Novruz təkcə onu keçirən türk xalqlarının yox, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir
20-03-2024, 10:00
205

Novruz təkcə onu keçirən türk xalqlarının yox, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir

Azərbaycan xalqının ən qədim, ənənəvi bayramlarından biridir Novruz! Təbiətin canlanması, günəşdən gələn istilik, təmizlik, təravət, bolluq, firəvanlıq bayramıdır!

 

Su, Od, Yel, Torpaq çərşənbələri ilə başlayır Novruzun gəlişi. Havaların tədricən isinməsi çaylardakı buzları əridir, bütün suları bir-birinə qovuşdurur, Su çərşənbəsinin vaxtı belə yetişir. Günəş torpağı qızdırmağa başlayanda sıra Od çərşənbəsinə gəlir. Yel çərşənbəsi yazın ilıq nəfəsini hiss etdirir. Nəhayət, torpaq qızır, Torpaq çərşənbəsini gətirir.

 

Gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində Novruz uzun qərinələrdir, xalqımızın milli bayramı kimi qeyd olunur. Təkcə Azərbaycanda da deyil, bütün Şərqdə bayram edilir. Novruz yalnız onu keçirən türk xalqlarının yox, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-nin "Beynəlxalq Novruz Günü” elan olunması da bununla bağlıdır.

 

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi Novruz insanları birləşdirir, onları mənəvi saflığa, yardımlaşmağa, qarşılıqlı dəstəyə, xoş rəftara kökləyir.

 

Novruzun “papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni cücərtmək”, “yumurta döyüşdürmək” kimi məşhur adətləri Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və milli fəlsəfəsini özündə ehtiva edir. Evlərdə səməni xonçaları hazırlanır, yumurtalar boyanır, paxlava, şəkərbura, qoğal bişirilir, milli xörəklər süfrələrin bəzəyinə çevrilir.

 

Novruz bəlkə yeganə bayramdır ki, bu zaman kütləvi şənliklər təşkil olunur və bu şənliklər xalqı bir yerə toplayır; insanlar bərabər deyir, gülür, şənlənir. Bu şənliklərdə kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda Kosa və Keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında başlayır. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

 

Novruz ənənələri incəsənətdə yaşayır, xalqın yaddaşında qorunur. Bu bayram haqqında yazılan mahnılar, çəkilən filmlər Novruzu gələcək nəsillərin hafizəsinə əbədilik ötürür.

 

Sözügedən milli bayram ilə əlaqədar Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə o oldu ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edildi. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısında yer aldı...

 

Azərbaycan işğal faktı səbəbindən 30 ilə yaxın bir müddətdə bu milli bayramda ərazisinin 20 faizində Novruz tonqalları yandıra bilmədi.

 

Novruz tonqalları 2021-ci ildən Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə yanmağa başladı. Bu il isə artıq Xankəndidə, Xocalıda, Əsgəranda da yanır! Və bu tonqallar öz gur şöləsi ilə bütün Azərbaycanın ürəyini isidir!
0 0

Şərhlər

Oxşar xəbərlər