Bəlkə də onun bu hərəkətini görüb, göz yumanlar olub...? - TƏHSİL EKSPERTİ AÇIQLADI
27-04-2023, 18:11
419

Bəlkə də onun bu hərəkətini görüb, göz yumanlar olub...? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə, hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir. DİM rəsmisinin açıqlamasını da nəzərə alaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur. Buraxılış rejimi zamanı imtahana zidd əlavə vasitələrin binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir".TehsilForumu.Az  Bu sözləri açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Nadir İsrafilov sözlərinə belə davam edib: "Baxmayaraq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur, bununla belə müxtəlif illərdə müxtəlif sayda məzunda mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilməsi halı bu günün özündə də davam edır.

İş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzi son olaraq yenidən gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırıb. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəyi barədə məlumat yayıb, bir daha bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Maraqlı olanı isə odur ki, sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Bu sual da DİM-in yaydığı məlumatda cavabsız qalmayıb: “Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər. Belə çıxır ki, bu kimi yanaşmalarla arzuladığımız ədalətli seçimin təmin edilməsinə nail ola bilməyəcəyik. Bəlkə, problemin həlli üçün yüksək texnologiyanın funksionallığından yararlanaraq, şəxsin üzərində hər hansı bir yad əşyanı müəyyən edə biləcək müasir detektorlardan istifadə edək?Paradoks yaranır: Bir yandan imtahana digər qadağan olunmuş vasitələr hələ bir yana qalsın, adi mobil telefonun keçirilməsinin qarşısını ala bilmirik, digər tərəfdən keçirənlərin imtahandan xaric edilməsini ədalətsizlik hesab edənlərin tənəsiylə üzləşirik. Keçirənlərə göz yumsaq isə, “çəzasızlıq sindromu”na yol açmaqla, bəri başdan bu kimi hallara daha geniş şəkildə rəvac vermək zərurəti qarşısında qalmış oluruq. Deməli, ya vəziyyətlə hesablaşmalı, ya da vəziyyətdən çıxış yolu kimi nəsə etməliyik...

Bununla belə, hesab edirəm ki, imtahana mobil telefon keçirən abituriyenti bu hərəkətinə görə imtahandan xaric etmək yeganə və uğurlu hesab ediləcək yol deyil. Bəlkə, bu abituriyent elə ən hazırlıqlı məzunlardan biri idi? Bəlkə, sadəcə olaraq "ehtiyat igidin yaraşığıdır" prinsipini əsas götürüb, sonra bunun peşmançılığını çəkib? Bəlkə də onun bu hərəkətini görüb, göz yumanlar olub...? Suallar çoxdur, fakt isə odur ki, bir yeniyetmənin düşünülmüş və ya düşünülməmiş əməli onun ümidini puça çevirmiş oldu... Belə hallar isə yeganə hal deyil".

0 0

Şərhlər

Oxşar xəbərlər