha da artırılması, ana dilinin şüurlu olaraq dərk edilməsi və s. kimi məsələlər öz əksini tapmışdır. Azərbaycan dilinin zəruri ünsiyyət vasitəsi olması ilə bərabər dövlətçiliyimizin əsaslarından biri kimi təhsilalanlara dolğun formada mənimsədilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dili fənnini öyrənərkən şagirdlər danışma, dinləmə, ədəbi dil normalarına uyğun oxu və yazı bacarıqlarını inkişaf etdirirlər. Artıq 6 ildir müəllim kimi fəaliyyət göstərdiyim İsmayıllı rayonu multikultural zənginliyi ilə seçilən bölgəmizdir. İbtidai sinif müəllimi olaraq müşahidə etdiyim məqam milli azlıqların yaşadığı bölgələrdə erkən yaşlarda məktəbə qədəm qoyan şagirdlərin Azərbaycan dili fənninin mənimsənilməsi prosesində digər həmyaşıdlarından fərqli olaraq özünəməxsus mərhələ keçməsidir. Belə ki, ailədə ana dilində danışan azyaşlının ibtidai sinif mərhələsində Azərbaycan dili fənnini mənimsəmə prosesi xüsusi diqqət edilməli məqamlardan biri olur. Təhsilin bütün pillələri üzrə müəyyən edilən məzmun xətlərinin (dinləyib-anlama və danışma, oxu, yazı, və dil qaydaları) ibtidai sinifdə doğru aşılanması növbəti illərdə şagirdlərin Azərbaycan dili fənni və və təbii olaraq digər fənlər üzrə qazanacağı uğurların təməlini təşkil edəcəkdir. Həmçinin şagirdlərin özlərini yaradıcı və bədii şəkildə ifadə etməsində bu amil mühüm rol oynayır.




Layihənin məqsəd və vəzifələri 

Layihənin məqsədi milli azlıq nümayəndələrinin təhsil aldığı ibtidai siniflərdə Azərbaycan dili fənninin tədrisi zamanı oxu və yazı bacarıqlarının inkişafı üçün stimullaşdırıcı mühit formalaşdırmaq, dilimizin zənginliyi fonunda şagirdlərin erkən yaşlarda özünüifadə bacarıqlarını inkişaf etdirməkdir. İsmayıllı rayonu ərazisində 7 fərqli azsaylı xalqın nümayəndəsi yaşayır ki, bu müsabiqə növbəti mərhələdə həmin məktəblərdə çalışan müəllim və şagirdlərin də fəal iştirakına və Azərbaycan dili fənninin mənimsənilməsi zamanı onların daha çox motivasiya edilməsinə gətirib çıxaracaq.




 Görüləcək işlər 

Layihə müddətində İsmayıllı rayonu ərazisində milli azlıqların kompakt halda yaşadığı İstisu, Sumağallı, Qalacıq, İvanovka, Hacıhətəmli, Qurbanəfəndi məktəbinin ibtidai siniflərində oxuyub-anlama və yazı müsabiqəsi keçiriləcək. Bir neçə mərhələdən ibarət olan layihənin sonunda qalib gələn şagirdlər və onların müəllimləri mükafatlandırılacaqlar.

Oxu, fərdin idraki, emosional, psixomotor bacarıqları olmaqla yanaşı, insanların anadangəlmə deyil, təhsilalma prosesində əldə etdikləri sosial bir ehtiyacdır. Həmçinin, fərdin dünyagörüşünə, bilik səviyyəsinə, ünsiyyətinə, idraki bacarıqlarına birbaşa təsir edən aktiv bir fəaliyyətdir. Bu baxımdan, oxuduğunu anlamaq və oxu savadlılığı beynəlxalq səviyyədə əhəmiyyətli hesab edilən və yoxlanılan bacarıqlardandır. Bu layihənin sonunda milli azlıqların yaşadıqları kənd və qəsəbə məktəblərində erkən yaşlarda Azərbaycan dili fənni üzrə əsas və alt-standartların mənimsənilməsi zamanı müəllim və şagirdlərdə əlavə motivasiya yaranacaq. Layihənin icrası zamanı iştirakçılar arasında yaranacaq sağlam rəqabət mühiti, uğur qazanan şagird və onların müəllimlərinin rəğbətləndirilməsi növbəti dəfə daha geniş formada iştirak və motivasiyasını təmin edəcək. Şagirdlərin Azərbaycan dili fənni üzrə təşkil edilən oxu və yazı müsabiqəsində iştirakı onlarda mütaliə marağını, yaradıcılıq bacarıqlarını daha da artıracaq. Multikultural rəngarəngliyimizin fonunda Azərbaycan dilinin zənginliyini erkən yaşlardan mənimsəyən şagirdlər təhsilin növbəti pillələrində qazanılacaq biliklərin təməlini atmış olacaqlar.





Müəllifi olduğum lahiyənin tətbiqi ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinə istiqamətlənib. Dövlətin ölkəmizdə yaşayan milli azlıqların, etnik qrupların mədəniyyətinə, dininə dilinə olan diqqəti azərbaycanı hər zaman multikultural dəyərlərə malik ölkə kimi tanıdıb. Ölkəmizin tolerantlığa olan bağlılığının ən gözəl nümunəsi bir çox milli azlıq və etnik qrupların yaşadığı İsmayıllıda özünü göstərir.

Lahiyə çərçivəsində səfər etdiyim İvanovka məktəbi isə özünəməxsusluğu ilə diqqət çəkir.

Azərbaycanlı, rus, ləzgi uşaqlarının birlikdə təhsil aldığı məktəb multikultural Azərbaycanın sanki kiçik modelidir. Dilimizin zənginliyi fonunda davam edən lahiyənin Azərbaycan təhsilinə faydalı olması ümdi ilə!





18.11.2021-ci il tarixində Təhsildə Inkişaf və Innovasiyalar üzrə V Qrant Müsabiqəsində qalib olmuş “Milli Azlıqlardam ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi” lahiyəsi çərçivəsində İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbinin ibtidai siniflərində müsabiqə mərhələsi həyata keçirildi. Müsabiqədə 2-ci,3-cü, 4-cü sinif sagirdləri iştirak etdi və sanitar-epidemioloji qaydalara əməl olundu. Müsabiqənin təşkili ilə bağlı yaxından əməkdaşlıq etdikləri üçün müəllim heyətinə və məktəb direktoruna minnətdarıq.



Lahiyə rəhbəri: Şahid Muradli

0 0

Şərhlər

Oxşar xəbərlər