Nizami yaradıcılığında fiziki hadisələr və onların elmi sübutu
25-12-2021, 09:22
348

Nizami yaradıcılığında fiziki hadisələr və onların elmi sübutu

TehsilForumu.Az - XII əsrin ən böyük Azərbaycan şairi - filosofu Nizami Gəncəvinin əsərlərində elmin əsaslarının dərk edilməsi və elmi biliyin inkişaf yolu ilə bağlı fikirləri geniş yer alıb. O, öz əsərlərində elmi cəhətdən sübut edilmiş faktlara əsaslanıb.


Nizami Gəncəvi görkəmli alim-filosof olmaqla yanaşı, həm də tədrisin yol və üsullarını məharətlə açan və inkişaf etdirən, elmi biliklərə yiyələnən mükəmməl müəllim idi.


Azərbaycanda fizika sahəsində elmi fikir qədim zamanlardan yaranmışdır. Qədim Şərq və Qədim Yunanıstan filosoflarının əsərləri Azərbaycanda ərəb və fars dillərində yayılmışdır. Qədim yunan alimləri planetlərin hərəkətinin vahid nəzəriyyəsini yaratmaq üçün bir çox fərziyyə və sistemlər irəli sürmüşlər. Lakin onların hamısı o dövrün fəlsəfi baxışlarından kənara çıxa bilmədi, yəni, əvvəlcə planetlərin hərəkətini müşahidə etməyin nəticələrini deyil, yalnız ilkin fəlsəfi tələbləri nəzərə aldılar. Buna görə də Nizami əvvəlcə planetlərin sadəcə olaraq “dairəvi vahid” hərəkətlərini təsvir, sonra planetlərin müxtəlif sürət və dövrlərə malik bir neçə “dairəvi hərəkətlər” məcmusunda iştirakını qeyd edir və nəhayət, Ptolemeyin geosentrik sistemini ortaya qoyur.
Ptolemey episikl və deferent üçün müəyyən radiuslar götürdü və onlarda müşahidə olunan hərəkəti müəyyən dövrlərlə əlaqələndirdi. Beləliklə, o, səma sferasında planetlərin hərəkətini izah etdi. Nizami isə Ptolemeyin planetlərinin episikl boyunca hərəkəti nəzəriyyəsindən Aristotelin təliminə keçdi.


Ptolemeyin nəzəriyyəsinin köməyi ilə ilk dəfə olaraq planetlərin zahiri hərəkətini müəyyən etmək, onların yerləşdiyi yerləri hesablamaq mümkün olmuşdur. Bu nəzəriyyəyə görə, planetlərin hərəkəti müxtəlif radiuslu və dairələrin mərkəzindəki bir neçə fırlanmadan ibarətdir ki, onların cəmi planetlərin görünən vahid hərəkətini verir.
Aristotelin təlimi ona əsaslanır ki, bütün cisimlər, substansiyalar, hətta canlılar bir-birinə əks olan ilkin maddələrdən ibarətdir.
Nizami dünyanın quruluşu haqqında müxtəlif mütəfəkkirlərin fikirlərini təsvir etdikdən sonra öz baxışını da ifadə edir. Qeyd edir ki, o, ilkin obrazı görmür, çünki kainat yaranmazdan əvvəl ilkin səbəbin adını çəkən olmayıb.
Nizami Gəncəvi öz əsərlərində elmə və sənətə əsas yer ayırır. Bu mənada “İskəndərnamə” poemasının qəhrəmanı kimi makedoniyalı İskəndəri seçməsi təsadüfi deyil, onun xarakterində üç əsas xüsusiyyəti fərqləndirir: hökmdar, alim və peyğəmbər.
 
Nizami Gəncəvinin “İskəndərnamə” əsərində hərəkət və hərarətin vəhdəti ideyası çox orijinal görünür. Burada o, İskəndərin elmə, sənətə verdiyi töhfəni alqışlayır. İskəndərin elminə olan bu münasibət yunan elmini bütün dünyada məşhurlaşdırdı. Bu baxımdan, “İskəndərnamə” poemasının ən maraqlı yerlərindən biri də “İskəndər yeddi yunan filosofu ilə söhbət”-dir. Bu filosoflar Aristotel, Valis, Sokrat, Byans, Farfuruy, Platon və Xormusdur. İlk sözü Aristotel planetlərin hərəkəti və Kainatın yaradılması haqqında mübahisə ilə verir ki, bu da İsgəndərin alimlərlə müzakirəsində yeddi filosofun fikirlərini birləşdirir. Aristotelin təlimlərinə uyğun olaraq, əvvəlcə sürətə görə yarıya bölünən hərəkət var idi.
Əvvəl vardı ancaq tək bir hərəkət,


Onu iki yerə ayırdı sürət,
Bu iki hərəkət gəlib bir yerə,
Yeni bir hərəkət doğurdu hərə.
Əvvəlki hərəkət ayrıldı yenə,
Bu üçü qoşuldu biri-birinə.
Üç xətt zahir oldu üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Mərkəzdən ayrıldı həmin dövrələr,
Yaranıb ortaya çıxdı bir cövhər.
Cövhər keşməkeşdən doğub parladı.


Elə buna görə də Nizami öz əsərlərində planetləri əvvəlcə vahid dairəvi hərəkətlə, sonra - müxtəlif sürətlə və vahid dairəvi hərəkətli çoxlu hərəkətlərlə, nəhayət, geosentrik sistemlə təsvir etmişdir.
Nizami Gəncəvi öz əsərlərində fizika qanunlarını onlardan uzun illərdən əvvəl olduğu kimi təsəvvür və tərənnüm etmişdir. Müasir dövrümüzdə fizika elmi istiqamətində  araşdırmalar aparan mütəxəssislər bu mövzuya müraciət ediblər. Nizami şeirlərindən elmi cəhətdən təhlillər aparılır. Nizami aləmi insanı onu dərk etməyə, başqalarına da olduğu kimi çatdırmağa çalışır. “Xosrov və Şirin” əsərindən bu misralara baxaq:

Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri.
Kəhrəbanın eşqə düşməsə canı,
Belə cəzb etməzdi quru samanı.

Nizami Gəncəvinin digər əsərlərində də bəzi fiziki hadisələr əlaqələndirilmiş, sonralar həmin hadisələr qanuni şəkildə sübut edilmişdir. “Leyli və Məcnun” əsərindəki misralarda Yerin, hətta onunla bərabər bütün göy cisimlərinin fırlandığını göstərmişdir.
Nizami irsində dünyəvi, fiziki qanunauyğunluqlar tükənməzdir. Onu da qeyd edək ki, Nizami dünyaya başqa cür baxa bilməzdi. Çünki dünyanın hər iki üzü - görünəni və görünməyəni bilavasitə fizika ilə bağlıdır. Məhz fizikanı bilməklə böyük Tanrını olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın ən böyük dühası, Nizami kimi şairi olmaq mümkündür.


Nizami Gəncəvinin şeirlərini ətraflı tədqiq etdikdə görürük ki, şair mexaniki hərəkətin əsas forması kimi fırlanma hərəkətindən  və eyni zamanda mərkəzə doğru yönəlmiş mərkəzdənqaçma qüvvəsindən danışır.



Nizaminin bir şair kimi dünyagörüşünün formalaşmasında Azərbaycan xalqının qədim tarixə malik nəzəriyyələri, şərq mədəniyyəti, milli-mənəvi dəyərlərinin böyük rolu olmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı bir çox mədəniyyətlərin, o cümlədən türk bədii ədəbiyyatının mənəvi irsinə böyük təsir göstərmiş, türk epik poeziyasının yaranması və inkişafında son dərəcə mühüm rol oynamışdır.
Ölkəmizdə Nizami Gəncəvinin yubileyləri hər zaman təntənə ilə keçirilib. Şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb.

 Azərbaycanın klassik ədəbi-mədəni irsinə təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmiş və 1981-ci ildə Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəyə sadiq qalaraq Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.


Günay DADAŞZADƏ,
 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin fizika müəllimi




0 0

Şərhlər

Oxşar xəbərlər