Nadir Israfilov: “Nəticəni deyil, səbəbləri araşdırıb ictimaiyyəti məlumatlandırmalıyıq”.
6-04-2024, 08:14
210

Nadir Israfilov: “Nəticəni deyil, səbəbləri araşdırıb ictimaiyyəti məlumatlandırmalıyıq”.

" Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq, bu kimi halların baş verməsi də bir o qədər qaçılmaz olacaq”.

TehsilForumu.Az xəbər verir ki , bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
O qeyd edib ki, bu gün təhsil tərbiyəni üstələyir:
“Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, məktəb təlim-tərbiyə müəssisəsi olduğu halda, təlimə ifrat dərəcədə aludəçiliyimiz müasir dövrümüzdə tərbiyə işini arxa plana keçirib. Vəziyyət o həddə çatıb ki, bu gün nəinki, məktəblərdə, hətta məktəbəqədər və məktəbə hazırlıq qruplarında belə təhsil tərbiyəni üstələyir, uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Son onilliklərdə məktəblərdə baş verən xoşagəlməz neqativ hallar belə qənaətə gəlməyə əsas verir. Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb. Bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir".
Ekspert baş verən hadisələr zamanı məktəb rəhbərliyinin tutduğu mövqeyi tənqid edib:“Elə götürək, Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə baş verən son bıçaqlanma hadisəsini. Uzun illərdən bəri ənənəyə çevrilən və hamı tərəfindən qabaqcadan gözlənilən cavab: “Məsələ ilə bağlı araşdırma aparılır. Məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək". Araşdırma aparılsın və aparılmalıdır da. İctimaiyyətə də məlumat verilməlidir. Ancaq, bu şərtlə ki, araşdırmanın aparılmasında, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunsun. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır. Konkret faktı – kiminsə, kimisə bıçaqlamaq cəhdinı qısa müddət ərzində araşdırıb, müəyyən nəticə çıxarmaq bu qədərmi çətindir?”.
N.İsrafilov bəzi valideynlərin övladlarını nəzarətsiz buraxdığını da diqqətə çatdırıb:
“Qız uşağı olan bir yeniyetmənin özü ilə bıçaq gəzdirməsi nə deməkdir? Valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb? Əgər müəlliməsini bıçaqlamaq istəyibsə, bu nədən qaynaqlanıb? Onun fiziki və psixoloji durumu ötən dövrlər ərzində heç özünü biruzə verməyibmi? Suallar çoxdur, cavablar isə müxtəlif...
Təkcə bıçaqlanma deyil, məktəblərdə yeniyetmələr tərəfindən yol verilən digər çoxsaylı və müxtəlif xarakterli qeyri-etik hərəkətlər olsun. Bir müddət əvvəl Bakıda şagirdlərdən birinin həmcinsi tərəfindən bullinqə məruz qalması və başında yumurta sındırması ilə bağlı sosial şəbəkələrdə yayılan videoya baxarkən də günahkar axtarışına çıxmışdıq. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəyi barədə məlumat vermişdik. Məlumat verək, ancaq səbəblərini də göstərək.
“TikTok”da kiçik bir axtarış aparsaq, böyüklü-kiçikli başda yumurta sındırmaqla bağlı yüzlərlə videogörüntülərin şahidi olarıq. Bu görüntülər, yeniyetmə və gənclərimizi “Novruz”da yumurta döyüşdürmək ənənəsindən başda yumurta sındırmaq adətinə sürükləyir. “TikTok”un vətəni olan Çin "TikTok" platformasından imtina edir, ABŞ Konqresi “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayır, biz isə hələ də gözləmə mərhələsindəyik. Nəticəni deyil, səbəbləri araşdırıb ictimaiyyəti məlumatlandırmalıyıq”.


0 0

Şərhlər

Oxşar xəbərlər