Nadir Israfilov: “Müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə daim hazırlıqlı olmalıdır.”
17-03-2023, 15:10
962

Nadir Israfilov: “Müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə daim hazırlıqlı olmalıdır.”

TehsilForumu.Az - Əsas nəzarətçi müəllimi sertifikasiyaya cəlb edən deyil, onun müəllimlik şərəfidir.
      Mən təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını itirməsinin.ən başlıca səbəblərdən biri tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Halbuki, müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.Heç də əbəs yerə deyil ki, bir çox görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, əsl müəllimi günəşə, bağbana, mühəndisə, biliksiz müəllimi isə işıqsız lampaya, susuz bulağa bənzətmişlər.
Əgər desək ki, son illər təhsil siyasəti sahəsində aparılan mühüm istiqamətlərdən biri də məhz müəllimlərin sosial rifahının yaxşılaşdırılmasıdır – yanılmarıq. Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. “Strategiya”ya müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər davam etdirilməkdədir.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçirilən tədbirlərdən biridir və əsas məqsədi müəllimləri daim inkişafda saxlamaq olan, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən keçirilməsinə ötən ildən start verilən sertifikasiya prosesinə də məhz, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini , onların ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, pedaqoji işçilərin əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır. Bu məsələ həm də 2030-cu ilədək BMT-nin əsas hədəflərindən olan IV Davamlı İnkişaf Məqsədlərinə ( Keyfiyyətli təhsil) nail olunmasını nəzərdə tutur ki, məqsəd yaxın 10 il ərzində ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir.
Bu mənada, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər məyus olmamalı, 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək üçün öz üzərlərində işləməli, sertifikasiyadan uğurla keçənlər isə məsuliyəti azaldıb, özlərində 5 illik bir arxayınçılıq hiss etməməlidirlər. Müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə, müqəddəs və şərəfli hesab etdiyimiz müəllim adına görə daim hazırlıqlı olmalıdır. Əsas nəzarətçi müəllimi sertifikasiyaya cəlb edən deyil, onun müəllimlik şərəfidir. Müəllimin savadına, bacarıq və qabiliyyətinə, hörmət və nüfuz sahibi olmasına əsas qiyməti sertifikasiya komissiyasından daha çox valideyn, şagird, onun işlədiyi kollektiv, ətraf mühit verir. Müəllimin ən böyük uğuru öz yetirmələrinin ona, onun öz yetirmələrinə olan sevgisidir. Hər bir müəllim, Lev Tolstoyun belə bir müdrik kəlamını unutmamalıdır ki, “Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.” Sertifikasiyadan keçmək, hələ tam peşəkar və nüfuz sahibi olmaq demək deyil. Qaşıdakı 5 ildə sayıqlığı və səriştəni itirmək, bəri başdan peşəkarlığı və nüfuzu itirmək deməkdir…

0 0

Şərhlər

Oxşar xəbərlər