Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi
18-03-2024, 17:06
218

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi

TehsilForumu.Az - Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində dünyada söz sahibinə və güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun öz işinə başlaması Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir. Təbii ki, ölkəmizdə belə bir mötəbər Forumun keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.

Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir və digər beynəlxalq forumlardan miqyasına, məzmununa görə ciddi şəkildə fərqlənir. Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib.

Forumun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Forumun önəmindən bəhs edərkən vurğulamışdır : “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.

Hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir”.

Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə də məlumatlandırıb: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu qeyd edib.
Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
0 0

Şərhlər

Oxşar xəbərlər