Könlüm keçir Qarabağdan...
1-05-2022, 10:52
3 722

Könlüm keçir Qarabağdan...


Qarabağım! Qan yaddaşım, köksü gözəl dağım, daşım. Odlar yurdunun od ürəkli, şir biləkli oğullarının vətəni. Ağsaqqal babaların, sinəsi sözlü ağbirçək nənələrin yurdu. Ağır-ağır ellərimizin buz bulaqlı,  sərin yaylaqlı vətəni. 

Könlümüzdən keçən, könlümüzə köçən Qarabağ! Nə zaman ki, qoynunda firavan yaşayırdıq, sənlə nəfəs alırdıq, sən bizi ana kimi bəsləyirdin. Bəlkə də qiymətini bu qədər bilməmişdik. Həsrət də bir naxış oldu ömrümüzə.  Sənin dəyərini səndən ayrılandan sonra daha da çox bildik. Biz qoynundan köç edəndən didərginlərinin köksünə, könlünə köçdün. Vurğun misralarının sehrilə, şairlərin sözünün şəhdi-şirəsi ilə vəsf olunan gözəlliyin dillər əzbəri idi. Növrağın, çal-çağırın müdrik ustadların sözü, sazı, nəğməsi ilə bəzənərdi.


Göylərə ucalan sıra dağların, buz bulaqların, xan çinarların vətəni,  ceyran-cüyür oylağı,  səmasında durnaların qatarlandığı ana yurdum! Xarıbülbüllərin, qızılgüllərin, bənövşə, novruzgülülərin hüsnünə yaraşıq verirdi.
Ərənlərin düşmənlərə qan uddurar, ər oğullar, nər oğullar cəngilərlə ilhamlanardı. Qırat, Dürat... neçə-neçə köhlən atlar igidləri döyüşlərdən döyüşlərə aparardı. Nə zaman ki, yad-yağılar bir daşına, qarışına göz yetirdi, oğulların bu torpağın hər qarışını qorudular.


Şəhidlərin qanı ilə, qazilərin canı ilə qazanılan Qarabağın hər qarışı, dağı, daşı hər bir azərbaycanlının müqəddəs qibləgahıdır.  Quzğunları yurdumuzdan qovan güclü ordumuz, qüdrətli dövlətimiz var. Sülhsevər xalqımız haqq mübarizəsində layiq olduğu məqama qovuşdu.
Yurdumuza göz dikən xain yağıların, bədnam, bədxah düşmənlərin əməllərinə son qoyuldu. Mayası şərdən yoğrulan yaramazlar zəncir çeynəsə də, əlləri heç nəyə çatmayacaq. Haqqın nahaqqa qələbəsi vəhşi cəlladları durdurdu.
 

“Vətən!” —deyə səndən ötrü canından keçən igidlərin adları tarixə yazıldı. Qarabağ uğrunda gedən mübarizənin ilk şəhidləri Əlinin, Bəxtiyarın arzularının, körpələrin gülüşlərinin güllələndiyi müqəddəs məkan! Hər bir vətəndaşının qəlbində naxış-naxış dərdə, yaraya dönmüşdün neçə illərdi.  Bu gün 4 yaşına güllə dəyən Zülfiyyələrin, gülüşü dodaqlarında donub qalan Farizlərin, Zeynəblərin... neçə-neçə körpələrin qisası alındı. Didərginlərinin sinəsinin “açma-yumma” naxışlı yaraları idin. Şükürlər ki, yaraların sağaldı. Məzarı belə olmayan, doğma yurda qurban gedən şəhidlərimizin, doğmalarımızın ruhları rahatlıq tapdı.  
Bundan sonra Qarabağın hər bir məkanında Üzeyir bəstəsi,  Xanın, Cabbarın səsi havalanacaq. Üçrəngli bayrağımız düzlərimizi, dağlarımızı bəzəyəcək. Zirvələrdə qartalların, tərlanların, şahinlərin məğrur-məğrur qıy səsini, evlərdə qaranquşların nəğməsini eşidəcəyik. Bülbüllər ötəcək, qızılgüllər açacaq. Çəmənlər əlvan xalıları sərəcək “Böyük köç”ün gəlişinə. Dağlar bəzənəcək al-qırmızı çiçəklərlə, utancaq bənövşələr kol dibindən baş qaldıracaq. Torpaq öz səxavətli qucağının bar-bəhərini ərməğan edəcək əziz övladlarına.  Talan olan yurd-yuvalar elin gücü ilə abadlaşacaq. Pöhrə ağaclar bir-birinə boy verəcək. Çinar, palıd meşələri təbiətə nəfəs verəcək. Barlı bağlar salınacaq. Yaralar sağalacaq. Yenə qoynuna gələcəyik. İllərin həsrətinə son qoyulacaq. Mübarizlərin, Poladların, Raqufların, Xudayarların... — neçə-neçə ər oğulların ruhları şaddır bu gün.


Arzular, niyyətlər çin olur indi. Hələ neçə-neçə həsrətli gözlər yol gözləyir Qarabağa getmək üçün. Vaxtilə niyyət edib, “Qarabağ azad olsun, piyada gedəcəyəm, dizin-dizin gedəcəyəm”  —deyənlər  — için-için həsrət alovunda  yanan neçə-neçə soydaşımız dünyadan bu arzu ilə köç eylədi.
Bu gün köçkün, didərgin ruhlar da sevinir. Ana yurdun müxtəlif məkanlarında ana torpağa əmanət edilən, Qarabağ deməkdən dilləri qabar olub əbədiyyətə qovuşan əzizlərin ruhu şaddır. Vətənpərvər şair Fəxrəddin Sofulunun həsrətli misraları illərdir hər kəsin qəlbindəki nisgili ifadə edirdi:


"Məlhəmi tək Vətən olan azarına qurban olum.
Qürbət eldə qərib qalan məzarına qurban olum!"
Vətəndən ayrı özünü dustaq bülbülə, şaxtaya düşmüş gülə bənzədən, “Yaşaya bilmərəm mən Qarabağsız” — deyən şairin “Qarabağ, sən azadsan!” — şüarını eşidəndə sevinci köksünə sığmadı. Onun da ruhu Qarabağa tələsdi sanki.
Adlı-sanlı sənətkarları, alimləri, şairləri, musiqiçiləri ilə tariximizə naxış vuran ana yurdum. Çox qovğalar, qan-qadalar görmüşdük. Neçə-neçə hərb savaşında igid oğullar düşmənə qalib gəlib yurdu qorumuşdu. Lakin belə dəhşəti hələ tarix görməmişdi. Heç zaman həsrət bu qədər uzun çəkməmişdi.
Otuz illik həsrətə son qoyuldu. Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz sənin qisasını yağı düşməndən aldı. 44 günlük Zəfər döyüşü tarixdə qəhrəmanlıq,  qələbə döyüşü kimi yadda qaldı. 

Topdağıtmaz meşələrini vəhşiliklə qırıb-dağıdan, evləri, imarətləri uçuran qarı düşmən layiqli cavabını aldı. "İrəli!" devizi ilə igidlər dəmir yumruq kimi birləşdi, bir oldu. Talan olan yurdun qisasını yağılardan aldı. "El bir olsa, dağ oynadar yerindən" — deyib babalarımız. Hər daşın, hər yamacın uğrunda canlarından keçən igidlərin torpağı qızıl qanları ilə suvardılar. Bir zamanlar qızıl lalələrin bəzədiyi ana torpaq igidlərin qızıl qanına boyandı. Xarıbülbül misallı şəhidlərimiz vətənin dağına, daşına döndülər.

Dağları marallı, gölləri sonalı, qayaları kəklikli Qarabağımızın toy-büsatlı günləri başlayıb. Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi və digər təntənəli tədbirlər, zəfər bayramları büsatın başlanğıcıdır. Ulu öndərin arzuları çiçək açır bu gün.  Dahi və əbədi rəhbər Qarabağın hər bir məkanının adını çəkərək, o torpaqlara qayıdacağımızı söyləmişdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin mübariz mövqeyi, məqsədyönlü siyasəti, əzmkarlığı  Böyük Qələbənin rəhni oldu. Cənab Prezidentin verdiyi məqsədyönlü sərəncamlar sayəsində görülən işlərin vüsəti daha da artır. 2022-ci ilin Şuşa ili elan olunması, böyük şairə Xurşidbanu Natəvanın yubileyinin keçirilməsi üçün verilən sərəncam bizlərdə qürur hissi oyadır.  
Qarabağım, Sən azadsan! Didərgin övladların Sənə qayıdacaq, Qarabağım! Bax onda laləli düzlər, nərgizli çəmənlər, çiçəkli dağlar qarşılayacaq ellərimizi. Nəğmələr ürəklərdən dodaqlara süzüləcək. Şair Novruzlu İskəndərin misraları Qarabağ bülbüllərinin nəğməsi ilə ürəklərə axacaq:

Gedək Qırxqız yaylağına,
Ceyran cüyür oylağına .
Enək İsa bulağına...
...Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olasan qonağımız...

Sinəsi həsrətli nənələrin bayatılarında, anaların laylalarında, müdriklərin kəlamlarında qorunan Qarabağın hər qarışı, dağı-daşı xəzinə idi. Köksü qızıl yataqlı, zirvəsi qarlı, yaxası barlı dağlarımız, düzlərimiz dillər əzbəri olub. Zümzüməli buz bulaqları, gur şəlalələri, meşələri, çayları, sıldırım gədikləri, quşqonmaz qayalıqları möcüzə idi. Bəsitçayın, Həkərinin, Bərgüşadın köpüklü suları, Qarqarın, Xaçının dəli selləri, Tərtərin nəğməli ləpələri, Qabartının, Kötəlin bal dadan suları şairlərin sazının, sözünün qüdrətilə dillərdə dastan olurdu.


“Var olsun Qarabağ, əcəb səfadır:
Başa Xaçın axar, ayağa Qarqar”.
Bir zamanlar Dədə Ələsgərin vəsf etdiyi ana yurdumuz çal-çağırdan, toy-büsatdan uzaq düşmüşdü. Didərginləri sinəsindən köç edəndən bəri gülləri solub-saralan yurdumuzun göyərən talaları, düzləri indi lalədən don geyinib.


Bu gün azad olan doğma torpaqlarımızda gedən qızğın quruculuq işləri Qarabağımızın tezliklə çiçəklənməsinə inamdır. Tez bir zamanda bu qədər işlərin görülməsi böyük vüsətin sübutudur.
İndi Qarabağ təkcə Qarabağ deyil,  Azərbaycandır. Möhtərəm Prezidentimizin "Qarabağ Azərbaycandır" 

—  ifadəsi xalqımızın hər bir vətəndaşının dilində qürurla səslənir.
Möcüzəli İstisuyu, dillər əzbəri İsa bulağı, xan çinarları, tarixlər şahidi abidələri, möhtəşəm qalaları , bar-bəhrəli çölləri, düzləri Qarabağın şan-şöhrəti olub. İllərin həsrətindən sonra doğma Qarabağ çal-çağırına qovuşub. "Könlüm keçir Qarabağdan " festival- müsabiqələrinin hər bir məkanda keçirilməsi yaralara su səpir, məlhəm olur.
Yenə Şuşa çal-çağıra meydan olacaq. Xarıbülbül çəmənlərə sancılacaq bayraq kimi. Üçrəngli bayrağımız Qarabağ səmalarını bəzəyəcək daima.
Şair Məmməd Aslan sözlə naxış vurub doğma yurda:

Tərtər Şəmşir sazıdır,
Bulaq mənim cürəmdir.
Dəlidağ özü boyda
Kəkotumdur, zirəmdir.
Bu dağlar xan Əslidir,
Məmməd yanıq Kərəmdir.

Kərəm kimi yana -yana yurddan didərgin düşən köçkünləri köç edəndən bu yurdda çiçəklər, qızılgüllər açmadı, qartallar uçmadı, bülbüllər ötmədi, bənövşələr, nərgizlər baş qaldırmadı. Bağrıqan ana torpaq düşmənə gül bitirməzdi axı. Neçə illərdir "Gülü yarpıza dönmüşdü” Qarabağın, sona bülbülləri susdu, kəklikləri, turacları pərən-pərən oldu. Bir zamanlar Səməd Vurğun Dədə Şəmşirə müraciətində belə deyirdi:
“Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni”.


İndi kəklikli daşları soraqlayırıq, gedəndən-gələndən xəbər alırıq. İndi çal-çağırlı Qarabağda güllər açır, çiçək-çiçəyi çağırır. Xarıbülbüllər bir-birinə boy verir. İgidlərin addım səsindən diksinib oyanan mürgülü bənövşələr, nərgizlər gözlərini geniş açaraq igidlərimizi, qəhrəman oğullarımızı salamlayır.
Aşıq Valehi, Aşıq Şəmşiri ərsəyə gətirən, Ağabəyim Ağa, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Aşıq Pəri... neçə-neçə dahi şəxsiyyətləri xalqımıza bəxş edən Qarabağ qürurumuz, iftixarımızdır.
Qarabağ dünyaya neçə-neçə adlı-sanlı şəxsiyyətlər yetirib. Xudu Məmmədov, Rafiq Əliyev, Mehdi Mehdizadə, Şükufə Mirzəyeva, Ədilə Namazova kimi alimləri yetirən bu diyar öz şəxsiyyətləri ilə dünyada tanınıb. Üzeyir yaradıcılığına ilham mənbəyi olan Qarabağın gözəlliyi xanəndələrin səsində, rəssamların sənətində, nənələrin min naxışlı ilmələrində ifadə olunub. Böyük alim Xudu Məmmədovun bayatısında dediyi kimi:


Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.


Qarabağ diyarı təbiətin ən gözəl şah əsəridir. Yenə də Qarabağımız gözəlləşəcək. Ayaq dəyməyən yuxulu yolların , bənövşəli kolların, mürgülü nərgizlərin, bənövşələrin gözləri açılacaq. Yemlikli talalar, qulançarlı bağlar, novruzgülülü təpələr gözəlliyi ilə göz oxşayacaq. Min naxışlı çəmənlərdə min bir çiçək bitəcək ana yurdun yaxasında.

Görkəmli şair Məmməd Aslan Qarabağın füsunkar gözəlliyini belə vəsf etmişdir:
Yönəldim bulağa bir udum içim,
Yamac fərşə dönüb, gül əlçim-əlçim.
Mən necə tapdayım, mən necə keçim,
Min naxış pozular izimdən mənim.

... İllərdir görmədiyim, lakin ən çox sevdiyim, gözəlliyinə heyran olduğum, Qarabağda bitən gözəl çiçək — novruzgülü də otuz illik həsrətli xəyalımdadır. Ömrümün 60 ilinin tən yarısını keçirdiyim ana yurdum, hər qarışından, bir qarışqa cığırından ötrü belə burnumuzun ucu göynəyən Qarabağ! Səndə nələr vardı,  nələr yoxdu! Gözümüzün önündə daim canlanan bir qarışı belə möcüzə idi Qarabağımızın. Hər qarışı min nemətli idi. Xınalı daşları, kəklikli yamacları, laləli düzləri, şiş qayaları,  qarlı zirvələri, barlı bağları,  meşələri göz oxşayırdı. Ana yurdumuzun belə guşələri çoxdur, saysız-hesabsızdır. Bunu yalnız qucağından köç edən didərginlər bilir.

Qarabağ deyəndə təkcə səfalı yaylaqlar, buz bulaqlar yada düşmür. Şəhid analarının göz yaşıdır Qarabağ! Onların məğrur duruşudur. İgidlərin haqq savaşıdır. Ana yurdun üzük qaşıdır. Bu gün şəhid ailələrini birləşdirən təkcə dərd deyil, qürur, mətanət, iftixar hissidir. Qarabağ Azərbaycanın hər guşəsindən olan igidlərin, şəhidlərin uğrunda canını fəda etdikləri müqəddəs məkan, and yerimizdir.
 Qarabağ dərdi mənim üçün də təkcə vətən həsrəti deyildi. Məzarları belə olmayan şəhid doğmalarımın, oğlu ilə birgə şəhid olan əmimin nisgili idi Qarabağ. Əziz şagirdlərim Müşür, Eldar, Vüqar, müəllim yoldaşım Məmməd Zeynalovun və neçə-neçə şəhidlərimizin itkisi bir müəllim kimi mənim üçün ağır idi. Otuz il boyu onların qisasının alınacağı günü səbirsizliklə gözləmişik.

 44 günlük müharibədə igidlərimiz onların qisasını aldı. Zəfər döyüşündə qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu önündə baş əyirik. Bu möhtəşəm qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Əziz şagirdim Elmir, doğmalarım Elçin, Nicat, Orxan və Xarıbülbül misallı bütün şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi  qəlbimizdə əbədi yaşayacaq.


İndi binası qoyulan, inşasına başlanılan Qarabağın bərpa və quruculuğunun vüsəti yaxın gələcəkdə əvvəlkindən də təmtəraqlı Qarabağı gözümüz önündə canlandırır. Abad və yaraşıqlı şəhərlər, yaşayış məskənləri, yollar, abidələr, muzeylər, məktəblər,  parklar, meşələr tezliklə göz oxşayacaq. Əli bulağı, İsa bulağı, Diri baba ocaqlarında qurbanlar kəsiləcək, hər daşına izi dəyən, qanı hopan igid şəhidlərinə ehsanlar veriləcək. Şəhidlik zirvəsinə ucalan, əbədiyyətə qovuşan hər bir igid şəhidin adı təkcə küçə və meydanlarda deyil, 

Ürəklərdə əbədiləşəcək.
Şair çox gözəl deyib :
Mən hələ varam, Vətən...
Gəlləm, təbibin ollam,

Sağalar yaran, Vətən!
Azərbaycanın mərd oğulları var olduqca Vətənimiz var olacaq. Müstəqilliyimizi əbədi edən oğullara eşq olsun! 

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Quliyeva Azadə Əliağa qızı

33 saylı Ağdam  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

2 1

Şərhlər

Oxşar xəbərlər