Hikmət Əlizadə: “Düşünürəm ki, ictimaiyyət nümayəndələri İctimai Şuranın üzvləri ilə görüşlərdə daha səmimi olacaqlar”
7-06-2024, 17:50
218

Hikmət Əlizadə: “Düşünürəm ki, ictimaiyyət nümayəndələri İctimai Şuranın üzvləri ilə görüşlərdə daha səmimi olacaqlar”

Məlum olduğu kimi, bu günlərdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Şuranın yeni tərkibi formalaşıb. İctimai Şuranın sədri pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə seçilib. Əsas məqsədi elm və təhsil sahəsində ictimai nəzarəti həyata keçirmək, Elm və Təhsil Naziriyinin fəaliyyətində ictimai iştirakçılığı təşviq etmək olan İctima Şuranın yeni dönəmdəki fəaliyyəti, hədəfləri və görəcəyi işlər barəsində Şuranın sədri Hikmət Əlizadə “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
 
- Hikmət müəllim, öncə sizi İctimai Şuranın sədri seçilməyiniz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
 
- Səmimi təbrik üçün çox sağ olun. Mən qırx ildən artıqdır ki, Bakı Dövlət Universitetində pedaqogika fənnini tədris edirəm. Pedaqogika təhsil haqqında elmdir. Bu konteksdən yanaşanda ötən illər ərzində həm müəllim, həm də təhsilimizin təəssübkeşi kimi Azərbaycan təhsilinin, elminin daha da inkişaf etməsi üçün var qüvvəmlə çalışmışam. İndi isə İctimai Şuranın sədri kimi mənim daha geniş arealda Azərbaycan təhsilinin inkişafına xidmət etməyim üçün şərait yaranıb. Buna görə də İctimai Şuraya sədr seçilməyim üçün mənə etimad göstərən hər bir şəxsə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.
 
“Nəzarətedici və informasiyaverici funksiya”
 
- Uzun illərdir təhsil sahəsində fəaliyyət göstərirsiniz. Təhsilimizdə gedən əsaslı dəyişikliklərlə, tətbiq edilən yeniliklərlə bağlı məlumatlısınız. Təhsil eksperti kimi hər zaman müxtəlif məsələlər haqqında istər mətbuatda, istərsə də müəyyən dairələrdə fikirlərinizi bildirmisiniz. Sizdən rəhbərlik edəcəyiniz İctimai Şuranın məram və fəaliyyət istiqamətləri barədə bir qədər məlumat verməyinizi xahiş edirik.
 
- İlk olaraq deyim ki, İctimai Şuralar Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin demokratik idarəedilməsi siyasətinin əsasında yaradılmış qurumdur. Bilirsiniz ki, ölkəmizdə artıq müxtəlif dövlət qurumlarında İctimai Şuralar fəaliyyət göstərir.
 
Təhsil sahəsində İctimai Şuraya üçüncü dəfədir seçkilər keçirilib. Birinci dəfə Şuraya professor Şahlar Əsgərov sədr seçilmişdi. O, İctimai Şuranın fəaliyyətinin özünəməxsus adət-ənənələrini yaratdı. Sonrakı dönəmdə Günel Səfərova bu vəzifəyə seçildi. Rəhbərliyi dönəmində Günel xanım Şuranın fəaliyyətində yaranmış adət-ənənələri günün tələbləri səviyyəsində müasirləşdirdi. Buna görə də İctimai Şuraya rəhbərlik etmiş hər iki şəxsə dərin minnətdarlığımı bildirirəm. Onu deyim ki, İctimai Şuranın fəaliyyəti çoxşaxəlidir. Onun fəaliyyət sahəsi nəzarətedici və informasiyaverici funksiya üzərində köklənmişdir.
 
Bu gün Elm və Təhsil Nazirliyində gənc kadrlardan ibarət olan gözəl komanda formalaşmışdır. Təbii ki, bu komandanın yaranmasında elm və təhsil naziri Emin Əmrullayevin böyük əməyi vardır. Onun rəhbərliyi ilə Azərbaycan təhsilində həm keyfiyyət, həm də kəmiyyət baxımından mühüm dəyişikliklər həyata keçirilir. Gözümüzün qarşısında təhsil sistemimiz rəqəmsallaşır. Bu, təhsil sahəsində obyektivlik, şəffaflıq, humanizm, demokratikləşmə kimi prinsiplərin bərqərar olmasının nəticəsidir.

Təhsil sahəsi bütün ölkəni əhatə edir. Deməli təhsilimizin inkişafı, islahatların uğurla həyata keçirilməsi, yeniliklərin vətəndaş hüququ qazanması təhsil sahəsində çalışan bütün insanların fəaliyyətindən asılıdır. Bu istiqamətdə təhsil sahəsində nəzarət funksiyasının yaradılması zəruridir. Təbii ki, bu işə son dövrlərdə yaradılmış dövlət agentlikləri və regional təhsil idarələri, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzarət edir. Lakin onların nəzarəti inzibati məzmun daşıyır. Nəzarətin daha obyektiv məzmun kəsb etməsi üçün İctimai Şura olaraq yerlərdə təhsil istiqamətində yeniliklərin necə həyata keçirilməsi, normativ sənədlərin tələblərinə necə riayət edilməsi, təhsilin idarəedilməsi, təlimin keyfiyyətinin təmini və s. məsələlərlə bağlı monitorinqlər həyata keçirməyi məqsədəuyğun hesab edirik. Bununla əlaqədar olaraq yerlərdə ictimai dinləmələrin təşkil edilməsi də bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu dinləmələr Elm və Təhsil Nazirliyi ilə ictimaiyyət arasında “körpü” yaratmaq məqsədi daşıyır və ictimaiyyətin fikirlərinin adıçəkilən nazirliyin müvafiq qurumlarına çatdırılmasını təmin edir. Bununla yanaşı, İctimai Şura üzvləri öz iclaslarında ictimaiyyətin qaldırdığı müxtəlif məsələləri müzakirə edib təkliflər verə, təhsilin inkişafı istiqamətində fikirlərini kütləvi informasiya vasitələrində bölüşə bilər. Deyilən bu işlər böyük həcmlidir və İctimai Şura üzvləri bu taleyüklü məsələləri həyata keçirməklə təhsil təəssübkeşi kimi xalqın qarşısında öz vətəndaşlıq borclarını ödəyə bilərlər.
 
 
“İctimai dinləmələr islahatların gedişinin və vəziyyətinin öyrənilməsi baxımından vacib məsələdir”
 
- İctimai Şuranın əsas məqsədi elm və təhsil sahəsində tctimai nəzarəti həyata keçirməklə yanaşı, eyni zamanda Elm və Təhsil Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığı təşviq etməkdir. Bununla bağlı nə kimi işlərin görülməsi nəzərdə tutulub?
 
- İctimaiyyətlə əlaqə İctimai Şuranın əsas fəaliyyət sahələrindən biridir. Onu da vurğulayım ki, İctimai Şura üzvlərinin Azərbaycanın müxtəlif regionlarında ictimai dinləmələr həyata keçirməsi ilə əlaqədar artıq müsbət təcrübə toplanmışdır. Təbii ki, zaman və məkan kontekstində bu, bir sıra çətinliklərlə müşayiət olunur. Lakin qeyd etdiyim kimi, ictimai dinləmələr aparılan islahatların gedişinin və vəziyyətinin öyrənilməsi baxımından olduqca vacib məsələdir. Bu dinləmələrdə İctimai Şura üzvlərinin yerlərdə vəziyyətini öyrənmək, nöqsanları üzə çıxarmaq, maarifləndirmə işlərini həyata keçirmək və əldə olunan qənaətləri Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə müzakirə etmək xüsusi önəm kəsb edir.
 
“Çatışmazlıqların olması nöqsan deyil, onu aradan qaldırmamaq nöqsandır”
 
- Gəlin etiraf edək ki, təhsilimizdə uğurlarla yanaşı, bəzən müəyyən problemlər də olur. İctimai Şura bu məsələlərin tənzimlənməsində nə kimi tədbirlər həyata keçirəcək?
 
- Bilirsiniz, təhsil sahəsində həyata keçirilən işlər bütün ölkə ərazisini əhatə edir. Bu işlərin reallaşmasında çoxlu sayda insanlar - təhsili idarəedənlər, təhsil işçiləri, müəllimlər, valideynlər və s. iştirak edirlər. Təəssüf ki, onların hamısı baş verən dəyişiklikləri birmənalı başa düşmür və ya düzgün münasibət bəsləmir, ya da hər hansı bir məsələni həyata keçirərkən onu istənilən səviyyədə çatdıra bilmirlər. Bunun nəticəsində müəyyən problemlər meydana gəlir. Əslində, iş olan yerdə problem olmalıdır. Çatışmazlıqların olması nöqsan deyil, onu aradan qaldırmamaq nöqsandır. Qarşıya çıxan problemləri aradan qaldırmaq üçün əvvəlcə onları öyrənmək lazımdır. İctimai dinləmələrin keçirilməsi bu müstəvidə mühüm aktuallıq kəsb edir. İnzibati idarəetmə strukturlarının nümayəndələri ilə görüşlərdə təhsil subyektləri öz çətinliklərini deməkdən çəkinirlər. Düşünürəm ki, ictimaiyyət nümayəndələri İctimai Şuranın üzvləri ilə görüşlərdə daha səmimi olacaqlar.
 
“Problemin həll yollarını tapmaq vacib məsələdir”
 
 
- İctimai Şuranın təhsil müəssisələri ilə əlaqələrini necə görürsünüz?
 İctimai Şura üzvlərinin orta, peşə və ali təhsil müəssisələrində, həm idarəedənlər, müəllimlər, eyni zamanda təhsilalanlarla görüşlər keçirmələri, monitorinqlər aparmaları planlaşdırılır. Bu əlaqələri həm fərdi, həm də kollektiv formada keçirməsi müsbət təcrübələrdən biridir. Hansı formada olursa-olsun, fikrimizcə, İctimai Şuranın üzvləri söhbətlərin səmimi alınması üçün deyilən fikirlərin anonimliyini qorumağı öhdəliyinə götürməli və bunu ictimaiyyət bilməlidir.
 
Düşünürük ki, problemin kim tərəfindən yaradıldığı və ya qaldırılması əsas deyil, onu həll etməyin yollarını tapmaq vacibdir. Bu baxımdan İctimai Şura üzvləri görüşlərin səmimi alınmasına və obyektiv məlumatlar əldə etməyə çalışmalıdırlar. Təbii ki, vacib məsələlərin Elm və Təhsil Nazirliyinin müvafiq qurumları ilə müzakirəsi problemin aradan qaldırılmasının əsas yoludur.
 
Universitetlərdə imtahanların, orta məktəblərdə isə qiymətləndirmə prosesinin monitorinqinın təşkili maraqlı olardı
 
- İctimai Şuranın ilk görəcəyi iş nə olacaq?
 
- Hazırda tədris ilinin başa çatması ilə bağlı yekun işlər həyata keçirilir. Ali və orta ixtisas təhsili məktəblərində imtahan sessiyası başlayıb, orta təhsil məktəblərində isə sonuncu dərslər və böyük summativ qiymətləndirmə həyata keçirilir. Düşünürəm ki, ali məktəblərdə imtahanların, orta məktəblərdə isə böyük summativ qiymətləndirmə prosesinin monitorinqinin təşkili maraqlı olardı. Bunun üçün bir neçə təhsil müəssisəsinə getməyi planlaşdırırıq. Bundan əlavə, sertifikatlaşmada iştirak etməyə hazırlaşan müəllimlərin İctimai Şura üzvləri ilə görüşməsi üçün də təkliflər almışıq. Onlarla da görüşüb söhbət etməyi vacib məsələlərdən biri hesab edirik.
 
 
- Hikmət müəllim dediklərinizdən məlum olur ki, İctimai Şura geniş fəaliyyət istiqamətlərinə malikdir. Düşünürük ki, qeyd etdiyiniz məsələlərin reallaşdırılması ölkəmizdə təhsilin inkişafına böyük töhfə verəcəkdir. Bu işdə sizə və İctimai Şuranın bütün üzvlərinə uğurlar arzu edirik.
 
- Mən də öz növbəmdə İctimai Şuranın işinə diqqət və qayğı ilə yanaşdığınıza görə sizə minnətdarlığımı bildirirəm.
0 0

Şərhlər

Oxşar xəbərlər