Təhsilimizin gələcəyi naminə sertifikatlaşdırma prosesini dəstəkləməliyik
10-05-2024, 20:53
198

Təhsilimizin gələcəyi naminə sertifikatlaşdırma prosesini dəstəkləməliyik

Çin mütəfəkkiri Konfutsinin də dediyi kimi, yalnız öz üzərində işləyən və daim öz biliklərini təkmilləşdirən şəxs başqalarının müəllimi ola bilər.

Bildiyimiz kimi, müəllimlər hər bir cəmiyyətin sütunudur. Bu gün əgər biz ölkəmizin növbəti 5-10 ili üçün bilikli, bacarıqlı, hazırlıqlı vətəndaşlar yetişdirmək istəyiriksə, şagirdlərin qarşısında öz fənnini tədris edə bilməyən şəxslərin olmasına cəmiyyət olaraq icazə verməməliyik.

Nə də olsa, hər bir vətəndaş üçün öz övladının gələcəyi başlıca prioritetdir. Hər bir valideyn istəyər ki, onun övladı savadlı və öz fənnini dərindən bilən müəllimlərdən dərs alsın. Bu baxımdan sertifikatlaşdırmadan keçən müəllimlərə valideynlər daha çox etibar edir və güvənirlər. Bu baxımdan müəllimlik peşəsi elə bir peşədir ki, bu adı doğrultmayan şəxslərin tədris prosesində olması bu peşənin əsl sahiblərinə həqarət hesab edilə bilər.

 

Bununla yanaşı, cəmiyyət olaraq hər birimiz istəyirik ki, öz peşəsini daha yaxşı bilən və tədris edən müəllimlərin əməkhaqqısı da yüksək olsun. Belə ki, ölkəmizdə sertifikatlaşdırma prosesindən sonra müəllimlərin əməkhaqqına əhəmiyyətli dərəcədə artım olunub. 2022-ci ildə keçirilmiş sertifikatlaşdırma imtahanından sonra prosesi uğurla tamamlayaraq 51-60 bal yığan 3163 müəllimin əməkhaqqına 35%, 30-50 bal yığan 5624 müəllimin əməkhaqqına isə 10% əlavə edilib. Növbəti dəfə 2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin əməkhaqqına 35%, 17 914 müəllimin əməkhaqqına isə 10% əlavə tətbiq olunub.

 

Təbii ki, sertifikatlaşdırma prosesi həm də müəllimlərə öz bilik və bacarıqlarını təsdiq etmək üçün də bir fürsətdir. Sertifikatlaşdırmanın ilk mərhələsində uğur qazana bilməyən müəllimlərə təkrar sertifikatlaşdırmada iştirak etməyə imkan yaradılır ki, bu da, öz növbəsində, həmin müəllimlərə yenidən öz üzərlərində işləyərək uğur qazanmaları üçün imkan verir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə uğur qazana bilməyən müəllimlərin müvafiq qaydada təlimlərə cəlb olunması və digər metodiki dəstəklə təmin edilməsi müsbət haldır.Nəzərə alsaq ki, sertifikatlaşdırmadan keçən müəllimlərə gələcəkdə məktəb direktoru və müavini seçimində üstünlük verilməsi düşünülür, sertifikatlaşdırma prosesindən keçmiş müəllimlər səriştəli və mövcud proqram əsasında mentorluq qabiliyyəti olan, düzgün istiqamətləndirməyi, ixtisasını tədris etməyi bacaran və s. üstün keyfiyyətlərə malik müəllimlər olaraq təhsil sistemində mühüm rola malik olacaqlar, həmçinin təhsilimizin yenidən formalaşdırılmasında əsas hərəkətverici qüvvə kimi çıxış edəcəklər.

 

Qeyd edim ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırmadan keçməlidirlər. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ən azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər isə qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmaya cəlb olunmur.

 

Beləliklə, sertifikatlaşdırma prosesi ümumilikdə təhsil sistemimizin keyfiyyətini artıran, təhsil sistemində dəyər formalaşdırılmasına güclü təkan verən amil olaraq uzunmüddətli dayanıqlılığı təmin edəcək. Bu proses həm də müəllimlərin peşəkar inkişafına yönələn, etibarlı və şəffaf prosesdir.

 

Sertifikatlaşdırma prosesi pedaqoji təhsil verən təhsil müəssisələrinin əmək bazarında rəqabətqabiliyyətli müəllim yetişdirmə proqramlarına yenidən baxılması, təkmilləşdirilməsi üçün vacib amildir və 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.

 

Vaqif FƏTULLAYEV
0 0

Şərhlər

Oxşar xəbərlər