Bahar ətirli Yel çərşənbəsi
12-03-2024, 11:55
172

Bahar ətirli Yel çərşənbəsi

Yel əsir, baharın nəfəsi gəlir, torpağın qoxusunu canımıza çəkirik...

 

Bu gün xalqımız Novruzun sayca üçüncü olan Yel çərşənbəsini qeyd edir. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” də deyilir.

     

Təmiz sudan keçib pak olanlar, arzusunu suya danışanlar,Tanrıdan əkininə bol su diləyənlər, sonra isə tonqaldan atlanaraq “ağırrığını-uğurruğunu” oda atanlar, səpdiklərinə can verən istini, Günəş işığının bolluğunu arzulayanlar Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar.

     

İnanclara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “Yelli-küləkli” də deyirlər.

       

Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Ümumiyyətlə, insanlar küləyin onlara xoş anlar gətirəcəyinə inanırlar.

      

Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

     

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir. Evlərdə südlü plov və ya bulğur aşı bişirilir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür, bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.Süfrədə şirniyyatların olması isə bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab edilir. Həmin gün hər bir kəs evində olmalı və birlikdə süfrə başına yığışmalıdır.

       

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır.

      

Yel çərşənbəsi ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Məsələn, “Yelnən gələn selnən gedər”, “Yel əsib qoz tökülüb”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel qayadan nə aparar ” və s.

        

Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək Tanrısına etiqadı ilə bağlıdır.

      

Bir inancda isə deyilir ki,Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

    

Yel çərşənbəsi günü də şər qarışanda hər məhəllədə, həyətlərdə tonqallar qalanır, böyüklü-kiçikli hamı növbə ilə 3 dəfə odun üstündən atlanır. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

 

      

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Yel çərşənbəniz mübarək!

 
0 0

Şərhlər

Oxşar xəbərlər