Nadir İsrafilov: ”Müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini qorumaq üçün daim hazırlıqlı olmalıdır...
16-04-2023, 16:30
1 643

Nadir İsrafilov: ”Müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini qorumaq üçün daim hazırlıqlı olmalıdır...

TehsilForumu.Az -  Müəllimin peşə fəaliyyətinə daha obyektiv qiyməti sertifikasiya komissiyasından çox valideyn, şagird, işlədiyi kollektiv, ətraf mühit verir.
Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Heç də əbəs yerə deyil ki, Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, onun nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.
Məhz bu baxımdan da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir. Sertifikasiya bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir və əsas məqsədi kimlərisə işdən azad etmək yox, ümumilikdə müəllimləri daim inkişafda saxlamaqdır. Buna görə də sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır.
Bu mənada, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər məyus olmamalı, 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək üçün öz üzərlərində işləməli, sertifikasiyadan uğurla keçənlər isə məsuliyəti azaldıb, özlərində 5 illik bir arxayınçılıq hiss etməməlidirlər. Müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə, müqəddəs və şərəfli hesab etdiyimiz müəllim adına görə daim hazırlıqlı olmalıdır. Əsas nəzarətçi müəllimi sertifikasiyaya cəlb edən deyil, onun müqəddəs müəllimlik adıdır . Müəllimin savadına, bacarıq və qabiliyyətinə, hörmət və nüfuz sahibi olmasına əsas qiyməti sertifikasiya komissiyasından daha çox valideyn, şagird, onun işlədiyi kollektiv, ətraf mühit verir. Müəllimin ən böyük uğuru öz yetirmələrinin ona, onun öz yetirmələrinə olan sevgisidir. Əzbərçilik edib, sertifikasiyadan keçmək, hələ tam peşəkar və nüfuz sahibi olmaq demək deyil. Qaşıdakı 5 ildə sayıqlığı və səriştəni itirmək, bəri başdan peşəkarlığı və nüfuzu itirmək deməkdir…
Bununla belə, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, rəsmi statistikaya görə hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimin narahatçılığı və nigarançılığı da hardasa başa düşüləndir. Mən hələ Diaqnostik qiymətləndirmə prosesinin gedişində demişdim ki, bəs, bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək? Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək…? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər də daxil olsun.
Məqsədim heç də mütamadi olaraq dəyişikliklərə məruz qalan qaydalardakı boşluqlara və rəsmi açıqlamalarda olan ziddiyyətlərə diqqəti cəlb etmək deyildi. Bu gün müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin sertifikasiya qaydalarına müvafiq icra edildiyi halda yerlərdə müəllimlərin dərs yükünün bölüşdürülməsi zamanı mövcud qaydlarda nəzərdə tutulan digər tələblərlə yanaşı dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyi də nəzərə alınmasına, nəhayət ki, bu məsələyə də bir aydınlıq gətirilməsinə yönəltmək idi. Hesab edirdim ki, bir stavkanın 3/1-i ilə işləyən müəllimlərin intizarına və iztirabına son qoyulmalı, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimləriin taleyinə nəhayət aydınlıq gətirilməlidir.
Nəhayət, buna da aydınlıq gətirildi. Nazirliyin son rəsmi açıqlamasına görə “Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar. Nazirin də etiraf etdiyi kimi “İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".
Deməyim odur ki, sertifikasiya müəllimin peşə yararlılığını tam üzə çıxarmasa da, onu daim inkişafda saxlamaq, bunun üçün öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılması üçün bir zərurətdir. Müəllim sertifikasiya imtahanına görə yox, bu adın müqəddəsliyini qorumaq üçün daim hazırlıqlı olmalıdır. Yalnız bu halda sertifikasiya proseduru müəllimlər üşün diskomfortla müşayət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilə bilər...

0 0

Şərhlər

Oxşar xəbərlər