Təhsil ocağı, kriminal zona, yoxsa... – “Məktəblər tərbiyə işini arxa plana keçirib”
27-01-2024, 16:30
605

Təhsil ocağı, kriminal zona, yoxsa... – “Məktəblər tərbiyə işini arxa plana keçirib”

Son illərdə məktəblərdə müəllim-şagird münasibətlərinin pozulması, şagirdlər arasında aqressiyanın artması, bıçaqlanma və kriminal olaylarla bağlı görüntülər, xəbərlər yayılır. Təqsirkarlar hansısa formada cəzalandırılır, töhmət verilir, ancaq problem kökündən həllini tapmır.

Maraqlıdır, problem təhsil sistemindədir, yoxsa tərbiyədə?

Önəmli suallardan biri də odur ki, bu mövzuda valideyn məsuliyyəti, yükü nə qədərdir?

Müəllimlər daim tənqid olunsa da, sanki valideynlərin məsuliyyəti unudulur.

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov mövzu ilə bağlı  danışıb.

O qeyd edib ki, baş verənlərin başlıca səbəbi virtual mühitin canlı ünsiyyəti üstələməsindədir:

“İfrat dərəcədə təlimə meyillilik tərbiyə işini arxa plana keçirib. Mən dəfələrlə demişəm və bu gün də o mövqedə qalıram ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq, müasir dövrümüzdə tərbiyə məsələləri əvvəlki mahiyyətini, dəyərini itirməyə meyillidir. Başqa sözlə ifadə etsək, təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib.

Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında və məktəbə hazırlıq qruplarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bir az da konkretləşdirsək, zəmanəmizdə tərbiyə işi bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib”.

Nadir İsrafilov vurğulayıb ki, pedoqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir:“Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

Unutmayaq ki, məktəb təlim-tərbiyə müəssisəsidir. Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə sadaladığımız pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqi heç bir halda qaneedici sayıla bilməz”.

Ekspert xatırladıb ki, 2006-cı ildə Azərbaycan Respublikasında ümumtəhsil Konsepsiyası (Milli Kurikulum) sənədi qəbul edilib:

“Buna müvafiq Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyasını təsdiq etmişik. Kurikulum sənədində xüsusi olaraq vurğulamışıq ki, ənənəvi təhsil proqramlarının bilik yönümlü olmasından fərqli olaraq kurikulumlar şəxsiyyət yönümlüdür. Ağız dolusu səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsildən danışırıq. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil nədir? Necə bilək ki, biz keçən müddət ərzində səriştəli, şəxsiyyətyönlü nəsil yetişdirməklə məşğuluq?

Neçə illərdir Qiymətləndirmə Konsepsiyasının təkmilləşməsi və yeniləşməsi barədə mülahizələr irəli sürürük. Ancaq hələ də nailiyyətlərimizi şəxsiyətyönümlülüklə deyil, qazandığımız biliklərlə ölçürük – “neçə məzun ali məktəbə daxil olub, neçə məzun nə qədər bal toplayıb” və s. Çünki biliyin ölçüyə gələn meyarları var, şəxsiyətyönümlülüyün yoxdur və bu meyarları hazırlamaq barədə düşünən də yoxdur. Elə isə, “Tərbiyə konsepsiyası” hazırlamaq bu qədərmi çətindir, yoxsa lazımsızdır?
Məktəblərimizdə zorakılıq hallarına dair son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə, bu, zəmanədəndir?! Dilemma qarşısında qalırsan.

Bəli, zaman dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq”.

Ekspert bildirib ki, bir çox valideynlər övladlarını məktəbə formal olaraq attestat almaq üçün göndərir:

“Digərləri öhdəsindən gələ bilmədiyi övladlarını başdan etmək üçün məktəbə saxlama kamerası kimi baxır. Yaranmış vəziyyətə görə məktəb valideyni, valideyn də məktəbi günahlandırır. Əslində, valideyn və məktəbin yaranmış vəziyyətdən çıxış yolunu tapmasında aciz qalmasının artıq bir reallığa çevrilməsi ilə razılaşmaq məcburiyyətində qalmışıq.

Dünyanın bir çox ölkələrində “TikTok” platformasına qadağa qoyulduğu, bu kimi qadağalar davam etməkdə olduğu halda, məktəb və valideynin imkanları daxilində yeniyetmə və gəncləri sosial şəbəkə asılılığından təcrid etmək üçün əməli tədbirlər görülmədi. Nə məktəb, nə də valideyn uşaqlara və yeniyetmələrə onların əsas vəzifələrinin oxumaq, təhsillərini başa vurmaq, özlərinə müəyyən karyera qurmağın vacibliyini lazımi səviyyədə anlatmadı. Nəticədə məsələ həlqəəsindən çıxaraq cəmiyyətin ümumi məsələsinə, əslində, bir növ sosial problemə çevrildi.

Virtual aləmə ifrat dərəcədə meylimiz, günümüzün demək olar ki, böyük hissəsini sosial şəbəkələrdə keçirməyimiz bu kimi vəziyyətləri qaçılmaz edib. “İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə başqalarını əyləndirməyə başlayır” deyimi artıq öz yerini tutub. Biz bu gün belə “əyləncə”lərlə əylənmək məcburiyyətində qalmışıq.

Pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz olayların qarşısını almaqda problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq”.
1 0

Şərhlər

Oxşar xəbərlər