Arzularımın Laçını
5-12-2021, 11:59
1 147

Arzularımın Laçını

Cəngilər çalınsın, qoy eşidilsin,

Ərənlər, igidlər meydana girsin.

Qələbə gününü toy - bayram et,sin

Tonqallar qalansın Qarabağımda.

 

Ana təbiətin gözəlliyindən, 

Şuşanın, Laçinın çəmənlərindən

Bir çələng bağlayıb xarıbülbüldən

Səpəydim dağlara Qarabağımda.

 

Sulara qarışıb büllur suyun da,

Hayqırıb, hayqırıb sevinəcəyəm.

Qaçqın damğasından qurtaran zaman

Cənnətə düşərəm Qarabağımda.

 

Şuşam, Kəlbəcərim qayıdar bir gün,

Qurbanlar kəsilər Qarabağımda.

Laçında tonqallar qalanar o gün,

Sultan bəy məskəni Qarabağımda.

   08.03.2015.

    Torpaqlarımıza qayıdacağımız günün ümidi heç vaxt sönmədi. Vətən sevgisi bu ümidləri gerçəkləşdirdi, sönməyə qoymadı. Hər an, hər saniyə ürəyimiz o yerlərin həsrətiylə döyündü. Bu həsrətli, döyüntülü, ağrılı - acılı günlərimiz artıq arxada qaldı. Nə qədər torpaq həsrəti çəkdik. Amma qələbənin olacağı günlərə inanaraq yaşadıq. Qələbə soraqlı günlərin olduğuna inanaraq Qarabağın azad olunduğu günləri gözləmişik.

     Yenə uşaq olam, yenə kənd ola,

     Yenə uşaq olam, yenə el - oba.

     Bir yerdə mehriban, çox xoşbəxt olaq,

     Sevincdən gözlərim yaş ilə dola.

     Ayaqyalın gəzəm kəndi - kəsəyi,

     Doyunca su içəm, gəzəm dərəni.

     Qaçam yol boyunca hey qucaqlayam,

     Öpəm torpağımı, daşımı Allah!

     Şükür edəm, şükür edəm, yenə də Allah!

     Tellərimə sığal çəkə ağaclar,

     Gözlərimə işıq verə bulaqlar.

     Yellənə quş təki yenə budaqlar,

     Qanadlı arzular yenə dil aça.

     Yenə uşaq olam, yenə kənd ola.

                                               08.09.2018

    Dağların qoynunda bir kənd var. Həkərinin sahilində yerləşən məğrur duruşlu kəndim. Nəfəsim, canım kəndim. Xoş günlərimin şahidi kəndim. Uşaqlığım qədər saf, gəncliyim qədər gənc olan kəndim. Gecə - gündüz o yerlərə qovuşmaq arzusu ilə yaşadıq.

    18 may 1992 - ci ildən məcburi köçkün kimi yaşadıq. Ölkə rəhbərliyi   bütün məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşdı. Hər zaman bu qayğını, güzəştləri onlardan əskik etmədi. Torpaqlarımızın azad olunması üçün əlindən gəldiyi qədər siyasi yolla, danışıqlarla, qan tökülmədən edilməyə çalışılsa da alınmadı. Ermənilərin riyakarlığına, hiyləgərliyinə, torpaqlarımızın  azad olunmasının əsl məqamı çatmışdı. 

    Torpaqlarımız azad olunmağa başladı. Azad olunmuş torpaqlarımıza sancılan bayraqlarımızı gördükdə qürurlanır, iftixar hissi keçiririk. Azərbaycan Respublikasının gənc nəsli tarixlərə örnək oldu. Bu gənc nəslin vətənpərvər ruhda böyüməsi dövlətimizin möhkəmlənməsində özünü göstərdi. 30 ilə yaxın bir müddətdə öz doğma yurdlarından məcburi didərgin düşən insanların çəkdiyi Vətən həsrəti yetişən gənc nəsli çox narahat edirdi. 

    Sentyabr ayının 27 - si 2020 - ci il Qələbə çalınacaq bir zəfərin başlanğı oldu. Ali Baş Komandanın başçılığı ilə mərd, igid oğullarımız Dəmir yumruq kimi birləşdilər. Vətən, torpaq sevgisi güclü olan oğullarımız öz rəşadəti ilə hətta düşməni də heyrətləndirdi. Zəfər qazanan ordumuz Qələbəsi ilə dünyaya səs saldı. Ən müasir hərbi texnikaların qarşısından geri çəkilməyən ordumuz öz qəhrəmanlıqları ilə sübut etdilər kı, vətən sevgisi nə deməkdir. 

    14.08.2015.

    Döyüşlərdə şücaət göstərib şəhidlik zirvəsinə çatan şəhidlərimizin qanı yerdə qalmayacaq. O zaman yerdə qalmayacaq ki, torpaqlarımız azad olunsun, azərbaycanlılar öz doğma yurdlarında yaşasınlar. Şəhid olanların hər birinin ruhu qarşısında baş əyirik. Şəhidlərin ruhuna and olsun ki, işğal altında olan torpaqlarda azərbaycanlılar, onların balaları yaşayacaq. Torpaqların bir qarışı belə düşməndə qalmayacaq. Ermənilər yuva dağıtmağın cəzasın çəkəcəklər. İnsanların fəryadı yerdə qalmayacaq. Şəhid olan hər bir azərbaycanlı ən yüksək zirvədə, insanların ürəyinin müqəddəs, toxunulmaz tellərində yaşayacaq. Onlar Azərbaycan dövlətinin tarixini, torpaqlarını qoruyan seçilmiş insanlardır. Şəhidlər ölmür, unudulmur, tariximizin şanlı salnaməsində adlarını qızıl hərflərlə yaddaşlara həkk ediblər.   

      14.08.2015  

Vətən uğrunda,                                          Ürkü bilmədən,

Torpaq uğrunda                                         Düşmən üstünə,

Döyüşdü onlar.                                           Siz yeridiniz.

Döyüşdülər ki,                                            Topla, tüfənglə.

Vuruşdular ki,                                             Ölümü belə,

Azadlıq olsun.                                             İtimi belə,

Qarabağımda,                                            Fikirləşmədən

Qoy azad olsun                                          Səngərlərdə

Qarabağım da.                                           Gecələdiniz.

Ən uca ada                                                 Düşmənə qarşı

Layiq oldunuz.                                            Qəhrəmanlıqla

Vətən yolunda,                                           Siz döyüşdünüz.

Canından keçən,                                        Son nəfəsədək,

Şəhid adına                                                Siz döyüşdünüz.

Qorxu bilmədən,                                         Şəhid oldunuz.

Şəhid qanınız                                             Uca göylərdə,

Axdı torpağa.                                             Ruhu göylərdə,

Şəhid adınız                                               Ana təbiət

Bir örnək oldu.                                           Qoruyacaqdır,

Yurddaşlarına                                             Şəhid ruhunu,

Mübarizliyi                                                 Şəhid ruhları,

Vətən sevgisin                                            Elə dolaşır

Torpaq sevgisin                                          Qarabağımda.

Sizdən öyrəndi.                                          Şəhid ruhları,

Vətəndaşların                                             Azad olacaq

Yaşayacaqsız                                             Qarabağımız

Dünya durduqca                                         Azad olanda,

                                                                  Rahat olacaq,

                                                                   Şəhid ruhları.

                                                                   Qarabağımız

                                                                   Azad olanda. 

    Uzun ullər davam edən sonda torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük müharibə milyonlarla insanların vətən həsrətinə son qoydu. Azərbaycan əsgəri hərbi qələbəni qazandı. Ali Baş Komandanın uğurla apardığı məqsədyönlü siyasəti şanlı ordumuzun şücaəti ilə, şəhidlərimizin qanı bahasına böyük bir tarix yazdılar. Əldə olunmuş qələbədə şəhidlərimizə borcluyuq. Çünki döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Bu qələbəni birlik, qorxmazlıq, torpaq sevgisi gerçəkləşdirdi. Bu qələbə, bu zəfər müzəffər Azərbaycan ordusunun döyüş bacarığının sübutu idi. Bayrağımızın ən uca zirvələrdə dalğalanması haqqın, ədalətin bərpası demək idi. Dillərdə dastana dönən Xudayarların, Poladların, bütün şəhidlərin intiqamı, qisası alındı. Vətən sevgisini, torpaq sevgisini gələcək nəsillər Sizdən öyrənəcək.

    30 ilə yaxın Vətən həsrəti ilə qovrulduq. Bir an belə o yerləri unutmadıq. Qarabağın azad olunduğu günləri səbirsizliklə gözlədik. Hər gün televiziyalarda xəbərləri izləyirdik. Torpaqlarımızla bağlı xoş xəbərlər, sədaları gözləyirdik. Azad olunmuş rayonlarımız elan olunduqca illərlə yığılıb qalan dərdlərimiz azaldı. Üstümüzdən dağ götürüldü. Çünki torpaq həsrəti ilə yaxınlarımız, əzizlərimiz dünyasını dəyişmişdi.

    1 dekabr 2020 - ci il. Laçın rayonunun azad olunduğu gün. Həsrətlə gözlədiyimiz anlar. Gözün aydın Laçın!. Gözün aydın, Vətən! Üstündən qara buludlar çəkildi. Yenə əvvəlki çal - çağırlı vaxtlar olacaq. Gələcək nəsillər bu torpağı göz bəbəyi kimi qoruyacaq.

    Azad olunmuş  torpaqlarımıza görə Ali Komandan İlham Əliyev cənablarına minnətdarıq. Şəhidlərimizin   qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı diləyirəm. Bu sevinc hissini bizə yaşatdığınıza görə var olun! Qartallar yuvası, igidlər məskəni olan Laçınıma, doğma kəndimə qovuşdurduğunuza görə sonsuza qədər yaşasın Ali Baş Komandan, Azərbaycan əsgəri deyirəm.

                        Ay Laçın, can Laçın

                       Can sənə qurban Laçın.

    Hər qarışı azad olan torpaqlarımıza görə Şəhidlərə borcluyuq. Şəhid analarının əllərindən öpürəm. Qarabağ Azərbaycandır!

 

 

Laçın rayon 7 nömrəli tam orta 

məktəbinin Ibtidai sinif müəllimi 

Qarayeva Sayad Ramazan qızı 

 

        

 

1 0

Şərhlər

Oxşar xəbərlər